Orxan Əli
Hələ 20 il əvvəl doğma yurd-yuvamızdan qaçqın düşəndə məskunlaşdığımız pioner lagerinin həyətində rəhmətlik babam ağac əkmək istəsə də, nənəm qoymurdu ki, kəndimizə qayıdırıq. Təxminən 5 il bu sözü dedi. 5 ildən sonra yavaş-yavaş alışmağa başladı. Düşərgənin həyətində kəndimizdən yadigar bir nanə ləki var idi. Nənəm bu nanənin toxumunu kənddən gətirmişdi. İndi burda əkmişdi və sanki illərlə yaşadığı kəndin ətrini ondan alırdı.
Bir neçə gün öncə jurnalistlərlə birgə Dağlı Qarabağa gedəcəyimi biləndə çox sevindim. Evdə də dedim. Hərə bir şey tapşırdı. Atam daş istədi, qohumlar torpaq...
Bir dostum isə dönə-dönə təkid elədi ki, Qarabağ torpağından ona bir dənə də olsa gül gətirim. Soruşanda maraqlı bir cavab verdi. “Bunu oğluma verəcəyəm. Məktəbdə sevdiyi qıza hədiyyə edəcək”.
Bu hadisələrin fonunda bir anlıq xəyala daldım. Biz nə vaxta qədər öz torpağımızın gül-çiçəyinə həsrət qalacağıq? Nə vaxta qədər Qarabağ torpağını cibimizdə gətirib qoxusunu alıb bundan təsəlli tapacağıq?
Görəsən biz bu torpaqları niyə itirmişik? Həmişə bu sualı verəndə rəhmətlik Çingiz Mustafayevin bir cümləsi yadıma düşür. “Ay qardaş bu torpaq, bu insana lazım deyil. Qubadlıyacan bütün yolu qışqıra-qışqıra getdim, bir nəfər binamus geri qayıtmadı”. İndi düşünürəm, doğurdanmı Qarabağ bizə lazım deyildi? Bəlkə Qarabağın qədrini bilməyimiz üçün elə onu itirməliydik? Çünki insan itirəndən sonra bir şeyin qədrini bilir.
Artıq Qarabağı itirmişik. Mən axırıncı dəfə o yerlərdən çıxanda cəmi 7 yaşım vardı. Düz 20 ildən sonra yenə Qarabağa gedəndə ürəyimdən bircə hiss keçirdi. Nə olardı bircə, kəndimizə də gedə biləydim. Amma nə fayda, bu sadəcə bir arzudur hələlik.
Bu dəfə Qarabağdan gül gətirdim. Amma Qarabağda itirdiyimiz gül kimi qız-gəlinlərimiz bu gün də erməninin əsiridir. Bu gün ermənilər həmin qız-gəlinlərin başına min oyun gətirib, dünyaya gətirdikləri övladlardan ibarət legion yaradır ki, öz millətinə qarşı savaşdırsın.
Amma, ancaq və lakin... Səfərdən qayıdandan sonra QAT sədri Akif Nağının sərt ittihamları ilə də qarşılaşdıq. Hamımız öz vətənimizə getdiyimizə görə sən demə vətən xaini olmuşduq. Nə isə Akif Nağını da qınamıram, onun da işi bəyanat verməkdir. Nə qədər çox bəyanat olsa, illik hesabat da o qədər çox görünəcək. Əsas odur ki, bizi müharibəyə bəyanatla çağırır.
P.S. Xocavənddə olanda Beyləqanın icra başçısı, keçmiş kənd təsərrüfatı naziri İrşad Əliyev orda idi. İrşad müəllimlə söhbət zamanı bir söz dedi. “Biz itirilmiş torpaqları sülh yolu ilə ala bilsək, çox yaxşı olardı. Erməniləri düz 100 il dala atardıq. Amma müharibə yolu ilə də ala bilərik. O zaman torpaqları qazanarıq, amma erməniləri daha da qabağa getməyə təşviq edərik”. Məncə maraqlı məntiqdir, düşünməyə dəyər...