Aprelin 8-də Kəlbəcər rayonunun ən qədim yaşayış məskənlərindən birinin, Dədə Şəmşirin kəndi Ağdabanın erməni cəlladları tərəfindən yandırılmasının, Ağdaban soyqırımının 20- ci ildönümüdür.
1992- ci ilin aprelin 8-də erməni silahlı birləşmələri Ağdabanı istila edərək kəndi tamamilə yandırıblar. Əliyalın mülki əhaliyə divan tutublar. 32 nəfər vəhşicəsinə qətlə yetirilib, onlarla insansa girov götürüb.
O vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, eyni zamanda nizami ordunun olmaması, özünümüdafiə dəstələrinin silah sarıdan korluq çəkməsi faciənin miqyasının genişlənməsinə səbəb olub.
Diqqətçəkən bir fakt da ondan ibarətdir ki, həmin qanlı qırğına sonralar Ermənistan prezidenti olmuş əslən Dağlıq qarabağlı Robert Köçəryan rəhbərlik edib. Köçəryan bunu Rusiyanın telekanallarında açıqca bildirib.
Ağdabana soxulmaqda ermənilərin əsas niyyəti ay yarım əvvəl törədilmiş Xocalı soyqırımından dünyanın diqqətini yayındırmaq, eyni zamanda Azərbaycanın hərbi gücünün test edilməsi baxımından Şuşanın ələ keçirilməsinə hesablanmış böyük məşq olub.
Maraqlıdır, o vaxtkı Azərbaycan iqtidarının bu soyqırımlarının qarşısını almaq imkanı olubmu və baş verən qətliamdan sonra dövlət tərəfindən hansı tədbirlər görülüb?
Modern.az saytının məlumatına görə, Ağdabanın işğalı günü o zaman Azərbaycana rəhbərlik edən Ali Sovetin sədri Yaqub Məmmmədov Ermənistanın rəhbəri Levon Ter-Petrosyanla dəfələrlə telefon əlaqəsi saxlayıb.
Bunu Yaqub Məmmədova xatırlatdıqda eks-spiker bildiridi ki, həmin gün Aşıq Şəmşirin oğlu Qəmbər Qurbanovu və kəlbəcərli Əvəz Şükürovu qəbul etsə də, nələrin danışıldığını, konkret olaraq hansı tədbirlərin görüldüyünü xatırlamır.
Yaqub Məmmədov “Siz erməni həmkarınızla telefonla nə danışdınız” sualına “Ter-Petrosyana zəng vuraraq həmin silahlı birləşmələrin təcili olaraq kənddən geri çəkilməsini tələb etdim. Həmin dövrdə dəfələrlə Ter-Petrosyanla telefon zənglərimiz olmuşdu və bu müzakirələrdə münaqişənin sülhlə nizamlanması yolları aranmışdı. Həmin dövrdə İranın vasitəçiliyi ilə Tehranda üçtərəfli görüşə hazırlıq görülürdü və buna görə də Ter- Petrosyanla aramızda bir neçə dəfə telefon söhbəti olmuşdu” cavabını verib.
Keçmiş spiker baş verənlərdə ölkə rəhbərliyinin səriştəsizliyi və qırğının qarşısının alınmamasına görə səsləndirilən ittihamları qəbul etmədiyini də bildirdi: “Həmin dövrdə ordu var idi ki, onu harasa səfərbər edəsən... Əlimizdə olan imkanları ağır durumda olan Şuşa ətrafına və Qarabağın digər bölgələrinə yönəltdiyimizdən Kəlbəcər istiqamətində mövqelərimiz zəif idi, ancaq buna görə kimisə ittiham etmək doğru deyil”.
Modern.az