Modern.az

Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət…

Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət…

30 Mart 2012, 12:58

Azərbaycan və Türkiyə mediasında ara-sıra iki qardaş dövlətin bir-birinə münasibətdə hansısa incikliyindən, giley-güzarından, hətta xəyanətindən və s. bəhs olunur. Adətən, bu cür söhbətlər meydana çıxan kimi isə Azərbaycan və Türkiəyədəki «milli təəssübkeşlər» fəallaşırlar; birinin yadına neft, qaz, «Sarı gəlin», o birisinin yadına sınırların açılması, «hamımız erməniyiz» və s. düşür. Hərdən təəccüb edirsən ki, görəsən bu «milli təəssübkeşlər»,  yaxud da sapı özümüzdən olan baltalar nədən hər iki dövlətin maraqlarını ifadə edən ortaq məsələlərdə də bu cür aktivlik göstərmirlər. Ancaq əllərinə hər hansı kiçik bir «bəhanə» (məsələn, niyə filan kəs «Sarı gəlin»i ermənicə oxumuş, niyə filan kəs «hamımız erməniyiz» demiş, niyə filan türkiyəli müğənni Türkiyədə Azərbaycan əleyhinə bir söz, azərbaycanlı müğənni Azərbaycanda Türkiyə əleyhinə başqa bir söz demiş və s. kimi) düşən kimi, bir-birinin ardınca qardaşın qardaşa xəyanətindən bəhs edən çıxışlar edirlər.

Deməli, Azərbaycan-Türkiyə birliyinə gölgə salmaq istəyənlər zahirən «milli təəssübkeşlər»dir. Əslində isə, onları maraqlandıran heç də guya, ayrı-ayrılıqda nə Türkiyə, nə də Azərbaycanın çıxarları deyil, onların məqsədi türk birliyinə, türk həmrəyliyinə qarşı yönəlmiş «milli təssübkeşlik»dir.  Belə olduğu halda, Azərbaycan və Türkiyədəki «milli təəssübkeşlər»in bir adı var: antitürkiyə, antiazərbaycan, bir sözlə antitürk dairələr.

Xüsusilə, vahid türk millətinin maraqlarına zidd olan informasiyalara, köşə yazılarına və i.a. rast gələndə təəssüf hissi keçirməyə bilmirsən. Digər tərəfdən bu yazılarda söhbət müstəqil iki dövlətə sahib olan türklərin bir-birinə münasibətdə hansısa xəyanət etməsindən gedirsə, bu artıq təəssüf və təəccüblə ifadə oluna biləcək bir durum da deyildir. Bu cür hallara son qoymaq mümkün olmasa da, ancaq «mili təəssübkeş» dairələrə həddini bildirmək üçün hər iki dövlətin türk aydınları, ziyalıları öz konkret münasibətlərini hökmən ifadə etmələridir. Çünki Azərbaycan və Türkiyə türkləri ayrı-ayrı dövlətlərdə müstəqil şəkildə yaşasalar da, onların ortaq milli çıxarları vardır. Bu da, ilk növbədə vahid türklüyü, vahid türk bayrağını, vahid türk mədəniyyətini, vahid türk varlığını, vahid türk torpaqlarının bütövlüyünü və s. sonsuza kimi qorumaq və yaşatmaqla bağlıdır.

Zatən türklük türkün adı deyildir, onun ruhudur, mənviyyatıdır. Türk mənəviyyatı, türk ruhu hər zaman maldan, paradan üstün olmuş, onun üçün müqəddəs olan kimliyi, həyat tərzi və Tanrıya olan inamdır. Bir sözlə, mənəviyyatını və ruhunu, cismini və maddiyyatını vəziyyətə, situasiyaya görə müəyyənləşdirənlər türk ola bilməzlər və deyillər də.

O ki qaldı, Azərbaycan və Türkiyədə sapı özümüzdən olan baltalara və onların hiperaktivliklərinə, nəzərə almalıyıq ki, milli kimlik, dini mənsubiyyət və s. baxımdan nə Azərbaycan, nə də Türkiyə yekcins ölkədir. Hər iki dövlətdə etnik və dini mənsubiyyəti fərqli olan onlarla millətlər, xalqlar yaşayırlar. Xüsusilə də, farslar, ruslar, kürdlər, ermənilər və b. buna misal ola bilər. Bizə elə gəlir ki, son yüz ildə bütün türklük üçün ən çox problemlər də bu millətlərin şovinist təbəqləri tərəfindən törədilmişdi və hələ də törədilməkdədir. Məsələn, Azərbaycan üçün ermənilər və onları himayə edən ruslar və farslar bu gün nə qədər bir bəla mənbəyidirsə, separatçı kürdlər və onları himayə edən qüvvələr Türkiyə üçün də bir o qədər təhlükəlidir.

Şübhəsiz, Azərbaycanda və Türkiyədə türkçülük, türk birliyi üçün problem yaradan dairələrdə əsasən, onların arasından çıxır və başqalarını da bu və ya başqa formada öz təsir dairələrinə salırlar, yaxud da salmağa çalışırlar. Bəzi hzallarda isə, Azərbaycan və Türkiyənin birliyini sarsıtmaq istəyən bu antitürk dairlər müxtəlif təxribatlara əl ataraq iki türk dövlətini bir-birinə qarşı qoymaq istəiyrlər. Bunu, biz bir neçə il öncə Türkiyə və Ermənistan arasında aparılan danışıqlar zamanı əyani şəkildə də gördük. Belə ki, sapı özümüzdən olan baltalar Türkiyədə Azərbaycan baryağını, Azərbaycanda isə Türkiyə bayrağını aqağılamağa və s. cəhd göstərdilər. Hətta bəzi məlum dairələr Azərbaycanda Türkiyəni, Türkiyədə isə Azərbaycanı düşmən kimi qələmə verməyə belə hazırlaşırdılar.

Halbuki, bugünkü Türkiyə və onun türk əskəri özü ağır durumda olmasına baxmayaraq, 1918-ci ildə Azərbaycan türklərinin və digər etnik azlıqların yardımına qoşmuş, onu rus-erməni hərbi birliklərinin əlindən xilas etmişdi. Ancaq türk əskərinin bu şərəfli əməli yalnız Azərbaycan xalqının cismani, maddi  varlığının xilası deyildi, bu həm də onun tapdalanan milli mənəviyyatının - namusunun, irzinin xilası olmuşdu. Əgər türk əskəri başda Nuru paşa və başqaları olmaqla Azərbaycan türklərinin və başqa milli azlıqların imdadına yetişməsəydi, bu gün Türkiyəyə ucuz neft, qaz və s. satıldığını deyənlər ya olmayacaqdı, ya da var olmaq onlar üçün olmamaqdan da betər olacaqdı.

 Yeri gəlmişkən, türk birliyini sarsıtmaq, onu görməzdən gələnlər həmişə olmuşdur. Hələ, 1918-ci ildə türk əskəri öz vəzifəsini şərəflə yerinə yetirib, obyektiv səbəblərə geri döndükdən sonra sapı özümüzdən olan bəzi «bolşevik», «menşevik» (Səməd Ağamalıoğlu, Əliheydər Qarayev, Ruhulla Axundov və b.) azərbaycanlı­lar onlara qara yaxmağa çalışmışlar. Məsələn, menşevik S.Ağamalıoğlu deyirdi ki, türklərin zamanında qoyulan siyasət azadlığa və istiqalla ziddir, çünki bu siyasət fəhlə və kəndlini əzir və s.

Ancaq parlament kürsüsündən Azərbaycan tarixində Anadolu türk əskərinin layiq olduğu şərəfli mövqeyini müdafiə edən Azərbaycan Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadə onlara cavab olaraq bildirirdi ki, türk əsgərini Azərbaycana «Müsavat» tək deyil, sosialistlərlə bir yerdə çağırmışdı: ««Müsavat» türkləri çağırdı, çünki burada Azərbaycan türklərinin həyatı təhlükədə idi. Bu məsələdə ozamankı Azərbaycan Milli Şurası müttəfiq idi. Bu nöqteyi-nəzərdə sosialistlər peşman olsalar da, o gün bizimlə bərabər idilər. Ağamalıoğlu da türkləri çağırmışdı. Ancaq onlar indi bundan imtina etslər də, biz kamali-cəsarətlə deyiriz: türkləri çağırdıq və bunula da iftixar ediriz!. Çünki türklər gəlməsəydi, Bakıda baş verən mart hadisəsinin təsiri yalnız Bakıda qalmayıb, bütün Azərbaycanı istila edəcəkdi, millət də ümumi qətlə-qırğına məruz qalacaqdı».

Bu o deməkdir ki, Azərbaycan türklərinin, ümumiilkdə bütün azərbaycanlıların xilasına qoşan Anadolu türk əskərləri Azərbaycanı özləri üçün, heç bir tərəddüd etmədən Vətən sanmış və Vətən uğrunda şəhid olmuşlar. Bunun eynisini Azərbaycan türkləri Çanaqalada yapmışlar. Azərbaycan türk əskəri də Anadolu türkləri ilə bir yerdə Türkiyəni işğal etmək istəyən xarici qüvvələrə qarşı, Çanaqalada birgə döyüşmüş və bir yerdə də şəhidlik zirvəsinə ucalmışlar. Çünki türklər üçün Türkiyə, Azərbaycan, Türküstan (Orta Asiya), bir sözlə Turan vahid vətəndir, vahid bayraqdır, vahid dövlətdir, vahid mədəniyyətdir.

 Bunu, 20-ci əsrin böyük türk dövlət xadimlərindən Mustafa Kamal Atatürk «Azərbaycanın sevinci sevincimiz, kədəri kədrimizdir» kimi ifadə etmişdir. Eyni zamanda, Atatürk bəyan etmişdir ki, bir gün SSRİ dağılacaq və ozaman Türkiyə türkləri dili bir, dini bir, soykökü bir olan Azərbaycandakı türk qardaşlarının  yanında olmağa hazır olmalıdırlar: «Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam ataraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların bizə yaxınlaşmasını gözləməməliyiz. Bizim onlara yaxınlaşmamız gərəkdir».

Bizə elə gəlir ki, yuxarıda qeyd etdiklərimizin mahiyyətini dərk etmək üçün, istər Azərbaycanda, istərsə də Türkiyədə milli şüurumuza yeridilən və indinin özündə də bu və ya digər formada yaşadılan saxtalaşdırılmış tarixdən, ədəbiyyatdan, qeyri-milli ideyadan deyil, vahid bir millətin min illiklər boyu qoruyub saxladığı və yaşatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, milli ədəbiyyatdan, milli ideyadan çıxış etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını və s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün bütün türklər üçün hansı əhəmiyyət kəsb etməsini də, dərk edə bilmərik. Başqa sözlə, ayrıca götürülmüş bir ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstan və b.) fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə yanaşı, ümumi türk fəlsə­fə­si, türk dini-fəlsəfi dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiy­yatı, türk tarixindən də bəhs olunmalı, tədris edil­mə­li­dir. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında keçmiş SSRİ-nin tərkibindən çıxaraq ye­ni­cə müs­təqil­lik əldə edən ölkələrin gənc nəsilləri, sözün həqiqi məna­sında türkçülüyü - türk kimliyini, türk mədəniyyətini, türk fəlsə­fə­si­ni, türk tarixini və s. daha dərindən və yaxından anlamış olacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər