“Siyasi partiyalar haqqında” qanun layihəsi uzun müddətdən sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb. Bəzi əlavə və dəyişiklikləri əhatə edən yeni qanun layihəsi siyasi partiyalar tərəfindən birmənalı qarşılanmadı. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların maliyyələşməsini özündə əks etdirən yeni layihə bir çox müxalifət partiyalarının narazılığına səbəb oldu.
“Bu qanunla müxalifət partiyaları ləğv ediləcək”
Liberal Partiyasının sədri Əvəz Temirxan bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında”qanun layihəsinin müxalifət partiyalarına qarşı hazırlandığını bildirib. Ə.Temirxanın sözlərinə görə, qanunun tələbləri Azərbaycanda müxalif partiyalarını sıxışdıracaq:
“Bu qanun “Siyasi partiyalar haqqında” qanun deyil, siyasi partiyaların qadağan olunması haqqında qanun layihəsidir. Qeyd edilir ki, partiya üzvlərinin sayı 5 min olmalıdır. Amma Liberal Partiyasının 5 mindən qat-qat çox üzvü var. Məsələ burasındadır ki, siyasi partiyaların yenidən qeydə alınması gündəmdədirsə, bu o deməkdir ki partiyalar qeydiyyatdan çıxarılacaq. Bir sözlə, onlara sərf eləməyən müxalif partiyaların hamısının qeydiyyatı ləğv ediləcək. Biz bunu mürtəce bir qanun hesab edirik”.
Partiya sədri hesab edir ki, qeydiyyata alınan bütün partiyalara ofis verilməli və bütövlükdə maliyyə problemləri həll edilməlidir. Ə.Temirxan onu da bildirib ki, çoxpartiyalılıq vətəndaş cəmiyyətinin əsas meyarlarından biridir.
“Diqqət edin, indiyə kimi Azərbaycan iqtidarının keçirdiyi seçkidə müxalifətin səs faizi 1.5 faizdən çox tanınmayıb. İndi isə maliyyələşmək üçün 3 faiz səs həddi qoyurlar. Mən hesab edirəm ki, partiyaların maliyyələşməsində iki meyar əsas götürülməlidir. İlk növbədə qeydiyyata alınan bütün partiyalara ofis verilməli və onlar maliyyələşməlidir. Kimsə 60 faiz səs ala bilər, kimsə 6 səs ala bilər. Hər dəfə buna uyğun maliyyələşmə müəyyən edilməlidir.Azərbaycanın dövlət təhlükəsizliyi vətəndaş təhlükəsizliyinin inkişafından keçir. Bunu unutmaq olmaz. Vətəndaş cəmiyyətinin onurğa sütunu çoxpartiyalılıq sistemidir. Bu baxımdan siyasi partiyalar maliyyələşdirilməlidir”-deyə Ə.Temirxan əlavə edib.
“Bu siyasi partiyalar haqqında deyil, Yeni Azərbaycan Partiyası haqqında qanundur”
ADP sədri Sərdar Cəlaloğlu “Siyasi partiyalar haqqında” qanun layihəsini tənqid edib. O bildirib ki, Milli Məclisdə müzakirə olunan qanun daha çox hakim partiyanın xeyrinədir:
“Bütün dünyada qəbul edilən norma budur ki, hər hansı qanun hazırlanarkən tərəflərin mövqeyi öyrənilməlidir. Qanun problemin aradan qaldırılması və inkişaf üçün dəyişdirilir.
Amma bu qanun isə tam əksinə. Təsəvvür edin Azərbaycanda bələdiyyə haqqında, gömrük haqqında və s. sahələri əhatə edən qanun hazırlanarkən ən kiçik vəzifə sahibinin rəyini öyrənməyə çalışırlar. Lakin Azərbaycanda partiyalar haqqında qanun hazırlanır, heç bir siyasi partiyanın da rəyi öyrənilmir. Buna görə mən bu qanunu Yeni Azərbaycan partiyası haqqında qanun hesab edirəm. Bu, “Siyasi partiyalar haqqında” qanun adlana bilməz”-deyə S.Cəlaloğlu sərt münasibət bildirib.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi nəzərdə tutulub. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5 min imzanın toplanılması əsas şərtlərdən biri olacaq.
Anar RÜSTƏMOV