Modern.az

Əmanətlərin qaytarılması ilə bağlı 6 vacib məqam

Əmanətlərin qaytarılması ilə bağlı 6 vacib məqam

29 Mart 2012, 14:28

Ölkənin iqtisadi gündəminin ən çox diqqət cəlb edən mövzularından biri sovet dönəmindən qalan əmanətlərin qaytarılmasıdır. Əslində əmanətlərin qaytarılıb-qaytarılmayacağı mövzusu uzun illər cəmiyyətin əsas suallarından olub. Nəhayət prezidentin bu ay  imzaladığı fərmanla 1992-ci il 1 yanvar tarixinə kimi keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan şəxslər əmanətlərini geri ala biləcək.
Əmanətlər 2013-ci ilin sonuna qədər intervalla qaytarılacaq. Belə ki, 2000 rubla qədər olan əmanətlərin hesablanması qaydası daha yüksəkdir. Hər qəpiyə görə 75 manat ödəniləcək. Əgər vətəndaşın sovet bankında 2000 manat pulu olubsa, o zaman 300 manat alacaq. Yox əgər əmanətçinin pulu 2000-dən çoxdursa və 5000 mindən azdırsa 300 manatdan əlavə hər qəpiyi 50 manata vurmaqla əmanətin məbləği hesablanacaq. 5000 rubldan 10000 rubla qədər olduqda 600 manatdan əlavə, əmanət qalığının hər bir qəpiyinə 40 manat. Sonuncu olaraq 10000 rubldan yuxar 1000 manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat hesablanacaq. Yeri gəlmişkən nə qədər insanın bu fərmandan bəhrələnəcəyi  bəlli deyil. Onu da xatırladaq ki, vaxtilə SSRİ Əmanət Bankına qoyulan əmanətlərin məbləği 4,8 milyard rubl təşkil edib.

Etnik ermənilər də əmanətlərini almaq üçün müraciət edə bilərlər

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, əmanətlərin qaytarılmasına dair prezidentin imzaladığı fərman Dağlıq Qarabağda yaşayan etnik ermənilərin öz əmanətlərini almalarına hər hansı qadağa müəyyən etmir. Etnik ermənilər digər Azərbaycan vətəndaşları kimi 1992-ci ilin yanvar ayının 1-dək SSRİ Əmanət Bankına yerləşdirdikləri  əmanətlərinin qaytarılması yönündə müraciət etmək hüququna  malikdirlər. Sənədə əsasən etnik ermənilər öz vəsaitlərini almaq üçün birinci mərhələdə  Azərbaycan vətəndaşlığına müraciət etməlidirlər. Çünki əmanətlərin geri alınması ilə bağlı tələb olunan siyahısında  arasında Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi də var. Ermənilər səxsiyyət vəsiqəsi aldıqdan sonra əmanətlərini almaqla bağlı müraciət edə bilərlər”.

V.Bayramov deyir ki,  qanunvericilik də  ermənilərin əmanətlərini  geri almalarına qadağa qoymur: “Qeyd etdiyim kimi etnik ermənilər bu imkandan faydalanmaq hüququna malikdirlər.Lakin indiki halda Dağlıq Qarabağda İrəvanın siyasi təsirinin böyük olduğunu nəzərə alsaq etnik ermənilərin öz əmanətlərini almaları üçün müraciət edəcəklərinə dair az ehtimal var”.

Qaçqınların əmanətləri qaytarılmayacaq

Məlum olur ki, prezidentin fərmanı Ermənistandan qaçqın düşən  soydaşlarımızın əmanətlərinin qaytarılmasını nəzərdə tutmur:
“Bu hüquqi baxımdan mümkün deyil. Çünki həmin insanlar Ermənistan vətəndaşları olublar və əmanətlərini bu ölkənin ərazisində yerləşdiriblər. Onların əmanətləri qaytarmaq Ermənistan hökümətinin hüququdur. Ermənistan höküməti öz vətəndaşlarının batmış əmanətlərini qaytaran zaman sovet  dövründə orada yaşayan azərbaycanlıların da əmanətlərini qaytarılmalı  idi. Azərbaycanlılar öz hüququları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edə bilərdilər”.

İqtisadçının fikrincə, qaçqınların əmanətlərinin  Azərbaycan tərəfindən qaytarılması siyasi baxımdan da düzgün deyil: “Bununla Azərbaycan Ermənistanın öhdəliklərini icra etmiş olar. Başqa tərəfdən Azərbaycan keçmiş Ermənistan SSRİ Əmanət banklarında  yerləşdirilmiş  əmanətlərin məbləği ilə bağlı məlumat almaq imkanına  malik deyil.Yəni əgər qaçqınların əmanətlərinin qaytarılması nəzərdə tutulsaydı Kapital Bankın  bu barədə edilən müraciətlərin doğruluğunu yoxlamaq imkanı olmayacaqdı. Çünki həmin məlumatlar Ermənistan Əmanət Bankında olub”. 

V.Bayramov hesab edir ki, Azərbaycan  beynəlxalq məhkəmə vasitəsilə həmin dövrdə  Ermənistanda yaşayan vətəndaşların sosial hüquqlarının bərpasına çalışmalıdır.

Əmanət kitabçası itmiş məcburi köçkünlər də əmanətlərini alacaqlar

Əmanətlərin qaytarılması prosesində vətəndaşlar üçün açıq qalan məsələlərdən biri də məcburi köçkünlərin əmanətləri ilə bağlıdır. İSİM   rəhbəri deyir  ki,  əmanətlər haqqında  bütün məlumatlar Kapital Bankın arxivindədir. ”Əmanət kitabçası itmiş və ya yanmış vətəndaşlar Kapital Bankın yanında yaradılan xüsusi komisiyaya müraciət etməlidirlər. Bu zaman onlar əmanət kitabçaları ilə bağlı məlumatları- əmanət kitabçasının sahibi,  əmanətin məbləği, qoyulduğu ərazi göstərilməlidirlər. Bundan sonra xüsusi komisiya Kapital Bankın arxivlərindəki məlumatlar əsasında qərar qəbul edəcək”.

Azərbaycandakı indeksasiya sistemi MDB ölkələri ilə müqayisədə uğurludur 

V.Bayramovun sözlərinə görə, Azərbaycanda tətbiq edilən indeksasiya sistemi hər rubla ödənilən dollar MDB ölkələrində ən yüksək indeksasiya sistemidir.
”Qırğızıstanda 2500 rubla yalnız 60 dollar, Moldovada 1000 rubla 80 dollar ödənilib. Qazaxıstanda isə əmanətlərin ödənilməsi ilə bağlı sonuncu mərhələdə hər 1000 rubla cəmi 10 dollar ödənilib. Sonradan Qazaxıstan höküməti əmanətlərin nağd pulla qaytarılmamasına dair qərar qəbul etdi. Vətəndaşlara çek paylandı. O baxımdan Azərbaycanda hər 2000 rubla 385 dollar ödənildiyini nəzərə alsaq, bu indeksasiyanı  MDB ölkələrində ən yüksək hesab etmək olar. Azərbaycan hər rubla  ödənilən dollara görə yalnız Baltika ölkələrindən geri qalır. 1992-ci ildən prosesə başlayan elə həmin ildə prosesi yekunlaşdıran Baltika ölkələri hər rubla 80 sentə yaxın vəsait ödəyib. Digər tərəfdən ideksasiya zamanı ölmüş sovet rublunun manata birbaşa ekvalentini tapmaq mümkün deyil. Əmanətlərin bir qismi 1991-ci ildə əmanət banklarına yerləşdirilib. Həmin dövrdə rublun alıcılıq qabiliyyəti, rublun dollara nisbətən məzənnəsi kəskin aşağı olub. 1991-ci ildə dolların rubla məzənnəsi 1 dollar 102 rubla qədər yüksəlmişdi. Amma 80-ci illərdə əmanət bankına yerləşdirilən əmanətlərin alıcılıq qabiliyyəti, dollara ekvalenti  daha yüksəkdir. Əmanətlərin müxtəlif illər üzrə yerləşdirildiyini, rublun dollara məzənnəsinin 80-ci ildən sonra müəyyənləşdiyini nəzərə alsaq sovet rublunun dollara ekvalentinin tapılması mümkün deyil”.

İqtisadçı əmanətlərin qaytarılması  zamanı daha yüksək vəsait alacaqlarına dair  əhalidəki süni gözləntilərdən də danışdı: “İsanlar hər rubla 1 manat ödəniləcəyini gözləyirdilər. Əslində bu iqtiasadi baxımdan da düzgün addım olmazdı. İstehlak bazarında qiymətlərin artması, pul dövriyyəsinin şişməsinə gətirib çıxara bilərdi. Nəticədə iqtisadiyyatda disbalans yaranardı”.

Birdən çox  əmanət kitabçası olanların nəzərinə

Bir neçə əmanət kitabçasına malik vətəndaşların əmanətlərinin hesablanması   da sual doğuran məqamlardandır. İqtisadçı deyir ki, bu zaman indeksasiya sisteminə uyğun əmanətlərin məbləği cəmiləşdirilir. Bundan sonra ideksasiya aparılır.Yəni əmanət kitabçaları indeksasiya edilib toplanmır. Əmanət kitabçalarındakı toplanan məbləğ indeksasiya edilir. Əgər vətəndaşın 3 əmanət kitabçası varsa hər kitabçada 2 min rubl yerləşdirilibsə məbləğin hesablanması hər bir əmanət kitabçası üzrə  aparılmayacaq. Çünki hər bir əmanət kitabçası üzrə hesablama aparılarsa o zaman ödənilən məbləğ 900 manat edir (hər 2000 rubla 300 manat ödənildiyini nəzərə alsaq).  Amma hesablama bu qaydada aparılmır. Kitabçadakı vəsait toplanaraq (2000+2000+2000 rubl) alınan nəticə- 6000 rubl indeksasiya sisteminə uyğun hesablanacaq. Hansıki bu da 680 manat edir. Bu haldaq 2000 rubliuq 3 əmanət kitabçasına malik vətəndaş 900 manat deyil, 680 manat alacaq.  Bu baxımdan, eyni şəxsin malik olduğu əmanətlər indeksasiya edilib toplanmayacaq, cəmlənib yekun rəqəm indeksasiya ediləcək.

Xüsusi Komisiyanın tərkibinə vətəndaş cəmiyyəti də cəlb edilməlidir

Ekspertə görə, prosesdə Xüsusi Komissiyanın tərkibi mühümdür. ”Ukraynada birinci mərhələdə Xüsusi Komissiyanın tərkibinə yalnız dövlət qürumlarının əməkdaşları fəaliyyət göstərirdi. Narazılıqlarla əlaqədar sonradan komissiyanın tərkibinə  vətəndaş cəmiyyətinin nümayəndələri də daxil edildi. Azərbaycanda da müraciətlərin, həmçinin şikayətlərin obyektiv, şəffaf araşdırılması üçün Xüsusi Komissiyanın tərkibinə hökümət qurumları ilə yanaşı vətəndaş cəmiyyətinin nümayəndələri cəlb olunmalıdır”.
O da məlum olur ki,  Qazaxıstanda əmanətlərin qaytarılması prosesində ən çox korrupsiya halları məhz Xüsusi Komissiya tərəfindən müraciətlərə baxılan zaman baş verib.

Xatırladaq ki, prezident  fərmanın imzalanmasından dərhal sonra Maliyyə Nazirliyində “Qaynar xətt” (012 404-46-03), eyni zamanda nazirliyin rəsmi internet səhifəsində onlayn müraciət bölməsi ([email protected]) yaradılıb.
Prezidentin 14 mart 2012-ci il tarixli fərmanına uyğun olaraq fərdi birdəfəlik ödəmələr alacaq əmanətçilər aşağıdakı meyarlara malik olmalıdırlar:

 - Əmanətçi əmanəti 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına qoymalı;
- Həmin əmanət qalığı “Kapital Bank”da bu fərman qüvvəyə mindiyi tarixə şəxsi hesablarda saxlanılmalı;
- Əmanətçi və ya onun vərəsəsi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

Maliyyə Naziliyi bildirib ki, 1 yanvar 1992-ci ildən sonra qoyulan əmanətlərə görə fərdi birdəfəlik ödəmələr verilməyəcək: “Fərdi birdəfəlik ödəmələr 1 yanvar 1992-ci il tarixinə  qədər qoyulan əmanətlərin qalıqlarından asılı olaraq hesablanır və həmin tarixdən sonra qoyulan əmanətlərə şamil edilmir”.

Rəsmi məlumata görə, fərmanın icrası ilə bağlı 1 milyard manata yaxın vəsait tələb oluna bilər və ödəmələr 2 milyon 400 min şəxsi əmanət hesablarının sahibləri olan əmanətçiləri əhatə edəcək.

Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayının 1-dən başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər