Azərbaycan problemin ədalətli həlli üçün özünün malik olduğu biznes “rıçaqlarından” istifadə edə bilər
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özünün haqlı mövqeyini dünya çapında möhkəmləndirmək üçün dünyanın iri biznes holdinqlərinin və investorlarının
marağına səbəb ola biləcək addım ata bilər. Şübhəsiz ki, rəsmi Bakının həmin iri biznes dairələrinə işğal altında olan torpaqlarda qalmış faydalı ehtiyatların, turizm perspektivi üçün əhəmiyyət daşıyan yerlərin, o cümlədən kommunikasiya yolları ilə bağlı investisiya layihələrinin birgə işlənməsi üçün çağırışı ciddi rezonans doğuracaq. İlk baxışdan inanılmaz təsiri bağışlayan bu təklif ölkəmiz üçün böyük bir təbliğat sahəsinə çevriləcək. Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeynin lobbi dəstəyi əvəzində həmin şirkətlərə “böyük sülh” bağlandıqdan sonra işğal olunmuş ərazilərdə yerləşən faydalı qazıntıların istismarı üçün xüsusi “güzəşt paketi”ni təkilf edə bilər.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi artıq 20 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal altındadır. Nəticəsə Azərbaycan həm maddi, həm də mənəvi itkilərə məruz qalıb. Düşmən tapdağında olan Şuşanın, Kəlbəcərin, Laçının və eləcə də digər rayonların zəngin sərvəti Ermənistan tərəfindən amansızcasına talana məruz qalmaqdadır. Beynəlxalq hüquq işğal edilən torpaqların Azərbaycana məxsus olmasını rəsmən təsdiqləsə də, hələ də zəngin təbii sərvətlərimizdən iqtisadi potensialımızın inkişafı naminə faydalana bilmirik.
Qızıl, civə, mis yataqları düşmən işğalında qalıb
Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunub. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan (cəmi 558 km) dövlət sərhəddi Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xətləri dağıdılıb. Baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərindəki yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır.
İşğal altında olan ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, xrom, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Ərazinin kurort-rekreasiya potensialı da genişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən əsas böyük 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir. Bu böyük ehtiyatlar Azərbaycanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edir və şübhəsiz ki, Ermənistanın təcavüzü olmasaydı, onların istismarına iri investorlar cəlb edilmişdi.
Kəlbəcərdə qalan “İstisu”, Zəngilanda qalan Vejnəli qızılı
Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmanə yataqlarında cəmlənib. Burada istismara hazır olan filiz ehtiyatları öyrənilib. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yetişir.
İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində və böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır.
Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəlikləri müalicə etmək mümkündür.
İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, su kəməri vasitəsi ilə Şuşa şəhərinə verilir. Turşsu və İsa bulağı əsrlər boyu Qarabağın poeziya və musiqi məclislərinin qurulduğu yerlər olub.
Onu qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal altında olan rayonların payına düşür.
Talan olunan sərvətimiz
Ermənistan bu ehtiyatları necə gəldi talamağa girişib. Aparalan araşdırmalar göstərir ki, ermənilər işğal edilmiş ərazilərdən qiymətli təbii sərvətləri talamağa əsasən 90-cı illərin sonlarında-2000-ci illərin əvvəllərində başlayıblar. Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqlarında qanunsuz istismar aparılıb və bu proses indi də davam edir. Sonradan Ağdərə və Zəngilanda da qızıl yataqlarının talan edilməsi başlayıb. Tanınmamış Dağlıq Qarabağ “hökuməti” də dağ filiz sənayesini ən çox gəlir gətirən perspektivli sahə hesab edir. 2002-ci ilin avqust ayında yaradılmış “Base Metals” MMC şirkəti artıq 4 ildir ki, Ağdərə rayonunun Qızılbulaq (Drambon) kəndindəki mis-qızıl mədənlərini işlədir.
Məlumata görə, Qızılbulaq yatağında qızıl ehtiyatı 13,5 ton təşkil edir. Mədəndə hər ay 12 min ton filiz çıxarılır və saflaşdırma kombinatında emal edilir. Konsentrat Ermənistana aparılır, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılır. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. İşğal edilmiş ərazilərdə faydalı qazıntıların hasilatı ilə “Maneks və Valeks” adlı şirkət də məşğuldur. Bu şirkət Qarabağda işlətmək üçün 2005-ci ildə əsasən Cənubi Amerika ərazilərindən (Braziliyadan və Argentinadan) 146 nəfər işçi gətirib.
1997-ci ilin sentyabr ayında Kəlbəcərdə filizçıxarma işlərinin aparılması üçün Ermənistanın Sənaye və Ticarət Nazirliyi ilə Kanadanın “First Dynasty Mines” (“FDM”) şirkəti arasında müqavilə imzalanıb. “FDM”-in aktivləri “STERLİTE GOLD LTD” Şirkətinə məxsusdur. Şirkətin baş qərargahı Böyük Britaniyanın London şəhərində, səhmləri isə Toronto fond birjasında hərraca çıxarılır. Erməni mənbələrində yer alan statistikaya əsasən, 2001-2003-cü illər ərzində qondarma “respublikanın” iqtisadiyyatının dirçəldilməsinə 35 milyon ABŞ dolları məbləğində investisiya qoyulub. Bu məbləğin 25 mln dolları xarici, 5 mln. dolları Ermənistanın və bu qədər də Qarabağda yaşayan iş adamlarının payına düşür. Həmin vəsait də əsasən mineral ehtiyatların istismarına yönəldilib.
Son illər isə ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Livan, Rusiya və Ermənistanda yaşayan Qarabağ erməniləri tərəfindən Dağlıq Qarabağa investisiyalar daxil olmaqdadır. Bu investisiyaların bir qayda olaraq hamısı təbii sərvətlərin və faydalı qazıntıların talan edilməsinə sərf olunur. İşğal edilmiş bölgələrdə qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər meşələr hesab oluna bilər. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq yarımfabrikat şəklində xarici ölkələrə satırlar. Ermənistan mətbuatından götürülmüş faktlara əsasən, bu talançılıqda inhisarçı mövqe düşmən ölkənin hakim siyasi elitasına aiddir.
Belə ki, keçmiş prezident Robert Köçəryan Qarabağda ağac emalı, qızıl hasilatı və digər biznes sahələrinə nəzarət edir. İndiki prezident Serj Sərkisyan isə Dağlıq Qarabağda bütün üzüm emalı və mineral su istehsalını əlində cəmləyib. Ermənilər tərəfindən talan edilən daha bir “xəzinəmiz” Zəngilan rayonunnda yerləşən Vejnəli qızıl yatağıdır. Bu yataqda qızıl ehtiyatları 6,5 ton təşkil edir. Qara mis istehsalı ilə məşğul olan “Armenian Copper Proqramme” (ACP) QSC-i 2004-cü ildə 40 min ton konsentrat emal edərək 9,5 min ton qara mis əldə edib. 2003-cü ildə isə 24 min ton konsentratdan 6,3 min ton mis emal edilmişdi. Əldə edilmiş məhsul Avropanın mis əritmə zavodlarına göndərilib.
Son məlumatlara görə, Qarabağda təbii ehtiyatların istismarına 30-a yaxın şirkət cəlb edilib. Bir neçə il əvvəl isə Dağlıq Qarabağdan MMC “GF” firması və Kuba şirkəti ilə Qarabağın qiymətli daşlarından istifadə etməklə kiçik suvenirlərin hazırlanması işlərinin başlanması üçün razılıq da əldə etmişdi və bu layihəyə 20 milyon dollar yatırmaq nəzərdə tutulmuşdu.
Rəsmi Bakı işğal edilmiş ərazilərdə xarici şirkətlərin fəaliyyəti ilə bağlı faktları toplayaraq diplomatik kanallarla onların fəaliyyətini dayandırmağa çalışır. Məsələn, 2007-ci ildə Azərbaycan XİN-in etirazından sonra Dağlıq Qarabağda təbii sərvətlərin istismarı ilə məşğul olan Rusiya şirkətlərinin fəaliyyətini dayandırmaq mümkün olub. Son vaxtlar isə Azərbaycan dövləti işğal edilmiş ərazilərdə qurulan oyuncaq rejimi iqtisadi baxımdan təcrid etmək üçün daha çevik iş aparmağa çalışır. Qarabağa gələn xarici vətəndaşlar və şirkətlər XİN-in xüsusi “qara siyahı ”sına daxil edilir.
İnvestorları Qarabağa gətirmək olarmı?
Modern.az-ın kifayət qədər beynəlxalq rezonans doğura biləcək bu təklif siyasi və ictimai sektor tərəfindən maraqla qarşılanıb.
“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov məsələ ilə bağlı bildirib ki, şirkətlər belə layihələrə maraq göstərirlər. Lakin indiki halda xarici inverstorların diqqətini işğal altında olan torpaqlarımıza çəkmək mümkün deyil:
“Qeyd edim ki, hər hansı şirkətin buna marağı var. Axı hər hansı müqavilə bağlamaq üçün bu şirkətlər həmin yerlərə baş çəkməlidirlər. İndiki halda isə bu mümkün deyil”. İcma sədri hesab edir ki, Dağlıq Qarabağın bütün sərvətləri Azərbaycana məxsus olduğu üçün hansısa şirkət özbaşına bu torpaqlarda iş görə bilməz.
“Şirkətlərlə bağlanan müqavilələr Azərbaycanın qanunlarına uyğun olmalıdır. Qanundan kənar müqavilələr qəbulolunmazdır. Həmin müqavilələr, razılaşmalar ancaq Azərbaycan Respublikasının Konstitusiyasına uyğun bağlanmalıdır. Qalanları hamısı talançılıqdır”-deyə B.Səfərov qeyd edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin fikrincə, Dağlıq Qarabağ torpaqları hazırda işğalda olduğu üçün Azərbaycan bu ərazilərə birbaşa nəzarət edə bilmir.
“Hazırda Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Təbii ki, bu baxımdan Azərbaycanın bu ərazilərə nəzarəti yoxdur. Ona görə də, erməni separatçıları və xüsusi ilə rəsmi İrəvanın separatçı rejimi müxtəlif təxribat xarakterli addımlara yol ataraq Azərbaycan xalqına məxsus olan bu sərvətləri talan etməyə çalışır. Bunların qarşısı alınmalı və beynəlxalq qanunlarla Ermənistan cəzalandırılmalıdır”-deyə XİN rəsmisi qeyd edib.
E.Abdullayev hesab edir ki, xarici şirvətlərin investisiya imkanları torpaqlar azad olandan sonra reallaşa bilər. Buna ən böyük maneə Ermənistanın işğalçı siyasətidir.
“Torpaqlarımız işğaldan azad olandan sonra regionun inkişağına yalnız Azərbaycan qadir olacaq. Qeyd edim ki, Dağlıq Qarabağa hər hansı şirkətlərin səfərlərinin mümkünsüzlüyü ondan ibarətdir ki, ərazilər işğal altındadır. Bu da regionda genişmiqyaslı layihələrin həyata keçirilməsinə imkan vermir. İndiki vəziyyətdə Azərbaycanın işğal altında olan ərazilərindəki təbii sərvətləri, ermənilər tərəfindən vəhşicəsinə talanmaqda davam edir”.
Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov isə məsələyə müsbət yanaşır. Onun sözlərinə görə, hüquq müstəvisində Azərbaycan istənilən xairici şirkətlə inversitisiya layihələrini reallaşdıra bilər və bunu qeyri-adi hal kimi qarşılamaq olmaz.
“Beynəlxalq hüquq işğal olunan əraziləri Azərbaycan torpaqları kimi rəsmən tanıyır. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərinə beynəlxalq şirkətlər tərəfindən investisiya qoymaq kimi haqqı var. Bildirim ki, bu işlə məşğul olan şirkətlər belə təkliflərə müsbət reaksiya verirlər. Belə bir müqavilə bağlamaq mümkündür. Hesab edirəm ki, Azərbaycanın zərgin sərvəti böyük şirkətlərin diqqətini çəkməyə bilməz. Buna əslində fantastika kimi yox, real baxmaq lazımdır. Hüquqi cəhətdən bu torpaqları Azərbaycana məxsus olduğu üçün belə bir proses gerçəkləşə bilər”-deyə E.Namazov vurğulayıb.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı bildirib ki, belə bir prosesi həyata keçirmək üçün iki fakt əsas götürülür. Deputatın fikrincə, işğal olunan ərazilərə küllü miqdarda yatırım etmək üçün ilk öncə vaxt və dəyər prinsipi nəzərə alınmalıdır.
V.Əhmədov qeyd edib ki, hansısa şirkət belə bir böyük layihəyə tərəddüdlə yanaşa bilər, lakin zəngin təbii sərvətlərimiz xarici investorları yaxından maraqlandırır.
“Hesab edirəm ki, bu məsələlərlə bağlı müqavilə bağlananda iki məqam əsas götürülür. Vaxt və dəyər məsələsi. İşğal olunmuş Azərbaycan ərazilərində vaxt və dəyər məsələsi ilə bağlı xarici şirkətlərdən tərəddüd edən ola bilər. Lakin qeyd edim ki, bu ərazilərimiz o qədər zəngin təbii sərvətlərə malikdir ki, dünyanın ən böyük iri şirkətləri orada investisiya yatırmaq istəyər. Bu istiqamətdə müəyyən işlər görməyin mən də tərəfdarıyam. Müəyyən şirkətlərin bu işə dəstək verəcəyinə şübhə etmirəm”-deyə millət vəkili bildirib.
V.Əhmədov həmçinin əlavə edib ki, Azərbaycan bu məsələni gündəmə gətirməklə siyasi divident qazana bilər.
Hər halda Azərbaycan belə təkliflə dünyanın böyük şirkətlərinin diqqətini çəkə biləcəyini şəksizdir. Qarabağ probleminini ədalətli həllinə böyük töhfələr verə biləcək dünyanın iri şirkətləri sonradan həmin yataqların istismarında müəyyən güzəştlər alaraq iri biznes tərəfdaşına çevrilə bilərlər.
Xaqani SƏFƏROĞLU
Anar RÜSTƏMOV