“Qazprom”u qabaqlayan ARDNŞ tarixində ilk dəfə olaraq ölkə xaricində neft quyusu qazacaq
Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) ilk dəfə olaraq xarici ölkədə - İsraildə neft çıxarmağa başlayacaq. Modern.az bildirir ki, bu barədə İzRus portalına İsrailin Bakıdakı səfiri Mixail Lotem bildirib. ARDNŞ Rusiyanın “Qazprom” şirkətini qabaqlayaraq İsrailin rentabelli neft yataqlarından birində qazma işlərinə başlamaq üçün lisenziya ala bilib.
ARDNŞ-nin törəmə şirkəti olan Caspian Drilling Company (CDC) yaxın vaxtlarda “Med Aşdod” adlanan neft yatağında 6000 metr dərinlikdə qazma işlərinə başlayacaq. Səfir bildirib ki, hazırlıq işləri yekunlaşma üzrədir və yatağa olan ərziyə avadanlıqlar gətirilir.
CDC-yə bu layihədə İsrailin Shemen Oil & Gas Resources Ltd (SMOG) konsorsiumu tərəfdaşlıq edəcək. Lotem bildirib ki, Azərbaycan şirkəti bu layihədə 2011-ci ilin payızından iştirak etməyə başlayıb. CDC-nin SMOG-la əməkdaşlıq barədə saziş ötən ilin fevralında bağlayıb.
Neft məsələləri üzrə tanınmış iqtisadi ekspert İlham Şaban bizimlə söhbətdə bildirib ki, bununla da ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisinin dediyi çin çıxıb. ARDNŞ yarandığı gündən ilk dəfə olaraq ölkə xaricində neft hasilatı layihəsinə qoşulur.
“Ancaq bu çoxlarının zənn etdiyi kimi Misir deyil, İsrail olacaq. Bu offşor layihədir”-deyə o vurğulayıb.
İ.Şabanın sözlərinə görə, ilk quyunun qazılması noyabr ayında başlamalıdır. İ.Şaban bu sazişin Türkiyə tərəfindən qısqanclıqla qarşılanacağı barədə səslənən fikirləri bölüşmədiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyənin bu danışıqlardan xəbəri olub.
“Bu danışıqlar 1 il əvvəl başlayıb və əvəzində Türkiyə Azərbaycandan 10 il üçün özünün enerji layihələrinə $17 mlrd sərməyə qoyulması ilə bağlı faktiki müqavilələr qazanıb”-deyə İlham Şaban vurğulayıb.
Ekspertin sözlərinə görə, ARDNŞ-nin bu sazişdə əldə etdiyi 5 faizliik pay az sayılmamalıdır.
“Offşor layihəsinin xərci və riski çox olur. Bunu neftçilər yaxşı bilir. Bir də o yataqda ehtimal edilən neftin həcmi azdır. Ona gorə ARDNŞ üçün kiçik bir layihədə hasilata cəlb edlmək – cığıra düşmək kimi bir şeydir”-deyə o vurğulayıb.
Bu saziş siyasi çalarlardan da məhrum deyil. İranla sərhəd olan Azərbaycan ona düşmən ölkənin rentabelli sayılan neft yatağının istismarçısına çevrilib. Situasiyanı maraqlı edən odur ki, adıçəkilən yataq raket zərbələrinə tuş gələn Qəzzə sektoruna yaxındır. Bundan əlavə, Azərbbaycan bu sazişi əldə etməklə faktik olaraq Rusiyanın maraqlarına zərbə vurub. Faktiki olaraq Kreml bu oyunda Bakıya uduzub.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Liberman hazırda Bakıdadır. Onun qapalı saxlanılan səfərinin bir mühüm aspekti də bu neft sazişinin ola biləcəyi ehtimal edilir.
X.SƏFƏROĞLU