Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır. Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.
Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi. Quba hadisəsi bir daha göstərdi ki, bəlkə də icra başçısı kənardan gətirilən şəxs olmasaydı, qubalıların öz arasından çıxan kadr olsaydı, bu hadisə də baş verməzdi. Ola bilər səhv düşüncədi...
Qubadan qovulan sabiq icra başçısı Rauf Həbibov da əslən oradan deyildi, o, 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Qubalılar deyirlər ki, Həbibovun onların problemlərinə can yandırmaması bir yana, təhqirlərə yol verməsinə dözə bilmədilər. Regionlarda yaşayanların 80 faizi belə düşünür ki, icra başçısı o rayonda doğulan, camaat arasından çıxan, əsli-kökü oralı şəxs olmalıdır. Hər halda yerlərdə belə düşünürlər.
Maraqlıdır, Azərbaycanda hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?
Modern.az-ın əməkdaşı Rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa çalışıb. Ötən günlərdə 10 rayonun İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq. Beləliklə, daha 5 rayonun icra başçısı ilə bağlı təqdimata baxaq.
Nazir qardaşı olan icra başçısı
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun tərcümeyi-halından görünür ki, o, əslən şirvanlıdır.
Camalov Mərdan Talıb oğlu 1956-cı ildə keçmiş Əli-Bayramlı- indiki Şirvan - şəhərində anadan olub. Azərbaycan Dövlət Pedoqoji İnstitutunda müəllim peşəsinə, Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunda isə iqtisadçı ixtisasına yiyələnib. 1978-ci ildən 1981-ci ilə qədər 8 illik Ağacanlı kənd məktəbində müəllim işləyib. 21.08.1981-ci ildən 04.01.1982-ci ilədək Əli Bayramlı şəhər Süni Dəri zavodunda 5-ci dərəcəli çilingər kimi çalışıb. 04.01.1982-ci ildən 06.09.1983-cü ilə qədər Əli Bayramlı şəhər Süni Dəri zavodunun Texniki Kontor şöbəsində usta işləyib. 06.09.1983-cü ildən 07.01.1985-ci ilədək Əli Bayramlıda yerləşən həmin zavodun növbə ustası, 17.01.1985-ci ildən 17.12.1986-ci ilə qədər sex rəisi, 17.12.1986-cı ildən 05.03.1987-ci ilədək böyük usta, 05.03.1987-ci ildən 02.09.1988-ci ilədək sex rəisi 22.09.1988-ci ildən 11.04.1989-cu ilə qədər Əli Bayramlı Texniki Təchizat şöbəsinin rəis vəzifələrində işləyib. 01.11.1989-cu ildən 18.06.1990-ci ilədək Köçürmə yolu ilə Azərittifaqın Əli Bayramlı Şəhər İstehlak Cəmiyyətində rəis, 18.06.1990-cı ildən 17.03.1993-cü ilə qədər isə Şəhər İstehlak Cəmiyyətinin sədri olub.
17.03.1993-cü ildən 25.05.1993-cü ilədək Köçürmə yolu ilə Azərittifaqın baş ticarət və İctimai İaşə idarəetməsinin rəisi olub. 25.03.1993-cü ildən 01.03.1995-ə qədər Azərkooperativ Məişət ticarət kontorunun Bakı universal bazasının direktoru, 01.03.1995-ci ildən 08.01.1996-cı ilədək isə Quruda Neft və Qazçıxarma İstehsalat Birliyinin maddi texniki təchizatı idarəsində rəis işləyib.
18 aprel 2005-ci ildən Prezidentin 756 saylı sərəncamı ilə Əli Bayramlı - Şirvan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mərdan Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. Şirvanlıların bəziləri M.Camalovun fəaliyyətindən razılıq edir. Amma bu razılığı hamının dilindən eşitmək olarmı? Bax bunu demək çətindir. Çünki deyilənə görə narazılar da az deyil...
Gədəbəyin gədəbəyli icra başçısı
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə əslən elə gədəbəylidir.
Rzazadə Kamran Qədimalı oğlu 20 oktyabr 1951-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Orta məktəbi də elə burada bitirib. 1970-1972-ci ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 1972-ci ildə doğulduğu Novoivanovka kəndinə qayıdıb və orada Puşkin adına sovxozda əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə Şimali Osetiyada Orconikidze (hazırda Vladiqafqaz) şəhərində Qorsk Kənd Təsərrüfatı İnstitutunun Aqronomiya fakültəsinə daxil olub, 1978-ci ildə həmin institutu bitirərək aqronom ixtisasına yiyələnib. 1988-ci ildə Bakı Ali partiya məktəbini politoloq ixtisası üzrə, 2001-ci ildə isə Ali Diplomatiya Kollecinin Hüquq fakültəsini bitirib, hüquqşünas ixtisası alıb.
1978-ci ildə Puşkin adına sovxozda baş iqtisadçı, komsomolçu gənclər briqadasının briqadiri işləyib. 1978-ci ildə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinə Təşkilat işləri şöbəsinin təlimatçısı vəzifəsinə təyin olunub. 1979-cu ilin aprel ayında Gədəbəy rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. 1981-ci ilin aprel ayında Gədəbəy rayon Xalq Nəzarəti Komitəsinin sədri seçilib. 1987-ci ildə Gədəbəy rayonunun «Krasnı Oktyabr» toxumçuluq sovxozunun direktoru təyin edilib. 1989-cu ildə Gədəbəy rayon Aqrar Sənaye Birliyinin rəisi təyin edilib. 1990-cı ildə Gədəbəy rayon Xalq Deputatları Soveti sədrinin müavini seçilib.
1996-cı ildə Gədəbəy rayon Torpaq Şöbəsinin müdiri təyin edilib. 1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nəzdində Dövlət Əmək Müfəttişliyinin Şəmkir bölgəsi üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci ilin fevral ayından aprel 2005-ci ilə qədər Gədəbəy rayon ƏSMM-nin direktoru olub.
11 aprel 2005-ci il tarixində Prezidentin sərəncamı ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 1993-cü ildən YAP-ın üzvüdür. YAP Gədəbəy rayon təşkilatının yaradıcısı olub və 2005-ci ilədək bu təşkilatın sədri olub.
Keçmiş komsomolçu, sovxoz direktoru.., indiki icra başçısı... Görəsən gədəbəylilərə imkan verilsə, 5 ballıq şkala ilə icra başçısınan fəaliyyətinə hansı qiyməti verərlər?
Maraqlı sualdır...
Göyçayda icra başçısı qonşu rayondandır
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov göyçaylı olmasa da, elə bu bölgədəndir, qonşu Ucardan.
Məmmədov Mənsur Həmzə oğlu 1965-ci ildə Ucar rayonunun Qazıqumlax kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirib. 14 dekabr 2007-ci ildən Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Mənsur Məmmədov artıq 4 ildən çoxdur bu rayona rəhbərlik edir. Rayonla mütəmadi əlaqəsi olan göyçaylı jurnalistlər deyirlər ki, icra başçısının əhalinin qeydinə qalması barədə yaxşı bir söz eşitməyiblər. Amma Göyçay rayon İcra Hakimiyyətində deyirlər ki, Mənsur müəllim hər həftənin çərşənbə axşamı saat10.00-da sakinlər üçün qəbul keçirir.
Hər halda bu məsələ ilə bağlı sadə göyçaylıları da dinləməyə dəyər. Soruşmaq olar ki, cənab Məmmədov da bəzi icra başçıları kimi özünü “Göyçayın padşahı” sayır, yoxsa yox?
Goranboy camaatı icra başçısı sarıdan yarıyıblarmı?
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev də yerli kadrdır. Amma deyilənə görə, Goranboy camaatı icra başçısının fəaliyyətinən söz düşəndə “heç yarımadıq” deyirlər. Yəni əslən bu rayonlu olmasına baxmayaraq cənab Məmmədovdan razılıq edən goranboylular çox deyil.
Quliyev Nizaməddin Məhəmməd oğlu 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Sonra Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqdisadiyyatı və Təşkili İnstitutunun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.
N.Məmmədov 1972-ci ildən əmək fəaliyyətinə başlayıb.
Prezidentinin 24 sentyabr 2009-cu il tarixli sərəncamı ilə o, Goranboy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rəsmi məlumata görə, Nizaməddin Məmmədov hər həftənin üçüncü günü saat 15.00-da vətəndaşlar üçün qəbul keçirir. Amma dəqiq deyə bilmərik ki, bu qəbul rəsmi məlumatda qeyd edildiyi kimi baş tutur, ya yox. Görəsən icra bıçısının qəbuluna düşənlərin dərdinə çarə tapılırmı? Yolumuz Goranboya düşəndə gərək bu barədə rayon camaatını əməlli-başlı sorğu-suala çəkək.
O, 6 ildir icra başçısı işləyir
Göygöldə də icra başçısı bu rayonda doğulub boya-başa çatmış şəxsdir. Arif Seyidovun işinə verilən ən düzgün qiyməti Göygöl sakinlərinin dilində eşitmək olar
Seyidov Arif Akif oğlu 29 iyun 1957-ci ildə Göygöl (keçmiş Xanlar) şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində oxutub. Arif müəllim də bəzi icra başçıları kimi sonradan ikinci ali təhsil alıb, hüquqşünas ixtisasına yiyələnib. O, Gürcüstan Dövlət Aqrar Universitetinin Hüquq fakültəsini bitirib. Görünür bir çox icra başçıları kimi Arif Seyidov da hüquqşünas olmağı prestij sayanlardandır.
Bəs Göygöldə vətəndaşların hüquqları nə dərəcədə qorunur, qanunların pozulması hallarına çoxmu rast gəlinir?
Qeyd edək ki, A.Seyidov düz 6 ildir bu rayona rəhbərlik edir. Prezidentin 23.02.2006-cı il tarixli 1332 nömrəli sərəncamı ilə A.Seyidov Göygöl rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Modern.az