Modern.az

Prezident sovet əmanətlərinin verilməsi barədə fərman imzaladı - ŞƏRTLƏR

Prezident sovet əmanətlərinin verilməsi barədə fərman imzaladı - ŞƏRTLƏR

Ölkə

14 Mart 2012, 19:21

Prezident İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Modern.az saytı fərmanı olduğu kimi təqdim edir:

- Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet İttifaqından miras qalmış problemlərdən biri ötən əsrin doxsanıncı illərinin əvvəllərində keçmiş SSRİ məkanında yaşanan iqtisadi və siyasi böhran, milli zəmində törədilmiş iğtişaşlar, İttifaq tərkibində olan respublikaların ayrılması nəticəsində uzun illər ərzində formalaşmış təsərrüfat əlaqələrinin pozulması və bir ictimai-iqtisadi inkişaf modelindən digərinə keçilməsi ilə əlaqədar baş vermiş yüksək inflyasiya səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin kəskin şəkildə ucuzlaşması olmuşdur.

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında saxlanılmış bank əmanətləri ötən dövrlərdə Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilmiş və onlara görə kompensasiyalar verilmiş (1993-1997-ci illərdə), əmanətçilərin bir qismi qeyd olunan kompensasiyanı almış, böyük bir hissəsi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməmiş və keçən müddət ərzində həmin əmanətlərin dəyəri xeyli azalmışdır.
Qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətləri yerləşdirdikləri dövrdə qüvvədə olmuş SSRİ-nin “Banklar və bank fəaliyyəti haqqında” Qanununda və Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti haqqında” 1992-ci il 7 avqust tarixli Qanununda Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmamışdır.
Son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaratmışdır. Bu uğurların əldə edilməsində Azərbaycan Respublikası vətəndaşlarının töhfəsini nəzərə alaraq, Azərbaycan dövləti keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini təklif etmək niyyətini bəyan edir.
Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin.
2. “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. əmanətçilərə fərdi birdəfəlik ödəmələrin (bundan sonra - birdəfəlik ödəmələr) verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır;
3.2. keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi olan “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 15 gün müddətində:
4.1. birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə həmin ödəmələrin verilməsi başa çatanadək fəaliyyətdə olacaq Xüsusi Komissiyanın (bundan sonra – Xüsusi Komissiya) yaradılmasını təmin etsin;
4.2. Xüsusi Komissiyanın fəaliyyət qaydasını təsdiq etsin;
4.3. birdəfəlik ödəmələrin verilməsi və bu ödəmələrin verilməsi işinin təşkil edilməsi üçün dövlət büdcəsindən müvafiq vəsaitlərin ayrılması məsələlərini və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:
5.1. birdəfəlik ödəmələrin dövlət büdcəsindən maliyyələşdirilməsini “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin sifarişləri, habelə Xüsusi Komissiyanın rəyi əsasında həyata keçirsin;
5.2. birdəfəlik ödəmələrin verilməsi zamanı əmanətçilərin müraciətləri ilə bağlı operativ tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində qaynar xətt yaradılmasını təmin etsin;
5.3. birdəfəlik ödəmələrin verilməsi vəziyyətinə dair məlumatların mütəmadi olaraq kütləvi informasiya vasitələrində yerləşdirilməsini təmin etsin.        

***

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları

 
1. Ümumi müddəalar
 
Bu Qaydalar 1992-ci il 1 yanvar tarixinəkeçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankınınəmanətçiləri olan vəhəmin bankın hüquqi varisi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində(bundan sonra – Bank) bu Qaydaların qüvvəyə mindiyi tarixəşəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə,həmin hesabdakı qalıqlar nəzərə alınmaqla,fərdi birdəfəlik ödəmələrin (bundan sonra – birdəfəlik ödəmə)verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir.
 
2. Əsas anlayışlar
 
2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
 
2.1. əmanətçi - 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və ya onların vərəsələri;
2.2. əmanət qalığı - əmanətçilərin1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında şəxsi əmanət hesablarında olan və 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması zamanı hesablaşmalarda müəyyən edilən manatın rubla olan nisbəti (1 Azərbaycan manatı = 10 rubl) və 2006-ci il yanvarın 1-dən həyata keçirilmiş manatın denominasiyası (1 yeni Azərbaycan manatı = 5000 Azərbaycan manatı) nəzərə alınmaqla, bu Qaydaların qüvvəyə mindiyi tarixə Bankda saxladığı pul vəsaitləri;
2.3. əmanət (bank) kitabçası - keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətçiyə şəxsi əmanət hesabının açılmasını və bu hesabda pul vəsaitinin olmasını təsdiq edən sənəd;
2.4. rubl – keçmiş Sovet Sosialist Respublikaları İttifaqında istifadə edilən pul vahidi;
2.5. manat – 2006-cı il 1 yanvar tarixindən Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi işlədilən pul vahidi;
2.6. müvəkkil bank – keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi olan “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti;
2.7. vərəsə - vəfat etmiş (ölmüş) əmanətçinin (miras qoyanın) mülki qanunvericiliklə müəyyən edilmiş qaydada əmlakının (əmanətinin) keçdiyi Azərbaycan Respublikasının vətəndaşları olan şəxslər.
 
3. Birdəfəlik ödəmə, onun hesablanması qaydası və maliyyə mənbəyi
 
3.1. Əmanətçilərə dövlət tərəfindən bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan qaydada hesablanmaqla birdəfəlik ödəmə verilir.
3.2. Birdəfəlik ödəmə, əmanət qalığının məbləğindən asılı olaraq, aşağıdakı cədvəldə müəyyən edilmiş qaydada hesablanır:
 
 
Əmanət qalığı (manat)
 
Hesablanma qaydası
 
 
0,04 manata (2000 rubla) qədər olduqda
 
 
Əmanət qalığının hər bir qəpiyi üçün 75 manat
 
0,04 manatdan 0,1 manata (2000 rubldan 5000 rubla) qədər olduqda
 
300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat
 
0,1 manatdan 0,2 manata (5000 rubldan 10000 rubla) qədər olduqda
600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat
 
0,2 manatdan (10000 rubldan)yuxarı
 
 
1000 manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat
 
4. Birdəfəlik ödəmənin verilməsi qaydası və müddəti
 
4.1. Birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
4.1.1. əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd;
4.1.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
4.1.3. soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
4.1.4. vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı.
4.2. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş sənədləri Banka təqdim edən əmanətçilərin əmanət (bank) kitabçasında olan məlumatlar (bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və əmanət (bank) kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı və həmin məlumatların bank tərəfindən təsdiqi) Bankda olan sənədlərdəki məlumatlarla tutuşdurulur. Tutuşdurma zamanı məlumatlar öz təsdiqini taparsa, əmanətçiyə birdəfəlik ödəmənin verilməsi bu Qaydalara uyğun olaraq Bank tərəfindən həyata keçirilir.
Tutuşdurma zamanı məlumatlarda uyğunsuzluq aşkar edildikdə, əmanətçinin müraciəti əsasında bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiya tərəfindən araşdırma aparılır və müvafiq qərar qəbul edilir.
 
4.3. Əmanət (bank) kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda tutuşdurma aparılır. Tutuşdurma nəticəsində əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bankın təklifi ilə bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçirilir. Əmanət (bank) kitabçasını əvəz edən sənədin formasını Xüsusi Komissiya təsdiq edir.
4.4. Birdəfəlik ödəmə əmanətçinin arzusu ilə nağd qaydada və ya onun digər bank hesabına köçürülməsi yolu ilə verilir.
4.5. Birdəfəlik ödəməni almış əmanətçinin Banka qarşı bütün tələbləri təmin edilmiş hesab olunur və əmanətçinin əmanət qalıqlarıüzrə bank müqaviləsinə həmin məbləği aldığı gündən xitam verilir.
Əmanət qalıqları üzrə Bank əmanəti müqaviləsinə xitam verilməsi birdəfəlik ödəməninverilməsi üçün əsasdır.
4.6. Birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır.
4.7. Birdəfəlik ödəmənin alınması üçün əmanətçilərin müraciət etməsi və həmin ödəmələrin verilməsi müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.

5. Birdəfəlik ödəmənin verilməsi üzrə yaradılmış Xüsusi Komissiyanın fəaliyyəti
5.1. Birdəfəlik ödəmənin verilməsi üzrə yaradılmış Xüsusi Komissiya həmin birdəfəlik ödəmənin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxır və bu işlərə ümumi nəzarəti həyata keçirir. Xüsusi Komissiyanın birdəfəlik ödəmənin verilməsinə dair qəbul etdiyi qərarlar Bank üçün məcburidir. Əmanətçi Xüsusi Komissiyanın qərarından qanunla müəyyən edilmiş qaydadaaidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.
5.2. Xüsusi Komissiyanın işinə aidiyyəti dövlət orqanlarının nümayəndələri cəlb edilir (ezam edilir) və onlar birdəfəlik ödəmələrin verilməsi başa çatanadək müvafiq işlərin həyata keçirilməsinə ödənişli əsaslarla təhkim edilirlər.
5.3. Xüsusi Komissiya birdəfəlik ödəmənin verilməsi vəziyyəti barədə hər növbəti ayın 10-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə aylıq hesabat təqdim edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər