Modern.az

Qubanın yeni icra başçısı Modern.az-a danışdı

Qubanın yeni icra başçısı Modern.az-a danışdı

15 Mart 2012, 22:21

“Mən bu etimada görə, cənab Prezidentə təşəkkür edirəm. Çalışacağam ki, dövlət başçısımızın mənə olan etimadını doğruldam”.

Bu sözləri Modern.az saytına açıqlamasında martın 15-də Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Mübariz Ağayev söyləyib.

Qubada yaranmış vəziyyəti dəyərləndirən yeni icra başçısı daha bu rayonda etirazların olmayacağına əminliyini ifadə edib:

«Narazılıqlar köhnə rəhbərliyə qarşı idi. Artıq o yoxdur və daha heç bir narazılıq gözlənilmir».

Qubalılara münasibətinə gəlincə, M.Ağayev deyib ki, fəaliyyətində insanların etimadını qazanmağı düşünür:
«Mən cənab Prezidentin etimadını doğrultmaqla yanaşı, çalışacağam ki, insanların da etimadını qazanım».

Mübariz Ağayev martın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Mingəçevir şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

Mübariz Alı oğlu Ağayev 1 sentyabr 1953-cü ildə Ucar rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya Institutunu bitirib. İxtisasca texnoloqdur.
1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaişə müəssisəsində mühasib vəzifələrində işləyib.
1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989- cu illlərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995 ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997 -ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə “Göyçay-çörək” ASC idarə heyətinin sədri vəzifələrində çalışıb.
2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
14 dekabr 2007-ci il tarixdən 15 mart 2012-ci ilədək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər