SSRİ "varislərinin" bir çatı altına yığıldığı yeganə bağ - Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 20 illiyi qeyd edilir. Daha çox Rusiyanın canfəşanlığı ilə qeyd olunan yubiley tədbirlərində Kremlin gələcəklə bağlı niyyətləri də açıq və ya üstüörtülü şəkildə ifadə olunur. Rusiya MDB-ni vahid hərbi blokda, vahid gömrük sistemində birləşən ölkələrin ittifaqı kimi təsəvvür edir.
Ancaq gəlin görək, Rusiyanın bu sevdasının gerçəkləşməsi üçün MDB-də normal mühit varmı?
Dünyadakı birliklərin, blokların yaranması təcrübəsində görünməyib ki, bir-biri ilə ziddiyyətdə olan dövlətlər öz alyanslarını ortaya qoysunlar.
Özü də burda söhbət birlik üzvü olan iki dövlətin bir-biri ilə düşmənçilik etməsindən getmir. MDB-yə üzv olan dövlətlərin əksəriyyəti birlikdəki "müttəfiq" dövlətlə münaqişədədir. İstər hərbi, istər siyasi. Və MDB-də birləşdirici faktor hesab olunan Rusiya, digər üzvlərlə ziddiyyətlərinə görə qurumda liderdir.
Rusiya-Ukrayna münasibətləri tək bütün zamanlarda hamar olmayıb. Ümumiyyətlə Kreml heç zaman Ukraynanın müstəqilliyini həzm edə bilməyib. Bu üzdən də MDB-nin bu iki dövləti arasında ziddiyyətlər qabarma, çəkilmə formasında davam edir.
Rusiya MDB-dəki "müttəfiqi" Moldova üçün "Dnestryanı" adlı problem yaradıb. Və zaman-zaman bu məsələdən Kişnyova təzyiq vasitəsi kimi istifadə edir.
Rusiya MDB-dəki keçmiş "müttəfiqi" Gürcüstana elə bu qurumun yaşı qədər ömrü olan "Abxaziya", "Cənubi Osetiya" kimi problemlər bəxş edib.
Rusiya MDB-dəki "müttəfiqi" Azərbaycanın torpaqlarının digər "müttəfiq" Ermənistan tərəfindən işğalına hər cür yardım göstərib. Və Azərbaycanın sinəsində bir "Qarabağ" yarası açıb. Nə zaman ki, Azərbaycan öz torpaqlarını istənilən yolla azad edə biləcəyi haqda bəyanat verir, həmin an Rusiyanın hansısa generalı və ya siyasi rəsmisi bildirir ki, Qafqazda yeni silahlı qarşıdurma Gürcüstan hadisələrinin təkrarlanması ilə nəticələnə bilər. Yəni, müharibə başlayacağı halda biz Ermənistanın yanında olacağıq.
Bu isə Rusiya ilə Azərbaycan arasında münasibətlərin reallıqda "mehriban düşmənçilik" səviyyəsində olduğu göstərir.
Rusiyanın Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanla yuxarıda sadaladığımız formada problemləri yoxdur. Fəqət, hər zaman "böyük qardaş"ın istədiyi kimi də olmur. Rusiya indiyədək ürəkdən istədiyi bir işi - Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanınmasını MBD üzvü olan heç bir ölkəyə qəbul etdirə bilməyib.
Rusiyanın güvəndiyi Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın nə qədər etibarlı tərəfdaş olacağını isə zaman göstərəcək.