Vüqar Bayramov: “Əmanətlərin qaytarılması üçün mövcud maliyyə və texniki problemləri qısa zamanda həll etmək mümkündür”
Əhalinin SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılmasına 2012-2013-cü illərdə başlanacaq. Bu barədə Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişində nəzərdə tutulub. Nazirlər Kabinetindən verilən məlumata görə, sazişin «Sosial müdafiənin gücləndirilməsi istiqamətləri» hissəsində sənədi imzalayan tərəflərin sovet dövründən dondurulmuş əmanətlərin əhaliyə qaytarılması zamanı ilk növbədə ahıl və yaşlı insanların əmanətlərinin qaytarılmasını təmin etmələri qeyd edilib.
Xatırladaq ki, hökumət 1991-ci ildən əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı öhdəlik götürüb. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib. Nəzərə çatdıraq ki, cari ilin büdcəsindən əmanətlərin qaytarılmasına vəsait ayrılmayıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, əmanətlərin qaytarılmasına başlanılması üçün may ayında büdcəyə əlavə və dəyişikliklərin olunmasına ehtiyac var:
“Büdcəyə dəyişikliklər zamanı əmanətlərin qaytarılması üçün xərc maddəsi nəzərdə tutulmalıdır. Büdcəyə dəyişikliklər edilməzsə, prosesi həyata keçirmək mümkün olmayacaq.”
Ekspertin sözlərinə görə, əmanətlərin qaytarılması prosesində bir neçə mühüm məqama da diqqət yetirilməlidir:
“Bir sıra əmanətlər üzrə arxiv materialları məhv olub. Bunun da əsas səbəbi həmin arxiv materiallarının işğal altındakı ərazilərdə qalmasındadır. Həmin ərazilərdə fəaliyyət göstərən əmanət banklarına yerləşdirilmiş əmanətlərin tam məbləği haqqında informasiya yoxdur. Bunun da nəticəsində prosesə başlanıldığı halda məcburi köçkünlərə ödəniləcək vəsaitlərin hesablanması yönündə ciddi problemlər yaşanacaq. Vəziyyətdən yeganə çıxış yolu məcburi köçkünlərin hər biri üçün standart məbləğin müəyyən edilməsidir. Problemin başqa tərəfi əmanətlərin qaytarılmasına başlanılacağı halda sovet dövründə Azərbaycanda yaşamış, hal hazırda işğal edilmiş ərazilərdə yaşayan və eləcə də burdan Ermənistana köçən ermənilərin öz əmanətlərini geri tələb etməsi ehtimalıdır. Belə halda onlara vəsaitlərin ödənilməsi kifayət qədər problematikdir. Çünki onların Bakı şəhərinə gəlib əmanətlərini almaları texniki baxımdan mümkün deyil”.
Mütəxəssisin sözlərində görə, sovet dövründə çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları yoxdur: “Saxta əmək kitabçalarının hazırlana bilər. Analoji hala Ukraynada tez-tez rast gəlindiyi üçün bu ölkədə əmanətlərin qaytarılması ilə bağlı proses 5 dəfə təxirə salınıb. Hesab edirik ki, təhlükəsizlik kodlarının olmamasına baxmayaraq əmanət arxivinin elektronlaşdırılması vasitəsi ilə bu problemi həll etmək mümkündür. Xatırladım ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi bu kimi əngəllərin həlli isitiqmətində bir sıra təkliflər irəli sürüb. Hansıki həmin təkliflərə arxivlərin elektronlaşdırılması və bununla da saxta əmanət kitabçaları probleminin həllinə nail olunması daxildir. Əmanətlərin qaytarılması istiqamətində ənənəvi problemlərdən qaçmaq üçün prosesi mərhələli şəkildə həyata keçirmək lazımdır. Mərhələlər etnik ermənilərin əmanətlərini tələb etməsi və məcburi köçkünlərin əmanətlərinin qaytarılması ilə bağlı problemləri həll etməyə imkan verəcək”.
İqtisadçı əmanətlərin qaytarılması ilə bağlı hüquqi bazanın olmasını da vacib sayır: “Baza formalaşmadan əmanətlərin qaytarılmasını həyata keçirmək mümkün deyil. Qanun layihəsi daha çox əmanətlərin qaytarılması metodlarını müəyyənləşdirməlidir. Sovet dövründə banklara əmanətlərin rubl formasında yerləşdirildiyini nəzərə alsaq, o baxımdan əmanətlərin manata necə indeksasiyası məsələsi layihədə əksini tapmalıdır”.
Əmanətlərin indeksasiya sisteminə toxunan Vüqar Bayramov bildirib ki, belə bir sistem 2009-cu ildə İSİM ekspertləri tərəfindən hazırlanıb: “Azərbaycanda sovet dövrü əmanət bankına yatrılan əmanətlərin strukturu onların indeksləşdirilməsi asanlaşdırır. Əmanətlərin 70 faizə qədəri 2000 rubladək olan əmanətlərdir. Dəyəri 10 000 rubldan çox olanların xüsusi çəkisi isə 10 faizdən azdır. Belə olan halda isə sitər sosial ədalət, istərsə də əmanətçilərin hüquqlarının qorunması baxımından ilk 1000 rubladək olan əmanətlərin indeksləşdirmədə rubl/manat asılılığının böyük olmaması əsas şərtlərdəndir. Çünki əks halda əhalinin az həcmdə əmanətlərinə sahib olan hissəsinin prosesdən faydalanmaq imkanları məhdudlaşacaq. Biz hər 1000 rubladək olan əmanətlərdə 2 rubla 1 manat ödənilməsini, əmanətin 1001-2000 hissəsində 4 rubl 1 manat, 2001-5000 rubl arasında hər 6 rubla 1 manat, 5001-10000 arasında hər 8 rubla 1 manat və nəhayət 10001 rubldan artıq olan əmanətlərdə 10 rubla 1 manat ödənilməsini təklif edirik. Bu sistemlə əmanətləri 3 il müddətinə qaytarmaq mümkündür. İlkin olaraq 1940-cı ilədək anadan olanlar, şəhid ailələri, əlillər, qaçqın və məcburi köçkünlərin əmanətlərin qaytarılmasına başlamaq olar. Sovet dövründə əmanət banklarına qoyulan əmanətlərin interval şəkildə əhaliyə qaytarılması kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla əhalinin az əmanətə malik olan hissəsinin prosesdən faydalanmasını təmin etmək olar. Vahid dərəcələrin təyin edilməsi isə ilk minliyə sahib olanların hüquqlarının qorunmasına gətirib çıxarar”.
İSİM rəhbəri deyib ki, prosesin ən ciddi tərəfi, ödənişlərin hansı formada aparılmasıdır: “İstər MDB ölkələrinin təcrübəsi, istərsə də Azərbaycanda son illər İstehlak Malları İndeksinin artması əmanətlərin yalnız nağd formada qaytarılmasını mümkünsüz edir. Əmanətlərin nağd şəkildə qaytarılması isə inflyasiyanı daha da gücləndirə bilər və faktiki olaraq bu prosesdən əhalinin daha yaxşı faydalanmaq imkanlarını məhdudlaşdırar. Çünki bu halda əhaliyə əmanətlər şəkilində qaytarılan vəsaitlərin dəyərinin azalmasından söhbət gedir. MDB ölkələrinin xüsusən də Rusiya və Qazaxıstanın təcrübəsi göstərir ki, qaytarılan əmanətləri inflyasiyadan qorumaq mümkündür. Rusiyada Federasiyasında qəbul edilən “Vətəndaşların Əmanətlərinin Bərpası və Qorunması Haqqında” 1995-ci il 24 fevral tarixli Qanunda əmanətlərin yalnız qaytarılması deyil, həmçinin inflyasiyadan qorunması ilə bağlı mexanizmlər göstərilmişdi. Məsələ ondadır ki, əmanət formasında qaytarılan pulların “kağıza” çevrilməməsi yalnız Azərbaycan üçün deyil, bu prosesi keçən bütün MDB ölkələri üçün spesifik sayılmalıdır. Qazaxıstanda qəbul ediləm oxşar qanunda əmanət banklarına sovet dövrü qoyulmuş vəsaitləri kompensasiya etmək üçün dövlət istiqrazlarının buraxılışını nəzərdə tutur. Xüsusi dövlət kağızları 1,2 və ya 3 il müddətinə buraxılıb və 3 qrup arasında bölüşdürülüb. Eyni zamanda həmin ödənişlər qruplar üzrə uyğun olaraq 3 mərhələdə aparılıb. Dövlət istiqrazlarına sahib olanlar isə müəyyən müddətdə (Qazaxıstanda 3 ildə) rəsmi müəyyənləşdirdilən faizlə divident əldə ediblər. İnflyasiyadan qaçmağı başqa yolu isə əmanətlərin qaytarılması həyata keçirilən maliyyə illərində dövlət xərclərinin payının azaldılmasıdır. Bu metod da bir sıra MDB ölkələrində tətbiq edilmişdir. Bu zaman dövlət xərclərinin azaldılması dövriyyədəki vəsaitlərin həcminin balanslaşdırır və bununla da istehlak malları indeksinin artmasının qarşısını almaq mümkün olur”.
Modern.az