"Mən hesab edirəm ki, müstəqil Azərbaycan dövləti sovet dövründə yığılan əmanətlərə cavabdehlik, məsuliyyət daşımır. Buna baxmayaraq, Azərbaycan dövlətinin güclü sosial siyasətini və yenə də deyirəm, insan amilinin diqqət mərkəzində olduğunu bir daha nəzərə alaraq qərar verildi və mənim tərəfimdən Sərəncam imzalandı ki, batmış əmanətlərə görə kompensasiya ödənilsin".
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda dövlət başçısı sovet dövründən qalmış əmanətlərdən danışıb. O, qeyd edib ki, bu ilin birinci rübündə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsü irəli sürülmüşdür: “Bu, çox ədalətli və müsbət təşəbbüsdür. Mən hesab edirəm ki, müstəqil Azərbaycan dövləti sovet dövründə yığılan əmanətlərə cavabdehlik, məsuliyyət daşımır. Buna baxmayaraq, Azərbaycan dövlətinin güclü sosial siyasətini və yenə də deyirəm, insan amilinin diqqət mərkəzində olduğunu bir daha nəzərə alaraq qərar verildi və mənim tərəfimdən Sərəncam imzalandı ki, batmış əmanətlərə görə kompensasiya ödənilsin. Deyə bilərəm ki, bu, çox əhəmiyyətli kompensasiyadır. Postsovet məkanında bir neçə ölkədə buna oxşar təşəbbüslər irəli sürülmüşdür. Ancaq deyə bilərəm ki, Azərbaycandan başqa heç bir yerdə cəmi iki il ərzində bu məbləğ qaytarılmayıb. Biz kompensasiya üçün təxminən bir milyard manat həcmində vəsait nəzərdə tutmuşuq və iki il ərzində bu vəsaitin insanlara verilməsi prosesi təşkil edilməlidir. Onu da qeyd etməliyəm ki, mən adətən başqa ölkələrlə müqayisə aparmağı o qədər də istəmirəm. Çünki hesab edirəm ki, bu, o qədər də düzgün addım olmaz. Yəqin, fikir vermisiniz, baxmayaraq ki, Azərbaycan demək olar, bütün göstəricilərinə görə bir çox ölkələrdən üstündür, heç vaxt mən müqayisə üçün, yaxud da ki, uğurlarımızı daha da qabarıq göstərmək üçün kiminsə problemlərini üzə çıxarmıram, hesab edirəm kİ, bu, qeyri-etik davranışdır.
Ancaq ümumi sözlərlə deyə bilərəm ki, heç bir yerdə bizim qədər yüksək əmsal tətbiq edilmir. Müqayisə üçün deyə bilərəm ki, bizdə bu barədə kifayət qədər məlumatlar verilmişdir, mətbuatda da dərc edilmişdir. Bir daha xatırlatmaq istəyirəm ki, hələ 1992-ci ildə milli valyutaya keçid dövründə on sovet rublu bir Azərbaycan manatı nisbətində əvəz olunmuşdur – birə on. 2006-cı il yanvarın 1-də manatın denominasiyası həyata keçirilmişdir. Beləliklə, beş min Azərbaycan manatı – köhnə manat bir yeni manata bərabər olmuşdur. Buna baxmayaraq, hazırda min rublu olan əmanətçiyə 150 manat, yaxud da ki, 180 dollara yaxın kompensasiya ödənilir. İki min rublu olan 300 manat, yaxud da ki, 400 dollar alacaqdır. Bu cədvəli davam etdirmək olar. Yəni, bu, özlüyündə onu göstərir ki, ən yüksək əmsal və ən qısa dövr Azərbaycandadır. Bu, bir daha Azərbaycan dövlətinin həmin məsələyə nə qədər həssas olduğunu göstərir. Mən bilirəm ki, Azərbaycan vətəndaşları bu təşəbbüsü alqışlayırlar. Əlbəttə ki, bunun insanların yaşayış səviyyəsinə müsbət təsiri olacaqdır. Bir də ki, biz bir növ ədaləti bərpa edirik. Bütövlükdə, sovet dövründə 2 milyon 400 şəxsi hesab olmuşdur. İndi bizi böyük texniki işlər gözləyir ki, bu vəsait vaxtında və tam dəqiqliklə verilsin”.
Modern.az