Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır.
Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.
Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi.
Qubadan qovulan sabiq icra başçısı Rauf Həbibov da əslən oradan deyildi, o, 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Qubalılar deyirlər ki, Həbibovun onların problemlərinə can yandırmaması bir yana, təhqirlərə yol verməsinə dözə bilmədilər. Regionlarda yaşayanların 80 faizi belə düşünür ki, icra başçısı o rayonda doğulan, camaat arasından çıxan, əsli-kökü oralı şəxs olmalıdır. Hər halda yerlərdə belə düşünürlər.
Maraqlıdır, Azərbaycanda hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?
Modern.az-ın əməkdaşı rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa çalışıb. Ötən günlərdə 20 rayonun İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq.
Beləliklə, daha 5 rayonun icra başçısı ilə bağlı təqdimata baxaq. Şərhsiz, filansız...
Keçmişin deputat və iş adamı, indinin icra başçısı..
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov İsmayıllıdan xeyli uzaqda doğulub.
Nizami Həsən oğlu Ələkbərov 2 iyun 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1973 -cü ildə Azərbaycan Xalq Təsərrüfatı institutunu bitirib.
1973-cü ildə Şəki ipək istehsalat birliyində mühasib, 1976-cı ildə Birliyin boya tamamlama istehsalatının böyük mühasibi, 1981-ci ildə Şəki rayon icraiyyə komitəsində sədr müavini, 1982-ci ildə Rayon Sovetinin deputatı, Şəki rayon xalq məhkəməsinin xalq iclasçısı, 1983-cü ildə Azərbaycan SSSR Ədliyyə Nazirliyi sistemində kadrlar şöbəsinin rəis müavini, 1986-cı ildə Nazirliyin qanunvericiliyin sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması İdarəsinin baş məsləhətçisi, 1986-cı ildə Bakı şəhəri keçmiş Oktyabr rayon xalq məhkəməsində stajçı, 1987-ci ildən 1993-cü ilə kimi Bakı şəhəri Yasamal rayonunun xalq hakimi, 1993 - 1994 “İmprotex Holdinq Qrup” şirkətinin vitse-prezidenti, 1994 - 1995 “İmair” avia şirkətinin icraçı direktoru, 1995 - 2000 Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2001 - 2006 “İmprotex” şirkətinin vitse-prezidenti kimi vəzifələrdə işləyib.
Prezident İlham Əliyevin 6 sentyabr 2006-cı il tarixli sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yerli kadr
Qax rayonunda isə icra başçısı elə bu ərazidəndir. Musa Şəkiliyev Qaxda doğulub, boya-başa çatəb.
Musa Şaban oğlu Şəkiliyev 23 sentyabr 1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirib. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Musa Şəkiliyev Azərbaycan Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
4-cü rayona rəhbərlik edən icra başçısı
Qobustan rayonu İcra hakimiyyətinin başçısı Adil Məmmədov əslən oğuzludur. Qobustan 4-cü rayondur ki, o, rəhbərlik edir.
Adil Məcnun oğlu Məmmədov 15 aprel 1952-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1975-ci ildə keçmiş Vartaşen (Oğuz) rayon Padar kəndində "Pravda" kolxozunda baytar həkim kimi fəaliyyətə başlayıb. 1981-1988-ci illərdə Oğuz rayonunun Padar kolxozunda sədr müavini, “Lenin” adına kolxozun idarə heyətinin sədri işləyib. 1990-cı ildən 1994-cü ilə kimi Oğuz rayonu aqrokombinatın baş direktoru və Oğuz rayon İcra Hakimiyyətində kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi vəzifəsində çalışıb.
1994-cü ildə Oğuz rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Prezidentin 25 iyul 2002-ci il tarixli, 996 nömrəli sərəncamı ilə Qəbələ rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Ölkə başçısının 26 mart 2004-cü il tarixli, 145 nömrəli sərəncamı ilə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Prezidentin 26 aprel 2011-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. A.Məmmədov YAP-nın yaradılmasında fəal iştirak edib, YAP-nın bütün qurultaylarında iştirak edib.
Qubadlıya qubadlılı kadr rəhbərlik edir
Torpaqları işğal altında olan Qubadlı rayonunun icra başçısı Malik İsaqov əslən elə bu rayondandır.
Malik Xizir oğlu İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1970-ci ildə Hal kənd orta məktəbini bitirib. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunda ali təhsilini başa vurub. Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışıb. 1984-2001-ci illərdə elə həmin zavodun direktoru olub.
2001-ci ildən Qubadlı rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Qusarda da yerli kadr çalışır
Qusar İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Şair Alxasov bu rayondandr.
Şair Balaşərif oğlu Alxasov 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.
18 dekabr 2007-ci ildən Qusar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.
Ardı olacaq...
Modern.az