Modern.az

“Opera və Balet Teatrı qurultay keçirmək üçün Müsavata razlıq verib”

“Opera və Balet Teatrı qurultay keçirmək üçün Müsavata razlıq verib”

31 Mart 2012, 13:26

“Bakı Şəhər İcra Hakimiyyətinin qurultayla bağlı cavabı irəliyə doğru atılan bir addımdır”. Bu fikirləri Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin qurultayla bağlı verdiyi qərarı şərh edərkən bildirib. G.Aslanlı qeyd edib ki, qurultayla bağlı yekun qərar partiyanın birinci gün keçirilən Divanında müzakirə olunacaq.

“Məsələ hələki partiyanın Divanında müzakirə olunmayıb. Amma ilkin fikir mübadiləsi aparmışıq. Mən hesab edirəm ki, bu məktub irəliyə doğru atılan bir addımdır. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin atdığı bu addımın tam olmadığını düşünürük. Məktubdan belə məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyəti bizə müraciətdə qeyd etdiyimiz yerdə qurultay keçirilməsinə etiraz eləmir. Sadəcə bu məsələdə Opera və Balet Teatrı ilə razılaşmanı bizim üzərimizə qoyur”.

G.Aslanlı əlavə edib ki, partiya səviyyəsində Opera və Balet Teatrının rəhbərliyi ilə əlaqə saxlanılıb və qurultayın keçirilməsi ilə bağlı müsbət cavab alınıb.

“Opera və Balet Teatrının rəhbərliyi də qabaqcadan bizə bildirmişdi ki, Bakı şəhər İcra Hakimiyyəti razılıq verərsə, onlar qurultayın orada keçirilməsinə etiraz etməyəcəklər. Sonda isə qeyd edim ki, meriya bu məsələni özü də həll edə bilərdi, lakin bizim üstümüzə qoydular”-deyə Müsavat rəsmisi vurğulayıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın qurultayının keçirilməsi ilə bağlı müraciətə cavab verib. Cavab məktubunda qurultay üçün Opera və Balet Teatrı tövsiyyə olunub. Lakin teatr Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olduğu üçün Müsavat Partiyasına Opera və Balet Teatrının rəhbərliyi ilə razılığa gəlmək məsləhət görülüb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər