Millət vəkili Qənirə Paşayeva dünən Tovuz rayonunun Əlibəyli kəndində baş verən qanlı hadisə ilə bağlı
Modern.az-a açıqlama verib. Deputat bildirib ki, ermənilərin açdığı atəş nəticəsində sol bud nahiyəsindən yaralanan Vüsal Quliyevin vəziyyəti qismən yaxşılaşıb:
“Ermənistan yenə də özünün vəhşi üzünü göstərdi. Martın 30-da Tovuzun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndində əkin sahəsində işləyən 21 yaşlı Vüsal Quliyevi snayperlə hədəfə alıblar. Allaha şükür ki, onu xəstəxanaya tez çatdırmaq mümkün olub və dərhal əməliyyata alınıb. Həkimlərlə tez-tez əlaqə saxlayırdım. Onun sol bud nahiyəsindən 5,15 çaplı gülləni çıxarmaq mümkün olub.Həkimlər sağ olsun. Vüsal artıq özünə gəlir. Bir az əvvəl telefonla danışdım. İnşallah tezliklə sağalacaq” Deputat qeyd edib ki, Ermənistan hər bir hərəkəti ilə öz çirkin simasını göstərir. “Sivil insanları snayperlərlə hədəfə alaraq onlara əziyyət verməklə Ermənistan yetkililəri və erməniləri çirkli xislətlərini, insanlıqdan nə qədər uzaq olduqlarını tez-tez göstərirlər. Türk milləti sivil insanları qətlə yetirmək kimi bir insanlıqdan kənar xarakterə malik deyil.Amma inşallah Ermənistan layiq olduğu cavabı alacaq”-deyə Q.Paşayeva əlavə edib.
Qeyd edək ki, dünən təminən saat 12.00 radələrində düşmən snayperinin açdığı atəş Əlibəyli sakini Quliyev Vüsal Vəli oğlunu yaralayıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.