Modern.az

Nəzir qutularına yığılan pullar hara xərclənir?

Nəzir qutularına yığılan pullar hara xərclənir?

26 Aprel 2012, 08:51

Nəzir, ianə və bu kimi məsələlər dinin əsas dəyərlərindəndir. Hətta belə bir hədis də var ki, verilən nəzir insanı baş verə biləcək təhlükədən qoruyur. Bu həmçinin insanlar arasında mübadilə rolunu oynayır. Bəs görəsən Azərbaycanda nəzir qutuları hansı mexanizmlə işləyir? Yığılan pullar hara sərf olunur?

İctimai Televiziyanın "Din və Cəmiyyət" verilişinin aparıcısı və müəllifi Natiq Rəhimov Modern.az-a bildirib ki, hazırda nəzir qutuları ilə bağlı tam şəffaflıq yoxdur: “Bəzən deyirlər ki, nəzir qutuları ümumiyyətlə lazım deyil. Lakin mənim fikrimcə bu, əhəmiyyətlidir. Çünki cəmiyyətdə müəyyən imkanlı insanların öz ehtiyaclarından artıq qalan əmlaklarını, pulunu müəyyən ehtiyacı olan insanlara yönəltmək üçün gözəl bir vasitədir. Bunun həm maddi, həm də mənəvi tərəfi var. Məsələn, insanlar həmin nəzir qutularına pul atanda az da olsa özlərini rahat hiss edirlər. Əlbəttə burada ən mühüm məsələ nəzir qutuların şəffaflığıdır, yəni yığılan pulların nə cür sərf olunması əhəmiyyətli məsələdir. Nəzir qutularına nəzarət, rəhbərlik etmək vacib amildir. Hazırda bizdə bu işə Qafqaz Müsəlmanları İdarəsi baxır. Amma buna ümumi nəzarət mexanizmi yoxdur. Belə ki, hər məsciddə icma özü bu məsələləri həll edir. Amma təəssüflər olsun ki, bəzi hallarda bu qutularda yığılan məbləğlər şəffaf şəkildə bölüşdürülmür. Bununla bağlı faktlar mövcuddur. Buna nəzarət etmək lazımdır. Ümumiyyətlə, bu iş üçün bir mexanizm hazırlanmalıdır. Burada təkcə nəzarətlə iş bitməməlidir. Bu qutulara yığılan pulların hara xərclənməsinin hesabatı verilməlidir. Digər ölkələrdə bu işi hətta o qədər rəsmiləşdiriblər ki, nəzir qutusuna pul atan insana həmin məbləğə müvafiq çek də verirlər. Bu da insanda bir növ arxayınlıq yaradır. Belə ki, həmin insan istənilən vaxt çekdə göstərilən məbləğin necə xərcləndiyini yoxlaya bilər. Yaxud da ki, nəzir qutuları açılan zaman yığılan məbləğ, onun necə xərclənməsi barədə hesabat hazırlanmalıdır və bununla bağlı məlumat verilməlidir. Bununla da nəzir verən insan da arxayın olur ki, faydalı bir iş gördü. Amma bizdə bu bir qədər fərqlidir. Belə ki, bizdə nəzir verən adam bir qədər dərindən fikirləşəndə qəlbində bir arxayınlıq yaranmır. Çünki həmin qutuların şəffaflığı çox da təmin olunmur”.

Natiq Rəhimov hesab edir ki, nəzir qutuları ilə bağlı xüsusi mexanizmin hazırlanması zəruridir: “Nəzir qutularına nəzarət, qutuların xüsusi komissiya tərəfindən açılması, aktlaşdırılması, bir yerə toplanması qaydaları işlənməlidir. Məsələn, xarici ölkələrdə bu ianələr, nəzirlər mərkəzləşdirilmiş qaydada toplanır. Amma çox təəssüf ki, bizdə bu pərakəndə şəkildədir. Belə ki, hər icma özü məsciddəki nəzir qutusunu açır və özü müstəqil şəkildə bunu həmin ərazidə yaşayan kasıb adamlar arasında, yaxud lazımlı yerlərə xərcləyir. Amma bəzi hallarda elə insanlar olur ki, diqqətdən kənarda qalır. Bu mexanizmin kim tərəfindən və necə hazırlanmasına gəlincə isə bu, qanunvericiliklə müəyyən olunmalıdır. Bunu QMİ də edə bilər. Amma yaxşı olar ki, bu bir fond şəklində olsun və bütün vəsaitlər ora toplansın. Sonra da müəyyən olunmuş qaydada xərclənsin. Ola bilər ki, ayrı-ayrı ərazilərdə insanlara da xərclənə bilər və yaxud da hardasa məscid, mədrəsə tikilməsinə xərclənə bilər. Sadəcə bununla bağlı insanlara hesabat verilməlidir. Necə ki, vergi veriləndə bununla bağlı hesabat təqdim edilir. Həmçinin insan vergi verir və yaşlananda təqaüd alır. Dində isə belədir ki, insanın verdiyi nəzir üçün ürəyində arxayınçılıq olmalıdır”.

Hazırda nəzir qutularına rəsmi olaraq QMİ nəzarət edir. Bununla bağlı idarənin də mövqeyini öyrənməyə çalışdıq. QMİ-in mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az-a bildirib ki, məsələ ilə bağlı QMİ-nin rəsmi mövqeyini hazırda açıqlamaq mümkün deyil. Səbəb olaraq mətbuat katibi İdarə heyətinin ABŞ-da rəsmi səfərdə olmasını göstərib. R. Dadaşova onu da əlavə edib ki, sözügedən məsələ ilə bağlı yeniliklər var. Lakin hazırda bu yeniliklərlə bağlı onda dəqiq məlumatlar yoxdur: “Bu məsələlərə Şeyxin müavini Hacı Salman baxır. İndi o ABŞ-da səfərdədir. Yəqin ki, gələndən sonra məsələyə münasibət bildirəcək”.

 

 

  Orxan Əli

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər