Modern.az

Fövqəladə Hallar Nazirliyində abituriyent sayından təəcübləniblər

Fövqəladə Hallar Nazirliyində abituriyent sayından təəcübləniblər

18 Aprel 2012, 12:08

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında oxumaq üçün sənəd verən abituriyentlərin sayı nazirlikdə təəccüblə qarşılanıb.
Akademiyadan Modern.az-a verilən məlumata görə, 2012-2013-cü tədris ili üçün əyani təhsil üzrə 15 gün ərzində 1000 nəfərdən çox gənc sənəd verib. Sənəd qəbulunun aprelin 30-dək davam edəcəyini nəzərə alsaq, bu rəqəmin iki dəfəyədək artacağını proqnozlaşdırmaq olar.

Bu il FHN-nin  Akademiyasına əyani təhsil üzrə 100 kursant (müdavin) qəbulu üçün plan yeri ayrılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına "Yanğın təhlükəsizliyi mühəndisliyi" və "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə qəbul aparılır. 

Bu ixtisaslar üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 160 sm, tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı ("Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə isə 01.09.2012-ci il tarixinədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Namizədlər  Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq nazirliyin xüsusi həkim ekspertiza komissiyasında, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaq və yoxlamalardan keçməlidirlər.

Sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.

Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunur və təqaüd alırlar.

Təhsil müddəti 4 ildir və təhsil Azərbaycan dilində aparılır.

Akademiyanın məzunlarına "Yanğın təhlükəsizliyi mühəndisliyi", "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilir, onlar Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər