Modern.az

Məleykə Abbaszadə - Misir Mərdanov qarşıdurması - bu savaş gec-tez rəqiblərdən birini bitirəcək - TƏHLİL

Məleykə Abbaszadə - Misir Mərdanov qarşıdurması - bu savaş gec-tez rəqiblərdən birini bitirəcək - TƏHLİL

Ölkə

29 Mart 2012, 20:37

Məleykə Abbaszadə yenəmi “atəşkəs”i pozdu?

Gəlin etiraf edək ki, ölkənin bütün ümumtəhsil müəssisələrinin, ali və orta ixtisas məktəblərinin və rayon Təhsil şöbələrinin giriş qapılarında və dəhlizlərdəki diqqətçəkən yerlərdə Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini oxuyan hər kəs heç şübhəsiz bir anlıq ayaq saxlayaraq bu şüarı fikir süzgəcindən keçirir, köks ötürərək “kaş belə olaydı” deməkdən özünü saxlaya bilmir. Onu da etiraf etməliyik ki, uzaq keçmişdən üzü bəri ən yaxın dönəmlərimizə, hətta bu günmüzün özünədək təhsil heç vaxt bu millətin gələcəyi ola bilməyib, daha doğrusu,  çoxsaylı obyektiv və subyektiv səbəblərdən bu sahəyə birbaşa və dolayısı ilə dəxli olan səlahiyyət sahiblərinin günahı ucbatından təhsil sferasını millətin gələcəyini müəyyənləşdirən bir lokomotivə çevirməyi bacarmamışıq. Elə ona görə də barmaqla sayılacaq istisnalarla nə adımız adlar içində yaxşıya hallanıb, nə də dünya, nə də hətta regional səviyyədə öyünəcək bir ali təhsil ocağı ortaya qoya bilmişik. Əksinə, bu sahəni elə bir xaosa çevirmişik ki, nəinki bizlər, hətta mütəxəssislərin özləri belə, konkret olaraq günahkar axtararkən kimsənin yaxasından yapışmaqda çətinlik çəkir. Ancaq biz adət etmişik ki, təhsildəki bu və ya digər problemlər, neqativ tendensiyalar təftiş edilərkən ilk növbədə Təhsil Nazirliyini ittiham hədəfinə çevirək və bu qurumun ayrı- ayrı cavabdeh şəxslərini qınayaraq onlardan hesabat tələb edək. Etiraf etmək lazımdır ki, hesabatlılıq və cəmiyyətlə şəffaf təmas qurmaq baxımından bu qurum həmişə axsayıb və günün tələbləriylə ayaqlaşmaqda çətinlik çəkib. İstər vətəndaşların müraciətlərinin cavablandırılmasında, istər şikayətlərin vaxtında və tam ədalətli araşdırılmasında Təhsil Nazirliyi nöqsanlardan qurtula bilməyib, elə buna görə də qurum yetkililəri vaxtaşırı tənqidlə üzləşməli olublar. Ancaq obyektivlik naminə qeyd edilməlidir ki, ölkənin ən ağır və məsuliyyətli sahəsinə cavabdeh olan bu strukturun sürücü və texniki personal da daxil olmaqla cəmisi 142 nəfər ştatla bu qədər genişmiqyaslı işin öhdəsindən gəlməsini gözləmək də doğru olmazdı. Digər tərəfdən dəfələrlə vurğulansa da, görünür hələ də cəmiyyətdəki mütləq əksəriyyət vicdanlı yanılma ilə Azərbaycan hakimiyyətinin mövcud idarəçilik metodlarından və səlahiyyət bölgüsündən  müfəssəl məlumatlı deyil. Belə ki, hamı orta ümumtəhsil müəssisələrində baş verən neqativ hadisələrlə bağlı haqlı olaraq həmin təhsil ocaqlarının direktorlarını qınasa da, onların, eləcə də rayon Təhsil şöbələrinin müdirlərinin Təhsil Nazirliyi tərəfindən işə təyin və ya işdən xaric edilməsinə icra başçılarının qanunsuz maneəçilik törətdiyini ya çoxları bilmir, ya da bilmək istəmir. Mətbuat və cəmiyyət olaraq dəfələrlə şahidi olmuşuq ki, istər paytaxt, istərsə də əyalət rayonlarında baş vermiş nöqsanla bağlı hansısa məktəbin direktoru barədə nazirlik tərəfindən tədbir görülməsinə cəhd edilsə də və aidiyyatı qurumlar qarşısında məsələ qaldırılsa da, müvafiq rayon İcra hakimiyyətləri başçıları cəza tədbiri görülməsinə imkan verməyib, yalnız nazirliyin bu cəhdi onların öz istəkləriylə üst-üstə düşdüyü təqdirdə həmin direktordan yaxa qurtarmaq mümkün olub.

Eləcə də ali məktəblərdəki çoxhakimiyyətlilik xaosa gətirib çıxardığı günümüzün acı reallıqlarına və eybəcərləşmiş ənənələrinə çevrilib. Heç kimə sirr deyil ki, dövlət ali təhsil müəssisələrinə rektorları Prezident Adminstrasiyasının “xeyir-dua”sıyla ölkə başçısı təyin edir, onlarsa Təhsil Nazirliyini bir çox hallarda saymır və ya onların qanuni göstəriş və təlimatlarını yersiz müdaxilə kimi qəbul edərək müqavimət göstərirlər. Bu azmış kimi rektorlar və onların həmin universitetlərdəki xüsisi seçilmiş adamları semestr imtahanlarındakı “şəffaflığa” özləri təkbaşına nəzarət etmək istəyirlər, çox vaxt da buna nail olurlar. Nəticədə Təhsil Nazirliyi faktiki olaraq prosesdən kənarda saxlanılsa da,  imtahan sessiyalarındakı rüşvət və süründürməçiliyə görə hamı yenə də Təhsil Naziliyini günahkar gözündə görür. Özəl ali məktəblərdə isə vəziyyət daha acınacaqlıdır və bu sahəyə də demək olar ki, nazirliyin nəzarəti yox dərəcəsindədir. Bu cür anormal idarəçilk mühitində isə təbii ki, necə deyərlər, qurunun oduna yaşlar da yanır və cəmiyyət yaxşıyla yamanın sərhədlərini, kimlərin halalla və ya haramla əlləşdiyini müəyyənləşdirməkdə zorlanır...

Əlbəttə, yuxarıda da qeyd edildiyi kimi, ölkənin təhsil sistemindəki çeşidli nöqsanlarda Təhsil Nazirliyi rəhbərliyinin günahları yetərincədir və onları heç bir halda “qurunun oduna yanan yaşlar” kimi təqdim etmək olmaz. Ancaq məsələ burasındadır ki, çox vaxt mətbuat və cəmiyyətdəki mütləq çoxluq fərqinə varmadan birtərəfli nəticə çıxarmağa meyllənir və bu zaman əsas baiskarlar kölgədə qalır. Ancaq sadə məntiq onu iddia etməyi diktə edir ki, bütövlükdə ölkənin rüşvət və korrupsiya dənizində “zaqar” elədiyi bir vaxtda təhsil sahəsi kimi potensial qurbanlıq sferası bu mərəzdən nənki qurtula bilməz, əksinə, məhz bu sferanın nəmin bəlaya qarşı immuniteti digərlərinə nisbətən daha zəifdir...

Elə bu zəiflik də vaxtaşırı bu qurum rəhbərliyiylə bu və ya digər səbəbdən yola getməyən şəxslərin tənqid dolu bəyanatlarına, bəzən haqsız, bəzən də haqlı ittihamlarına stimul verir, yenə də sadəlöhv məmləkət sakini sanki təhsildə baş verən neqativlərin günahkarının “tapılması”ndan feyziyab olur.
Elə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədri Məleykə Abbaszadənin həftə səkkiz-mən doqquz media əhlini başına yığaraq Təhsil Nazirliyində əmma axtarmasını də bu qəbildən hesab etmək olar. Xatırladaq ki, Məleykə Abbaszadəylə Misir Mərdanovun yola getmədiyi hələ uzun müddət öncədən mətbuatın” qulağına çatmışdı” və “Təhsil haqqında” qanun Milli Məclislə Prezident Administrasiyası dəhlizlərində pıçhapıç predmetinə çevrilərək “bəxtinin açılmasını gözləyən” dönəmlərdə bu iki şəxsin qanunun ayrı-ayrı bəndləri ətrafında ciddi savaşdıqları, bir sözlə, dil tapa bilmədikləri üzə çıxmışdı. Təbii ki, Məleykə xanımın ulduzunun barışmadığı persona təkcə Misir Mərdanov deyildi və Prezident Adminstrasiyası humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadənin də onunla “mehriban düşmən” olduqları mətbuata sızdırılan informasiyalar arasında idi. O vaxt bu qanunun qəbulunun yubanmasını hərə öz arşınıyla ölçürdü və Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı orijinal bir bənzətməylə bunu iki qadının kaprizi kimi xarakterizə etmişdi. Nəhayət, uzun sürən sükutdan sonra qanun qəbul olunsa da, qarşılıqlı ittihamlar və atmacalı mesajlar ara-sıra eşidilirdi. İnsaf naminə qeyd etmək lazımdır ki, bir qayda olaraq TQDK sədri Təhsil Nazirliyini sancır, qarşı tərəf də candərdi cavab verməyə məcbur olurdu. Bu minvalla ötən müddətdə Məleykə Abbaszadə bir neçə dəfə Misir Mərdanovun kefinə soğan doğramağı bacardı. Ötən ilin sentyabrın əvvəllərində isə prezidentin birdən-birə “budama” apararaq naziri müavinlərsiz qoyan sərəncamı cəmiyyətdə şok effekti yaratdı və hamı TQDK sədrinin bu dəfə Misir Mərdanovu birdəfəlik bitirəcəyini iddia etsə də, sonucda nazir sudan quru çıxmağı bacardı. Bununla da Məleykə xanımın əhvalı pozuldu və onun tərəfindən nazirliyin xəttiylə nəşr edilən dərsliklərdə kütləvi səhvlərin olması və buraxılış imtahanlarının qeyri- şəffaf keçirilməsi, 20 mindən artıq attestat ala bilməyən şagirdin mövcudluğunun ictimai rəyə təlqin edilməsi onu iddia etməyə əsas verirdi ki, savaş bitməyib və TQDK sədri sonadək mübarizə aparmaqda qərarlıdır.

Nazirliksə hər dəfə sadəcə bu tip ittihamlara təmkinlə cavab verməyə çalışır və bu cür problemlərin iki qurum arasında mətbuata çıxarılmadan, necə deyərlər, xəlvətcə araşdırılmasını təklif edirdi. Bundan sonra vəziyyətin əndazədən çıxdığını görən “yuxarılar” çox güman ki, TQDK sədrinə bir qədər ara verməsini təklif etdilər və beləliklə bir neçə müddət idi ki, bu sahədə “atəşkəs” mühiti hökm sürürdü. Ancaq gözlənilmədən iki gün öncə Məleykə Abbaszadə yenidən atəşkəsi pozaraq ölkədə 22332 nəfərin saxta diploma sahib olduğunu bildirməsi ondan xəbər verdi ki, təhsil nazirinin arxayınlaşması əbəsdir və TQDK sədri yenidən ona qarşı ikinci cəbhə açıb. Doğrudur, nazirliyin mətbuat katibi Bayram Hüseynzadə dərhal bu ittihama cavab verərək məsəyə tam aydınlıq gətirdi və 92- ci ildən 2004- cü ilədək ayrı- ayrı özəl universitetlərin TQDK xəttindən kənar qəbul həyata keçirmək səlahiyyətlərinin olduğunu, həmin rəqəmlərin də məhz buradan götürüldüyünü bildirdi. Ancaq ehtimal etmək olar ki, yaxın gələcəkdə TQDK sədrinin dilindən daha bir ittihamın səsləndirilməsinin şahidi olacağıq. Nəzərə almaq lazımdır ki, bir aydan sonra mərkəzləşdirilmiş buraxılış imathanları keçiriləcək və ardından qəbul imtahanları başlanacaq. O zaman TQDK sədri yenə rəqəm bolluğuna düşəcək və statistikanı tutuşdurmaqla yenidən əbədi və əzəli rəqibini ictimai qınaq hədəfinə çevirmək fürsəti qazanacaq. Bu fürsətin Misir Mərdanovu təqaüdə göndərməyə yetib- yetməyəcəyini, yaxud onun özünün ali məktəblərə qəbul imtahanlarında buraxdığı səhvlərə görə vəzifəsindən kənarlaşdırılıb- kənarlaşdırılmayacağını isə indidən proqnozloşdırmaq çox çətindir. Amma bircə orası bəllidir ki, bu savaş gec-tez rəqiblərdən birini bitirməlidir...

Zülfüqar Hüseynzadə

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər