QMİ: “Şuşa məscidinin təmiri üçün ermənilər heç bir təklif irəli sürməyiblər”
2010-cu ilin aprelində Bakıda keçirilən Dünya Dini Liderlərinin Ümumdünya Sammitində iştirak edən erməni katalikosu II Qaregin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadəyə Şuşa məscidinin təmir ediləcəyi ilə bağlı söz vermişdi. Bir müddət sonra II Qaragenin müavini arxiyepiskop Eznik Petrosyan bildirdi ki, məscidin bərpa layihəsi hazırlanacaq və təmir işlərinə qısa müddət ərzində başlanılacaq.
Amma aradan iki il müddət keçməsinə baxmayaraq, ermənilər tərəfindən Şuşa məscidinin təmiri ilə bağlı hər hansı addım atılmayıb. Məlumata görə, qarşı tərəf verdiyi sözə əməl etməkdən imtina edib.
Məsələ ilə bağlı Modern.az Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayıb. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova əməkdaşımıza deyib ki, 2010-cu ildə tərəflər arasında belə danışıqlar olub. Amma sonradan bu məsələ gündəmdən çıxıb: “Şuşa məscidinin təmir olunması ilə bağlı hər hansı irəliləyiş yoxdur, bununla bağlı qarşı tərəfdən hər hansı təklif də gəlməyib”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanovun sözlərinə görə, komitə sədri Hidayət Orucov Bakıya gələn II Qareginə bildirib ki, sırf Azərbaycan məscidi olan Şuşa məscidinin saxtalaşdırılmasının qarşısını almaq üçün azərbaycanlı mütəxəssislərin rəyi nəzərə alınmalıdır.
Mail Ağaxanov