Modern.az

Siyasi partiyalar gənc liderlər yetişdirməyə qadirdirmi?

Siyasi partiyalar gənc liderlər yetişdirməyə qadirdirmi?

31 Mart 2012, 11:58


Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarda coxlu sayda gənclər təmsil olunur. Partiyaların gənclər təşkilarlarından fərqli olaraq yüksək postlarda vəzifə tutan gənclərin də sayı az deyil. Siyasi arenada söz sahibi olan partiyalar gələcək nəsillər üçün yeni siyasi liderlər yetişdirirmi? Modern.az saytının əməkdaşı  bu və ya digər suallara cavab tapmaq üçün bir neçə partiya ilə əlaqə saxlayaraq gənc siyasətçilərin necə yetişdirilməsi ilə bağlı münasibət öyrənib.

AXCP: “Rəhbər postları gənclərə həvalə etmişik”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı təmsil etdiyi partiyanın gənclər siyasəti ilə bağlı görülən işlərdən danışıb. Onun sözlərinə görə, AXCP-ni hazırda daha çox gənclərin siyasi partiyası hesab etmək olar.
“AXCP-də son illər çox ciddi şəkildə gəncləşmə siyasəti həyata keçirilir. Bu, partiyaya gənclərin axını formasında ifadə olunur. Digər bir istiqamətdə - partiyanın idarə olunmasında da gənclərə geniş imkanlar yaradılır. Partiyanın gənclər siyasəti öz təsdiqini tapır. Hazırda partiyamızın rəhbərliyinin böyük əksəriyyəti gəclərdən təşkil olunub. Qeyd edim ki, partiyanın rayon təşkilatlarında gənclər xüsusi fəallığı ilə seçilir. Demək olar ki, rəhbər postları gənclərə həvalə etmişik”.

F.Qəhrəmanlı bildirib ki, partiyada gənc siyasətçilərin yetişdirilməsi üçün, eləcə də gənclərin yüksək postlarda təmsil olunması üçün mühüm işlər görülür.

“Bu gün AXCP-də xeyli sayda gənc siyasətçilər Azərbaycan ictimaiyyətinə təqdim olunub. Xüsusi olaraq ad çəkmək istəmirəm, amma bütün hallarda partiyanın perspektivi, partiyanın gələcək idarə olunmasında kifayət qədər siyasi təcrübəyə malik olan gənc siyasətçilərimiz var. Onlar gələcəyin lideri kimi yetişdirilir. Hələ xalq hərəkatı dövründə baş verən proseslərdə fəallığı ilə seçilən nəsil artıq estafeti müəyyən mənada gənclərə verib. Bu baxımdan həm partiyanın liderinin nisbətən gənc olması, həm də onun kamandasının gənc olması baxımından AXCP-ni gənclərin partiyası hesab etmək olar”.

ADP: “Gənc siyasətçilərin yetişməsi üçün normal şərait yoxdur”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da rəhbərlik etdiyi partiyada gənclərin özlərini ifadə etməsi üçün hər bir şəraitin yaradıldığını deyib. Onun sözlərinə görə, ADP təkcə üzvlüyündə olan gənclərə deyil, bütövlükdə hər bir gəncə normal siyasi fəaliyyət üçün lazımı kömək göstərir.

“Bildiyimiz kimi bizim partiyda da gənclər təşkilatı fəaliyyət göstərir. Hətta partiyamıza üzv olmayan gənclərərə də biz şərait yaradırıq ki, onlar öz sözlərini deyə bilsinlər, siyasi arenada lazımı yer tuta bilsinlər”.

S.Cəlaloğlu qeyd edib ki, Azərbaycanda gənc siyasətçilərin yetişməsi üçün normal şərait yoxdur. Bu baxımdan gənc liderlərin yetişdirilməsi qəliz məsələdir:

“Azərbaycanda siyasi fəaliyyət üçün normal şərait olmadığına görə, deyə bilərəm ki, siyasi kadrların yetişdirilməsində ciddi problemlər var. Siyasətçi yalnız siyasi proseslərdə formalaşır. Gərək ölkədə fəal siyasi həyat ola ki, yeni kadrlar meydana çıxsınlar. Bu baxımdan deyə bilərəm ki, ölkədə yüksək potensiala malik olan gənclərin sayı o qədər də çox deyil. Millətini, xalqını sevən insanlar da var. Amma say baxımından bunlar çox azdırlar. Bu da Azərbaycanın gələcəyi üçün çox narahatçılıq doğuran məsələdir. Bizim gənclərimiz kiminlə mübarizədə möhkəmlənsinlər? Qarşıda mübarizə apara biləcək qüvvə olmadığına görə, gənclər də formalaşa bilmir. Müxalifət bir-biri ilə mübarizə aparmaqla formalaşa bilməz. İqtidarda olan qüvvələr də bizimlə rəqabətdən qaçırlar”.

Müsavat: “Başqan müşavirləri arasında gənclər çoxluq təşkil edir”

Müsavat başqanının müavini Mehman Cavadoğlu da Azərbaycan gəncliyinin geniş ictimai-siyasi aktivliyə malik olduğunu bildirib. O, bu aktivliyin Müsavat Partiyasında müşahidə oldunuğunu və partiyada perspektivli gənc siyasətçilərin çoxluq təşkil etdiyini qeyd edib

“Partiyanın ayrıca gənclər təşkilatı var. Bildiyiniz kimi, təşkilatın sədri hazırda həbsdədir. Tural Abbaslı Müsavat Divanının üzvüdür. Partiya başqanının müavini də gənc fəaldır. Bizim gənclər təşkilatında vakansiyalara yeni üzvlər seçilərkən daha çox gənclərə üstünlük verilir”

M.Cavadoğlu Müsavat Partiyasında yetişdirilən gəns siyasətçilərin yaxın zamanlarda ölkədə önəmli siyasi fiqura çevriləcəyini əminliklə ifadə edib. Onun sözlərinə görə, Müsavat Partiyası Azərbaycan gəncliyinə hər zaman dəstək olub.

“Mən əminəm ki, Müsavat mətbəxində yetişən gənc siyasətçilər gələcək zamanlarda Azərbaycanın siyasi arenasında çox önəmli yerlərdən birini tutacaqlar. Bizdə Müsavat Məclisində çoxlu sayda gənclər təmsil olunurlar. Eyni zamanda Müsavat Partiyasının başqan müşavirləri arasında gənclər də çoxluq təşkil edirlər. Bu baxımdan mən deyə bilərəm ki, Müsavat partiyasında liderlik potensialı olan gənclər çoxdur”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər