Dövlət qurumları 2 həftə müddətində elektron xidmət təşkil etməlidirlər, əks halda...
Prezidenti İlham Əliyev Nazirlər Kabinetində keçirilən son iclasda elektron xidmətlərin geniş şəkildə tətbiqinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amil olduğunu vurğulayaraq, bəzi dövlət qurumlarında bu xidmətin olmamasından və ya qismən fəaliyyət göstərməsindən narazılıq edib. İlham Əliyev aprelin 16-dakı iclasda hər bir dövlət qurumunda elektron xidmət yaradılması üçün 2 həftə vaxt verib.
Maraqlıdır, elektron xidməti olmayan nazirlik və digər dövlət qurumları Prezidentin bu xəbərdarlığından nəticə çıxarıb 2 həfə ərzində tapşırığı yerinə yetirə biləcəkmi?
Osman Gündüz: “Əksəriyəti belə xidmət göstərmir”
“Az sayda dövlət qurumu var ki, onlarda elektron xidmətlərin göstərilməsi situasiyası yaxşıdır”. Bunu Modern.az saytına açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Təhsil Nazirliyi yaxşı elektron xidməti olan azsayda dövlət qurumlarıdır. Amma digər dövlət orqanlarının böyük əksəriyətinin hələlik ya informasiya açıqlığı, ya da elektron xidmətlərin göstərilməsində ciddi problemləri var”.
O.Gündüz bildirib ki, rəhbəri olduğu təşkilat artıq iki aydır həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarının saytlarının monitorinqini aparır. Təxminən mayın sonu, iyunun əvvələrində monitorinqin nəticələri açıqlanacaq.
“Ümumiyətlə, onu deyim ki, xeyli sayda dövlət qurumu var ki, onlar saytlarında “Elektron xidmət” deyə bir bölmə açıblar. Amma o bölməyə keçəndə biz müşahidə edirik ki, orada normal keyfiyətli elektron xidmət yoxdur” deyə Osman Gündüz vurğulayıb.
Modern.az-ın əməkdaşı elektron xidməti olmayan və ya adı olub, amma heç bir xidmət göstərməyən bir neçə dövlət qurumu ilə əlaqə saxlayıb.
ƏƏSMN: “10 günə elektron xidmətlə bağlı iş yekunlaşacaq”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında “Elektron xidmət” bölməsi var. Bölməyə keçəndə orada bir neçə xidmətin adı da yazılıb, amma onların heç biri fəaliyyət göstərmir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev qurumun internet saytında göstəriləcək elektron xidmətlə bağlı işlərin xeyli vaxtdır aparıldığını deyib:
“Artıq bir sıra şöbələr tərəfindən (bir şöbədə 4-5 xidmət fəaliyəti var) əhaliyə göstəriləcək 11 ada qədər xidmət fəaliyəti müəyyənləşib və bu xidmət növləri nazirliyin rəsmi saytında da yerləşdirilib. Bu sahədə işlər bu gün də davam etdirilir”.
A.Əliyev qeyd edib ki, yaxın bir həftə, on gün ərzində elektron xidmətlə bağlı işlər yekunlaşacaq və əhaliyə sırf elektron xidmət göstəriləcək.
“Amma buna baxmayaraq əhali nazirliyin rəsmi saytında elektron müraciətlər edir və onlarıın elektron müraciətlərinə cavab verilir. Elektron xidmətin yaradılması istiqamətində işlər qrafikə uyğun aparılır və bütün şöbələr onun üzərində işləyir. Yaxın bir həftə-on gün ərzində artııq bu işlər tamamlanacaq”.
“Dövlətqaçqınnkom” - “İşlər aparılır...”
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov da onlarda elektron hökümətin və elektron xidmətin aktiv olunması ilə bağlı işlərin aparıldığını qeyd edib. O hətta görülmüş işlərlə bağlı yaxın günlərdə Nazirlər Kabinetinə, eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə hesabat verildiyini deyib.
“Hətta bununla bağlı komitə sədri tərəfindən daxili sərəncam verilib, bu sərəncam əsasında komitədə elektron hökümətlə məşğul olacaq xüsusi komissiya yaradılıb və həmin komissiyada mütəmadi olaraq elektron xidmətlə bağlı daimi işləyirlər”.
E.Qədimov artıq elektron xidmət bölmələrinin yaradıldığını və orada müəyən lazimı sənədlərin yerləşildiyini bildirib.
“Elektron imzanın alınması ilə bağlı müvafiq quruma müraciət edilib. Yəqin ki, yaxın zamanlarda cavab alınacaq. Bundan əlavə, hal-hazırda elekron xidmətlər üzrə inzibati reqlament hazırlanması üzərində iş aparılır. Bu günlərdə çox gümanki inzibati reqlamentlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə rəsmi formada göndəriləcək, onlardan rəy və təkliflər alınacaq və təsdiq olunacaq. Hazırda saytımızda vətəndaşların müraciətləri üçün elektron müraciətlər bölməsi fəaliyət göstərir. O bölmə vasitəsilə bizə edilən müraciətlər operativ şəkildə cavablandırılaraq vətəndaşlara göndərilir. Elektron xidmətin aktivləşdirilməsi gündəmdədir və bu sahədə güclü iş aparılır. Maksimum səviyədə çalışacağıq ki, deyilən vaxta və ya ondan da tez bir zamanda elektron xidmətlərimizi təhvil verək”- deyə Elçin Qədimov vurğulayıb.
Elektron xidməti hələ tam formada fəaliyət göstərməyən dövlət qurumlarından biri də Gənclər və İdman Nazirliyidir. Nazirliyin rəsmi saytının elektron xidmətlər bölməsində təkmilləşdirmə işlərinin aparıldığı yazılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, onların da “Elektron xidmət” bölməsi deyilən vaxtda tamamlanacaq.
“Nazirliyin analitika və informasiya şöbəsi əlindən gələni edəcək ki, iki həftə ərzində elektron xidmətlərin yaradılması işi yekunlaşsın və tam formada təhvil verilsin. Saytın “Elektron xidmətlər” bölməsində göstəriləcək xidmətlərin adları qeyd olunub və hazırda tamamlama işləri gedir”.
Yuxarıda adları çəkilən dövlət qurumları elektron xidməti olmayan mərkəzi icra hakimiyyəti orqanlarının yalnız bir neçəsi idi. Bu sıra xeyli genişdir.
Xatırladaq ki, hər bir dövlət qurumunda elektron xidmətin yaradılması üçün prezident hələ 2011-ci ilin may ayında sərəncam imzalamışdı. Görəsən 1 ilə yaxın müddəti boşa verən bəzi dövlət qurumları prezidentin son xəbərdarlığından sonra 2 həftə ərzində elektron xidmət təşkil edə biləcəklərmi? Yoxsa yenə görünüş xatirinə saytda adı olub, özü fəaliyyət göstərməyən “bölmələr” açılacaq? İki həftəni də gözləyək...
Aytən ƏLİYEVA