Onkoloq Nəsimi Qasımov: “Azərbaycanda süd vəzi xərçəngi birinci yerdədir”
Dünya tarixinin müxtəlif dövrlərində meydana çıxan xəstəliklər Yer kürəsində demoqrafik dəyişikliklərə səbəb olub. Xərçəng xəstəliyi kimi tanıdığımız bədxassəli şişlər isə XXI əsrin lənəti olaraq hər il milyonlarla insanı öldürür. Son vaxtlar ölkəmizdə də onkoloji xəstələrin sayı durmadan artır. Bunu müxtəlif səbəblərlə əlaqələndirmək olar. Modern.az saytı bu barədə mütəxəssis rəyini öyrənmək üçün Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi, Onkoloji kafedranın dosenti Nəsimi Qasımovdan müsahibə alıb.
- Nəsimi həkim, son dövrlərdə şiş xəstəliklərinin artmasına səbəb nədir?
- Əhali arasında bədxassəli şişlərin yayılmasına təsir edən və ümumiyyətlə, dünyada qəbul edilən bir sıra faktorlar var. Bu faktorların ən aparıcılarından biri siqaret çəkməkdir. Siqarət çəkməkdən bədxassəli şişlərin əmələ gəlməsi 34-36 faiz təşkil edir.
İkinci yerdə qidalanma faktoru dayanır. Qidalanma faktoru öz xüsusi çəkisinə görə, siqaret çəkmə faktorundan çox yuxarıda durur. Belə ki, 100 faizlik bədxassəli şişlərin əmələ gəlməsini götürsək, qidalanma faktoru 40-43 faiz təşkil edir. Alkoqol qidalanma faktoru içərisində çox az faiz təşkil edir, 2-4 faizdən yuxarı çıxmır. Tünd spirtli içkilərin daimi və həddən artıq qəbul etmək həzm traktının yuxarı hissəsinin və qaraciyərin bədxassəli şişlərinin əmələ gəlməsindən başqa bir yerdə elə böyük rolu yoxdur. Qidalanma faktorunun içərisində əsas yeri heyvani məhsulların, heyvani yağların qəbulu tutur.
Növbəti yerlərdən birini sənaye və ətraf mühitin çirklənməsi ilə əlaqədar olan amillər tutur. Daha sonra nəsil törətmə, bu əsasən qadınlara xas olan bir faktdır, yəni hamiləliklərin sayı, yeni nəsil törədən uşaqların sayı, erkən, yaxud gecikmiş ailə həyatı qurmağın və hamiləliyin hansı yaşa düşməsi səbəblərdəndir.
Növbəti səbəblərdən biri şüalanmadır. Bura təbii fon şüalanması, yəni günəş inolyasiyası, bundan başqa yerindən, məkanından asılı olaraq fon şüalanmasından artıq dozaların alınması daxildir.
Digər faktorlar genetik, nəsli faktordur ki, bu da o qədər böyük rol oynamır, 2-4 faizdən yuxarı qalxmır.
Beləliklə, bədxassəli yaradan şişlərin səbəblərini saymaqla yanaşı, həm də bioloji virus və bakteriyaların da sayı son zamanlar artır. Belə ki, qaraciyər xərçənginin əmələ gəlməsində hepatit B və C viruslarının yayılması bu tip bədxassəli şişlərin artmasına səbəb olur.
Bir sıra Şərq ölkələrində hepatit virusları əhalinin 20-30 faizi arasında yayılıb və yayılma artmaqdadır. Bu xəstələrlə maarifləndirmə işləri düzgün aparılmır.
Uşaqlıq boynu xərçənginin əmələ gəlməsində də xüsusi viruslar var ki, onlar da şiş xəstəliklərinə səbəb olur.
Mədə xərçənginin əmələ gəlməsində helikabakteripilleri bakteriyası əsas amillərdən biridir. Bədxassəli şişlərin əmələ gəlməsində insan ömrünün artmasını da əsas götürmək olar. Müəllimlərmizdən biri Nikolay Nikolayeviç Blaxen keçən əsrin 80-ci illərində mühazirələrin birində deyirdi ki, insan ömrü o qədər çox olacaq ki, nəhayət bu qocalmış orqanizmin bu dünyadan o dünyaya köçməsinin səbəblərindən biri də bədxassəli şişlər olacaq. Urbanizasiya , şəhərləşmə bədxassəli şişlərin yaranma səbəblərindəndir.
Bir faktı da qeyd edim ki, ilbəil həyatında ilk dəfə diaqnoz qoyulan xəstələrin sayı artıb. Düşünülür ki, 2050-ci ildə xəstələnənlərin sayı ildə azı 25 milyondan yuxarı, ölənlərin sayı 16 milyondan çox olacaq. Bu gün bədxassəli şişlərdən ölüm dünyada 3-cü yerdədir. Birinci yerdə ürək-qan-damar və beyin-damar xəstəlikləri, ikinci yerdə travmatizm və üçüncü yerdə onkoloji xəstəliklərdir.
- Bu diaqnozla hər il nə qədər xəstə muraciət edir?
- Azərbaycanda bədxassəli şişlərlə xəstələnmə o qədər də yüksək rəqəmlərlə deyil. İldə bizim təqribən 10 minə yaxın bu xəstəliklə diqanoz qoyulan xəstəmiz olur. Hesabatda dayanan xəstələrin sayı da 25-28 min civarında olur. Bu Azərbaycan üçün elə də büyük fakt deyil.
- Xərçəng xəstəliyinin daha çox hansı növü yayılıb?
- Azərbaycanda süd vəzi xərçəngi birinci yerə çıxıb. İldə 1200-1300-dən yuxarı belə xəstə qeydə alınır. İkinci yerdə kişilər arasında daha çox yayılmış ağ ciyər xərçəngidir. Mədə-bağırsaq traktının xərçəngi çox yayılıb. Qadınlar arasında uşaqlığın və yumurtalıqların bədxassəli şişləri çox yayılan patalogiyalardır.
- Bu xəstəlik qadınlarda çox yayılıb, yoxsa kişilərdə?
- Ölkədən-ölkəyə fərq var. Azərbaycanda cuzi miqdarda kişilərdə çoxdur. Rusiyada da kişilərdə çoxdur. İngiltərədə isə qadınlar arasında geniş yaranıb. Ümumiyyətlə, kişilərdə çoxdur.
- Xəstəlik hansı orqanlarda çox müşahidə edilir?
- Ən çox qadınların süd vəzilərində, uşaqlıq boyunun və cisminin, yumurtalıqların xərçəngi, ağ ciyərlərdə, mədədə, kişilərdə isə yoğun bağırsıqda daha çox müşahidə olunur. Bununla yanaşı. son dövrlərdə dəri xərçəngi də yayılıb, çünki bizim ölkədə günəş inolyasiyası altında əhali daha çox olur.
- Bədxassəli şiş xəstəlikləri hansı yaş həddində daha çox təsadüf olunur?
- Bədxassəli şişlər 40 yaşından başlayaraq, artmağa doğru gedir. Dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da bədxassəli şişlərlə tibbi xidməti qurmaq üçün qanun var. Qanun 40 yaşından sonra əhali arasında ildə bir dəfə profilaktik baxışın aparılmasını vacib sayır.
- Uşaqlar arasında xəstəliyin yayılması nə dərəcədə nəzərə çarpır?
- Uşaqlar arasında da bədxassəli şişlərin əmələ gəlməsi vardır. Sadəcə olaraq, böyük insanlarda rast gəlinən bədxassəli şişlərlə uşaqlar arasında rast gəlinən bədxassəli şişlər arasıənda fərq var. Belə ki, uşaqlarda bu xəstəliklərin yaranması qanın və qan yaradıcı üzvlərin bədxassəli prosesləridir. Bunlar içərisinə leykozlar, linfoqranamotoz, anadangəlmə embiranal şişlər, yumşaq toxuma, sümük şişləri, nefroblastomalar, neyroblastomalar, bu kimi xəstəliklər geniş vüsət alıb. Erkən yaşdan 15 yaşına kimi uşaqlarda olur.
- Xəstəlik şəhərlərdə çox artıb, yoxsa bölgələrdə?
- Bu tip xəstəliklər həmişə iri sənayə şəhərlərində çox yayılır. Təbii ki, bizdə də regionlara nisbətdə iri sənaye şəhərlərində və paytaxtda daha çox yayılıb.
- Azərbaycanda il ərzində xəstəlikdən nə qədər insan dünyasını dəyişir?
- Təqribən bu xəstəlıiyə tutulma 10 minə qədərdir. 5 min civarında da il ərzində ölüm var.
- Xəstələrin xaricə üz tutması nə ilə əlaqədardır?
- Bu bir neçə faktorla əlaqlədardır. Birincisi, varlılar nəinki müalicə, hər şey üçün xaricə gedirlər. Lakin bir qrup insanlar var ki, onların bütün həyat tərzi burdadır. Buna da səbəb yerli həkimlərə inamın bir qədər sınması, bizim dövrü mətbuatın öz səhiyyəmizi düzgün təbliğ etməməsidir. Görkəmli bir həkimə rüşvətxor damğası vurandan sonra heç kim o həkimin yanına müalicə üçün getməz də…
Amma xaricə guya rüsvətxor olmayan həkimin yanlına gedir. Bir şeyi yadda saxlamq lazımdır - xarici həkimin bizim vətəndaş qarşısında maddi, mənəvi, hüquqi məsulliyəti varmı, xəstə bir dəfə gedir, bütün madiyyatını itirəndən sonra bizim yanımıza qayıdır. Orada aparılan müalicənin düzgün olub-olmaması böyük sual doğurur, çünki hər bir kəs gedib müvafiq mütəxəsisi xarici ölkədə tapmaq ixtiyarında deyil. Onkoloji xəstə neçə dəfə xaricə gedə bilər, gedib bir dəfə əməliyyat oluna bilər, amma onun müalicəsi vətənində olmalıdır.
- Vaxtında müraciət olunsa, xəstəliyin qarşısını almaq olarmı?
- Bu xəstəliyə bu gün 4 yanaşma forması var:
I - tam sağalma
II - sağalma
III - xəstənin vəziyyətinin yaxşılaşması
IV - xəstənin həyat tərzinin yaxşılaşması
Bu, xəstəliyi hansı dövrdə aşkar etməyimizdən asılıdır. Onkoloji xəstəlik uzun müddət sağalmış olsa da, nə vaxtsa yenidən qayıdır. Biz ildə bir dəfə özümüzü həkimə göstərsək, vaxtında xəstəliyin üzərinə düşsək sağalamlığın faizi çoxalar. Bu gün onkoloji xəstəliyin dünyada sağalma faizi 60 faizdən yuxarıdır. XX əsrin əvvəllərində bu sağalma faizi 10 faiz olub. Bədxasssəli şişlərin olmasını eşidəndə intihar halları da baş verir. Təcrübəmdə bu faktları görmüşəm. Bu insan psixologiyasının oynaqlığı ilə bağlıdır. Peşəkar həkim bu kimi halları nəzərə alıb xəstə ilə psixoloji söhbət aparmalı, onda həyat eşqi oyatmalıdır...
Nihadə Eyyubova