Modern.az

Siqaret çəkən Azərbaycan xanımları

Siqaret çəkən Azərbaycan xanımları

27 Mart 2012, 19:28


Son zamanlar Azərbaycanda siqaret çəkən qadınların sayı artmaqdadır. Bir çox qadınlar kişilərə nisbətən daha çox stressə düşdüklərini və bu üzdən də siqaretə aludə olduqlarını deyirlər. Stress səbəbindən siqaret asılısı olan qadınlar, bu pis vərdişi buraxma mövzusunda da çətinlik çəkirlər. Xarici ölkələrdən fəqli olaraq xanımın siqaret çəkməsi Azərbaycan cəmiyyətində pis qarşılanır. Sağlamlıqla bərabər bu problem artıq əxlaq probleminə çevrilib. Cəmiyyətin bəzi üzvləri siqaret çəkən xanımların bu hərəkətini pis q    iymətləndirir.
Modern.az saytının əməkdaşı xanımlardan öz həmcinslərinin bu vərdişinə qiymət vermələrini istəyib.

İradə Tuncay – “Cəmiyyətin tək problemi qadınların siqaret çəkməsi deyil”

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay siqaret çəkməyin ziyanlı vərdiş olduğunu bildirib:
“Məgər cəmiyyət bütün dərdlərini həll edib qutarıb, bircə qalıb qadınların siqaret çəkməsi?  Ümumiyyətlə, siqaret çəkmək çox ziyanlı bir vərdişdi, orqanizmə zərər verir. Siqaretə görə intiharların sayı artmır, işsizlik yaranmır, qızları fahişəliyə cəlb etmirlər, rüşvət almırlar, qətl törətmirlər. Ancaq insanın orqanizminə təsir edir. Yaşadığımız həyatda stress bizi öldürür. Yaxşı olar bundan danışaq. Tütün artıq neçə əsrdir insanların həyatına daxil olub. Uşaq vaxtımızda görmüşük ki, kənddə qadınlar çubuq çəkib, amm ao vaxt bunu müzakirə edən yox idi. Siqaret çəkmək çay, kofe kimi alışqanlıqdı”.

Günel Mövlud – “Siqaret çəkən qadına “əxlaqsızdır” deyənin, özünün əxlaqına şübhəm var”

Tanınmış yazar Günel Mövlud zərərli vərdişlərə münasibətinin o qədər də yaxşı olmadığını deyib:
“Siqaret belə bir vasitədir ki, tez asıllıq yaradır və gün uzunu insanlar bunu həyat tərzinə çevirir. Ona görə də siqaret çəkməyə münasibətim pisdir. Siqaret çəkən insanlar öz sağlamlıqlarına ziyan vururlar. Xüsusilə insan yaşlananda səhhəti pisləşir və özünü qayğısına qalmaq imkanından məhrum edir. Alkoqolu isə gün uzunu istifadə etmirsən. Hansısa əlamətdar gündə ovqatın şən keçməsi üçün insanlar istifadə edir. Bu sürəkli bir şəkil almayanda, asılılıq yaratmıyanda alkaqola müasibətim normaldı”.

G.Mövlud siqaret çəkən insanların kişi və qadın cinsinə ayrılmasının əleyhinədir:

“Bu məsələnin cinsə, kişi və qadına ayrılmağının tərəfində deyiləm. Yəni siqaret çəkmək ümumiyyətlə insana ziyandır. Bunu əxlaq, mənəviyyat məsələsinə çevirməyə pis baxıram. Məhz siqaret çəkən qadındır deyə tənqid olunursa, mənim o insanın özünün əxlaqına şübhəm var. “Siqaret çəkirsə, demək əxlaqsızdır” deyən insanların əxlaqına şübhəm var. Bu bir sağlamlıq məsələsidir, əxlaq məsələsi deyil. Hər şeyi cinsə böləndə aqressiv qarşılanmağın özünə mən də aqressiv yanaşıram”.

Sevil Allahverdiyeva - "Mən siqaret çəkməyə yaxşı baxmıram"

Qadın Problemlərinin Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri Sevil Allahverdiyeva da son zamanlar siqaret çəkən qadınların çoxalmasından narahatdır:
“Siqaret çəkmək hər zaman olub. Əvvəl gizli çəkirdilərsə, indi aşkarda çəkirlər. Hər hansı bir müəssisəyə gedirsən, görürsən ki, xanımlar oturub siqaret çəkirlər. Siqaret çəkməyə dəb və müasirlik kimi baxırlar. Mənə elə gəlir ki, tək qadınlar deyil, kişilər də siqaret çəkməli deyillər.
Bu bizim səhhətimizə ziyandır. Siqaret çəkən qadınların çoxu sabahın anasıdır. Bunun dünyaya gələcək uşağa da mənfi təsiri olur”.

S.Allahverdiyeva Milli Məclisin çıxardığı qərara əməl olunmadığını deyir:

"Milli Məclisdə belə bir qərar çıxmışdı ki, ictimai yerlərdə siqaret çəkmək olmaz. Amma biz hara gedirik, orada siqaret çəkildiyini görürük. Yaxşı olardı ki, bizdə də xarici ölkələrdəki kimi ictimai yerlərdə siqaret çəkilməsin. Orada çəkən insan çıxıb çöldə çəkir və iyi hiss etmirsən. Bununla bağlı hər hansı bir tədbir keçirməmişik. Lakin bir əhatə dairəsində oturanda təbliğ edirik ki, siqaret çəkmək olmaz. Siqaret qadınlara daha artıq ziyandır”.

Ellada Sarıyeva - "Azərbaycanda vəziyyət elədə dəhşətli deyil"

5 saylı Doğum Evinin həkimi Ellada Sarıyeva siqaret çəkən qadınlarda bir sıra xəstəliklərin baş verdiyini bildirir:
“Siqaret çəkən qadınlarda inkişafdan qalmış hamiləliklər, yeni doğulmuş uşaqlarda sinir pozğunluqları əmələ gəlir. Düşmə, vaxtından əvvəl doğuşlar, nevroloji patalogiyalar baş verə bilər. Həmçinin ala biləcəyi zədələr nevroloji hallar yaradır. Ümumiyyətlə, siqaret çəkən qadınlar Azərbaycan üçün xarakterik deyil. Azərbaycanda siqaret çəkən qadınların xarici ölkələrə nisbətən sayı dəfələrlə azdır. Mentalitetimiz buna imkan vermir. Ola bilər Avropa mədəniyyətinə istinad edənlər var, lakin bu Azərbaycan üçün xarakterik olan patalogiya deyil. Azərbaycan xanımları daha çox uşaq istəyəndi. Nə qədər özlərinə zərər versələr də, uşaq nöqteyi-nəzəridən çalışırlar hamiləlik zamanı bundan imtina etsinlər. Siqaret çəkən qadınlarda daha çox bətndaxili damar spazmı, genişlənməsi baş verir. Hamiləlik dövründə zərərli vərdişlərdən tamam imtina etmək lazımdır. Bu da milli mentalitetin sağlam uşaq doğma istəyi ilə əlaqədardır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gəldiyi qənaətə görə, dünyada ən çox siqaret çəkən kasıblardır. ÜST-nin reytinq cədvəlində daha çox siqaret çəkilən ölkə isə Monqolustan sayılır - əhalinin 70 faizi. Sonrakı yerlərdə Çin (66.9), Keniya (66.8), Kamboca (66), Namibiya (65) gəlir.

Azərbaycan 32 faizlə 85-ci sıradadır. Təşkilatın hesablamalarına görə, hər il təxminən 5 milyona yaxın adam siqaretdən ölür. Və bu rəqəm ildən-ilə artır. Təşkilat xəbərdarlıq edir ki, əgər problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə nəticəsində 8 milyona yaxın adam həlak olacaq. Ekspertlər hesab edir ki, təkcə siqaret çəkənlər deyil, siqaret tüstüsü udan kənar şəxslər də riskə məruz qalırlar.

“Sağlam həyat” təşkilatının açıqladığı rəqəm isə daha acınacaqlıdır. Təşkilatın apardığı araşdırma zamanı məlum olub ki, Azərbaycanda 3 milyon 200 min insan siqaret çəkir. Onların 10 faizi qadındır.
1995-ci ildə ÜST-nin təşəbbüsü ilə Azərbaycanda Səhiyyə Nazirliyi Yanında Nikotinə Qarşı Mübarizə üzrə Əlaqələndirmə Şurası yaradılıb. 2000-ci ildə Milli Məclisin “Reklam haqqında qanun”a etdiyi dəyişikliklərə görə, tütünün KİV-də və ictimai yerlərdə reklamı qadağan olunub. 2001-ci ildən isə “Tütün və tütün məmulatları haqqında” qanun qüvvədədir.
Təəssüf ki, Azərbaycanda bu qanundan irəli gələn tələblərə riayət edilmir.


Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər