AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
Və yaxud da 7 cildlik «Azərbaycan tarixi» hansı millətin tarixidir?
Hazırda Azərbaycan elminin, xüsusilə tarixşünasılığın qarşısında duran ən aktual məsələlərdən biri obyektiv, elmi və akademik milli tarixin-Azərbaycan türk tarixinin yazılmaması, bir qədər də dəqiqləşdirsək, müstəqil olduğumuz ötən 20 il ərzində yazılmış tarix kitablarında Azərbaycan türk millətinin soykökünə, dilinə, mədəniyyətinə, dini-fəlsəfi dünyagörüşünə və s. tam şəkildə işıq tutulmaması, aydınlaşdırılmamasıdır. Əksinə, bu dövrdə istər orta və ali məktəblər, istərsə də geniş oxucu kütləsi üçün nəzərdə tutularaq «Azərbaycan tarixi» adı altında işıq üzü görmüş mövcud kitablarda bu məsələlər bir qədər də mürəkkəbləşdirilmiş, dalana salınmış, bununla da milli tarix ətrafında xaotik bir vəziyyətə yaranmışdır. Bizə elə gəlir ki, milli tarix ətrafında baş verənləri yalnız hansısa müəlliflərin şəxsi elmi mülahizələri, özəl maraqları və s. hesab etmək doğru deyildir. Şübhəsiz, bütün bunların arxasında bir millətin öz varlığını, milli kimliyini, mədəniyyətini və s. doğru-dürüst dərk etməməsinə yönəlmiş antitürk ideyalar dayanır.
Hər halda, ilk milli «Tarix» kitabının müəllifi Abbasqulu Ağa Bakıxanovdan mövcud 7 cildlik «Azərbaycan tarixi»nə qədər Azərbaycan türklərinin milli tarixinin qələmə alınması prosesinin tam şəkildə həll edilməməsinin əsas səbəbkarları imperiyalar (çar Rusiyası, SSRİ, İran pəhləvi rejimi, İran molla-fars rejimi və b), imperiyanın Azərbaycandakı təmsilçiləri və davamçıları olmuşdur. Onlar hər bir vasitə ilə çalışmışlar ki, Azərbaycan türklərinin ya milli tarixi yazılmasın, ya da yazılmış tarix bu millətin maraqlarını özündə əks etdirməsin. Özəlliklə, SSRİ dönəmində nəşr olunan tarix kitablarının əksəriyyətində Azərbaycan türklərinin tarixi imperiyanın maraqlarına uyğun şəkildə öz əksini tapmışdı. Sovet ideoloqları Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün qondarma müddəalar ortaya atmış və antitürk nəzəriyyələri Azərbaycan xalqının tarixinə calamışlar.
Doğrudur, qismən SSRİ, əsasən də müstəqillik dövründə milli tarixin yazılması istiqamətində Ziya Bünyadov, Yusif Yusifov, Mahmud İsmayılov, Süleyman Əliyarlı, Qiyasəddin Qeybullayev, Tofiq Hacıyev və başqa alimlərimiz çox mühüm işlər görmüş, onların müəlliflikləri ilə «Azərbaycan tarixi» və b. adlı kitablar da işıq üzü görmüşdü. Bu kitablarda göstərilir ki, türklərı Azərbaycanda yerlidirlər; bu baxımdan Azərbaycan türkləri heç bir yad etnosdan (farsdilli, qafqazdilli) «dönmə» deyildir və indi «azərbaycanlı» adlanan türklər həmişə doğma dilində - türk dilində danışmışlar; «Azərbaycan» sözü türklərə aiddir və türk dilində izah olunmalıdır və s. Ancaq bu müəlliflərin mülahizələri AMEA Tarix İnstitutu tərəfindən 1998-2003-cü illərdə akademik şəkildə nəşr olunan 7 cildlik «Azərbaycan tarixi» kitabında öz əksini tapmamışdır. Əksinə 7 cildlik «Azərbaycan tarixi»nin, xüsusilə onun ilk iki cildinin SSRİ dövründə nəşr olunan 3 cildlik «Azərbaycan tarixi» arasında demək olar ki, elə bir ciddi fərq yoxdur.
Qeyd edək ki, 7 cildlik «Azərbaycan tarixi»nin1-ci cildin məsul redaktoru və qədim dövrdə Azərbaycan xalqının etnik mənsubiyyətinə aid yazıların əsas müəllifi akademik İqrar Əliyevdir. Azərbaycan tarixçisindən daha çox İran tarixçisi rolunda çıxış edən (bu mənada 7 cildlik «Azərbaycan tarixi»nin 1-ci və 2-ci cildləri də daha çox «İran tarixi»nin bir hissəsi təəssüratını yaradır) İ.Əliyevə görə, nə Azərbaycanın yerli əhalisi, nə də e.ə. II minilliyin sonu - I minilliyin başlanğıcında, eləcə də e.ə. VIII-VII əsrlərdə axın edən tayfalar türksoylu olmamışlar. Bir sözlə, onun fikrincə çağdaş azərbaycanlılar türk dillərindən birində danışdıqlarına baxmayaraq, onların əcdadları türk deyil, irandilli madalıdır və s.. Guya, bu Azərbaycan xalqının dili də erkən orta əsrlərdə Cənubi Azərbaycan əhalisinin bir hissəsinin danışdığı və ərəb qaynaqlarında «azəri» adlanan İran dilidir. Onun fikrincə, hazırda türk dillərindən birində danışan azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə Hind-Avropa aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla, slavyanlarla və başqa xalqlarla qohumluğa yetirlər. Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də varislərinə çevrilir, irandilli xalqlarla birgə bu zəngin aləmə, eposa, Avestaya, zərdüştilik təliminə və bir çox digər tarixi-mədəni dəyərlərə sahiblik hüququ qazanırlar.
Göründüyü kimi, İ.Əliyev bütün cidd-cəhdlə çağdaş Azərbaycan xalqının etnik kimliyini və dilini məqsədli şəkildə «irandilli», əslində farsdilli xalqlarla bağlamışdır. Maraqlıdır ki, paniranizm ideologiyasına məxsus müddəalarını İ.Əliyev Azərbaycan Respublikasının «Azərbaycan tarixi» adlı fundamental, akademik əsərdə irəli sürmüş və azərbaycanlıları inandırmağa çalışmışdır ki, Azərbaycan xalqı «irandilli» xalqlardan biridir, Azərbaycan mədəniyyəti isə İran mədəniyyətinin bir hissəsidir. Sadəcə olaraq, Azərbaycan xalqının etnik mənşəyi irandilli fars deyil, irandilli madalıdır, yaxud da Azərbaycan xalqının dili irandilli fars dili deyil, irandilli orta mada, yaxud da azəri dilidir, xalqımızın adı da irandilli fars yox, irandilli «Atropatena-Mada xalqı»dır və i.a.
Qeyd edək ki, Azərbaycan xalqının tarixinin saxtalaşdırılması 7 cildlik «Azərbaycan tarixi»nin 1-ci cildində olduğu kimi, ikinci cildində də davam edir. «Azərbaycan tarixi»nin 2-ci cildinin məsul redaktoru, eyni zamanda Azərbaycan xalqının və dilinin formalaşması məsələsində ümumiləşdirmələr aparan akademik Nailə Vəlixanlı bu məsələ ilə bağlı yazır: «Azərbaycan xalqının və Azərbaycan dilinin formalaşması haqqında indi əsasən iki mülahizənin olduğu aydınlaşır: «1) Azərbaycan xalqının etnogenezində yerli (Qafqaz mənşəli) etnoslarla yanaşı, gəlmə (türkdilli və irandilli) etnoslar da iştirak etmiş, tarixən türkdilli etnoslar böyük üstünlük təşkil edərək e. XI-XII əsrlərində türkdilli Azərbaycan xalqının formalaşmasına gətirib çıxartmışdır; 2) Azərbaycan xalqı ta qədimdən bu ərazidə yaşayan yerli türk etnosların və qonşu ölkələrdən gəlib burada məskunlaşmış, türk dilində danışan digər tayfaların qaynayıb-qarışmasından yaranmış, formalaşma prosesində və sonrakı dövrlərdə onun tərkibinə başqa dillərdə danışan ayrı-ayrı etnoslar, xüsusilə farsdilli tayfalar daxil olmuşdur; Azərbaycan türkləri erkən dövrdən türk (prototürk, erkən türk) dilində danışmış və heç bir başqa xalqdan dönməmişdir».
Ümumiyyətlə, akademik bu mülahizələrdən birincinin tərəfdarı olduğunu gizlətmir. Belə ki, N.Vəlixanlı Azərbaycan xalqının etnogenezi və dili, bu xalqın formalaşması ilə bağlı İ.Əliyev, İ.Dyakonov, E.Qrantovski, S.Qaşqay, Q.Melikişvili, F.Məmmədova, S.Qasımova və b.-nın mülahizələrini «ümumi tarixşünaslıqda», «dünya taixşünaslığında» qəbul edilmiş müddəa, «vətəndaşlıq hüququ qazanmış konsepsiya», «tarixşünaslıqda özünə möhkəm yer tutmuş mülahizə»lər kimi qəbul etmişdir. Doğrudur, N.Vəlixanlı ikinci konsepsiyasının tərəfdarlarının fikirlərinin tamamilə əsassız olmadığını da bildirir. Lakin o qeyd edir ki, Y.Yusifov, Q.Qeybullayev, S.Əliyarlı, M.İsmayılov, A.Məmmədov, T.Hacıyev və b. «prototürk», «türk» mülahizələri inanıdırıcı görünsə də, tamamilə sübut edilməmişdir. O hesab edir ki, «meydana çıxan sualları aradan götürmək üçün Azərbaycanda türk etnosunun çox qədimliyini və bəlkə də avtoxtonluğunu sübut etməyə çalışan tədqiqatçılar daha inandırıcı və sanballı dəlillər gətirməli, öz mülahizələrinin doğruluğunu dünya tarixşünaslığında təsdiq etmək üçün yalnız sanballı elmi isbatlara və prinsiplərə əsaslanmalıdırlar». Ümumilikdə, N.Vəlixanlıya görə, «Türk-Azərbaycan» nəzəriyyəsini müdafiə edən tədqiqatçıların irəli sürdükləri mülahizələr, faktlar İ.Əliyev, İ.Dyakonov, Q.Melikişvili, F.Məmmədova və onların başqa həmfikirləri tərəfindən «tarixşünaslıqda artıq özünə elmi vətəndaşlıq hüququ qazanmış konsepsiyanı («Qafqaz-İran» - F.Ə.) tam inkar etmək üçün əsaslı deyil».
Ümumilikdə, N.Vəlixanlının yuxarıda irəli sürdüyü mülahizələrlə bağlı konkret iki məsələdə onunla həmrəy ola bilmərik. Birincisi, N.Vəlixanlı tez-tez qeyd edir ki, qədim dövrdə - e.ə. III-I minilliklərdə Azərbaycanda prototürklərin, türk etnoslarının yaşamaması, kimmer, skif və iskitlərin irandilli olması mülahizəsi «ümumi tarixşünaslıqda qəbul edilmiş», «vətəndaşlıq hüququ qazanmış konsepsiya»dır. Fikrimizcə, burada vacib bir məqam unudulmamalıdır ki, «Qafqaz-İran» konsepsiyası ideoloqlarının bu mülahizəsi, ilk növbədə SSRİ tarixşünaslığında, SSRİ elmində qəbul edilmiş və dünyaya da o vaxt bu cür təqdim edilmişdir. Halbuki, N.Vəlixanlı özü də qismən etiraf edir ki, «Türk-Azərbaycan» konsepsiyasına zidd olan bu mülahizələrin də tamamilə elmi fakt olması sübut edilməmişdir. Sadəcə, bu mülahizələr SSRİ və paniranizm ideologiyasının maraqları çərçivəsində ilk öncə elmi dövriyyəyə buraxılmış və dünya tarixşünaslığında da özünə müəyyən yer tuta bilmişdir. Fikrimizcə, nə SSRİ, nə də hazırkı dövrdə elmi dəlillər baxımından tam sübut edilməmiş mülahizələri, vaxtilə «dünya tarixşünaslığı tərəfindən qəbul edilmiş müddəa» kimi irəli sürüb, müdafiə etməyin arxasında daha çox «Qafqaz-İran» konsepsiyası dayanır. İkincisi, N.Vəlixanlı bildirir ki, «Türk-Azərbaycan» konsepsiyasının tərəfdarları öz mülahizələrini sübut etmək üçün daha ciddi və sanballı dəlillər gətirməlidir. Fikrimizcə, məsələnin bu cür qoyuluşu da doğru deyildir. N.Vəlixanının fikrindən belə çıxır ki, türk kimliyimiz elmi baxımdan sübut edilənə qədər, Azərbaycan xalqının etnik mənsubiyyətini türk saymayan, yaxud sonradan türkləşdiyini iddia edən «Qafqaz-İran» nəzəriyyəsinin ideoloqlarının mülahizələri ilə razılaşmalıyıq. Gözləməliyik ki, Azərbaycandan xaricdəki paniranizm, panrusizm, panermənizm və b. ideoloqlar, o cümlədən «Qafqaz-İran» konsepsiyasının Azərbaycandakı tərəfdarları nə vaxt iddialarından əl çəkib Azərbaycan xalqının etnogenezi və dilinin türk olduğunu qəbul edəcək. Təbii ki, onların tərəfindən bu heç vaxt baş verməyəcək. Əgər bu məsələlərdə söhbət konkret tarixə, elmə hörmətdən və obyektivlikdən gedirsə, birincisi, «Azərbaycan tarixi» kitablarında və müvafiq elmi-kütləvi ədəbiyyatlarda hər iki konsepsiya öz əksini tapmalı, ən azı Azərbaycan xalqının əcdadlarının qədim dövrdə etnik mənsubiyyəti və dili məsələsində, heç olmazsa üstünlük, birmənalı şəkildə «Qafqaz-İran» konsepsiyasına verilməməlidir. İkincisi, ən əsası isə, bir millətin etnik mənşəyi və dili məsələsinin hansısa bir qrup alimlərin, tarixçilərin o cümlədən, özəlliklə Azərbaycan xalqına yad olan tədqiqatçıların (rus, fars, erməni, osetin və b.) mülahizələrinə, fərziyyələrinə uyğun şəkildə «həll edilməsi» qətiyyən doğru deyildir. Digər tərəfdən, bu «problem» millət əsarət altında olduqda ortaya atılıb öz «elmi həlli»ni tapmışdırsa, deməli, bu, birmənalı şəkildə saxta yolla, imperiya maraqlarına uyğun şəkildə baş vermişdir.
Bu baxımdan Azərbaycanın yerli əhalisinin və bu əraziyə köç etmiş tayfaların türk olub-olmamaları ilə bağlı qəti elmi faktların ortaya qoyulmadığı bir halda, heç olmazsa elmi obyektivlik naminə bu fikirdə olan başqa Azərbaycan tarixçilərinin, dilçi-alimlərinin (Z.Bünyadov, Y.Yusifov, S.Əliyarlı, M.İsmayılov, Q.Qeybullayev, T.Hacıyev və b.) və b. mövqelərinə də ciddi şəkildə yer verilməlidir. Fikrimizcə, 2-ci cilddə N.Vəlixanlı tərəfindən «türkçülük» konsepsiyasından çıxış edən tarixçilər, dilçi-alimlər və b. mövqeyi kimi öz əksini tapmış əlüstü fikirləri antitürk konsepsiyasının tərəfdarlarına ciddi cavab kimi qəbul edilə bilməz. Bu baxımdan elmi obyektivliyi gözləməyən bir «Tarix» kitabını hansı adla «Azərbaycan tarixi»i adlandırmaq olar!!! Necə ola bilir ki, bu gün bir dövlətin - Azərbaycan Respublikasının əhalisinin əksəriyyətini təşkil edən türklərin etnik mənsubiyyəti və dili, bir millət kimi formalaşması məsələsi akademik şəkildə nəşr olunan «Azərbaycan tarixi» kitabında asanlıqla saxtalaşdırılır!? Digər tərəfdən, əgər AMEA Tarix İnstitutunun adından nəşr olunan 7 cildlik «Azərbaycan tarixi», doğrudan da, elmi obyektivliyi, tarixi həqiqəti özündə əks etdirirsə, bəs nə üçün, ən azı Azərbaycanın orta məktəbləri üçün nəzərdə tutulmuş «Azərbaycan tarix»i və «Qədim dünya tarixi», ali məktəblərə aid bir çox «Azərbaycan tarixi» və başqalarında bunun tamamilə əksi verilir?! Axı məntiqi olaraq, eyni müddəalar həm orta, həm də ali məktəb dərslklərində və başqa akademik nəşrlərdə də təkrarlanmalıdır!
Yeri gəlmişkən, AMEA Tarix İnstitutu 7 cildlik «Azərbaycan tarixi» üzərində yenidən işləyir. Buna əsas səbəb kimi isə, akademik İqrar Əliyev, Nailə Vəlixanlı və onların fikirdaşlarının mövcud 7 cildlikdə, xüsusilə bir və ikinci cildlərdə Azərbaycan xalqının etnik mənsubiyyəti və dili, bu xalqın formalaşması məsələlərini düzgün şəkildə əks etdirməmələri göstərilir. Bu mənada «Azərbaycan tarix»inin yeni nəşrində, institutun direktoru Yaqub Mahmudov başda olmaqla Azərbaycan türk tarixinə obyektiv yanaşılmasına şübhə etmrik. Ancaq bizə elə gəlir ki, bütün hallarda, qısa bir müstəqillik dövründə «Azərbaycan tarixi»nin akademik şəkildə iki fərqli nəşri ürəkaçan ola bilməz. Bütün hallarda, millətə AMEA Tarix İnstitutunun adından (yerdə qalan «Azərbaycan tarixi» kitablarını nəzərə almasaq) iki fərqli milli «Tarix» təqdim etmək yalnız utancverici bir durum saylı bilməz, eyni zamanda bu, xalqın özünü təsdiqinə, özünü təyininə, ümumiyyətlə milli maraqlarına uyğun gəlmir. Ona görə də, milli «Tarix»i elə yazmaq lazımdır ki, onun birinci ilə üst-üstə düşmyən ikinci, üçüncü və s. nəşrinə ehtiyac qalmasın.