Hər bir xalqın, millətin özünəməxsus geyim təzi, üslubu var. Elə ölkələr var ki, orada bahalı geyimə, elələri də var ki, ucuz da olsa zövqlü, gözəl və ən əsası dəbə üstünlük verilir. Bəs hansı ölkələrdə daha çox bahalı geyimlər geyinirlər?
Modern.az saytı bu haqda məşhur modelyer Fəxriyyə Xələfovadan soruşub. Onun sözlərinə görə, bahalı geyimlər və onların satışı Fransadadır.
”Orada həm bahalı geyimlər satışa çıxarılır, həm də Parisdə belə geyimlərin moda həftəsi keçirilir”.
F.Xələfova bildirib ki, Fransa mərkəzdir, hər hansı bir xalqın nümayəndəsi buradan bahalı geyimləri ala bilər, çünki ən bahalı geyimlər ancaq orada satılır.
Modelyer deyib: “Bahalı geyimə üstünlük verən xalqlara gəldikdə, konkret ad çəkə bilməyəcəm. Amma mərkəz olaraq Fransanı deyə bilərəm. Çünki orada elə geyim nümunələri var ki, onların qiyməti 35 min avrodan 60 min avroya qədərdir. Hətta elə geyimlər var ki, onların qiyməti 100 min avrodur”.
Ən zövqlə geyinən şəhər sakinlərinə gəldikdə isə moldelyer bildirib ki, İtaliyanın Milan şəhərinin sakinləri hədsiz zövqlə geyinirlər:
”Ona görə ki, bir çox moda evlərinin “Show room”ları Milandadır və dünyaca məşhur modelyerlər burada çalışır. “Armani”, “Dolce Gabbana” və bir çox İtaliya brendlərinin mərkəzləri Milandadır. İstər-istəməz bütün modelyer agentlikləri də Milanda yerləşir”.
F.Xələfova onu da qeyd edib ki, Milan şəhərinə gedən hər bir insan istər-istəməz oranın sakinlərinin necə gözəl geyinməsinə heyran qalır.
Sevinc İLTİFATQIZI