Modern.az

Rafiq Turabxanoğlu: "1992-də Vatikan tipli dövləti yaratmaq üzrəydik" - MÜSAHİBƏ

Rafiq Turabxanoğlu: "1992-də Vatikan tipli dövləti yaratmaq üzrəydik" - MÜSAHİBƏ

28 Aprel 2012, 12:28

“Turqut Özal dedi ki, gəlin İstanbulun Avropa hissəsində rəmzi Turan dövləti quraq”

Bu yaxınlarda ailəsindən 4 əzizini itirib. Bununla belə ondakı mənəvi böyüklük, nikbinlik, dünyanın gəliş-gedişi, insan həyatının bu dünyada əbədi olmaması gerçəyinə özünü inandıra bilməsi ona ayaqda durmağa kömək etdi…

Hələ sovet dönəmində imperiyaya qarşı mücadilə aparanlardan, siyasi motivlərlə həbsdə yatanlardan biri,  ölkənin "stajlı" partiyalarından olan Azərbaycan Xalq Demokratik Partiyasının başqanı Rafiq Turabxanoğlu ilə çoxdan vədələşdiyimiz müsahibəni nəhayət ki, reallaşdırdıq.

- Sovet dönəmindən üzü bəri yarı gizli, yarı açıq mübarizə aparan Rafiq bəyin son illər bir qədər arxaya çəkilməsi nə ilə bağlıdır?

- Mən şəxsən bu işə müqəddəs bir iş kimi yanaşmışam. Və bu iş doğrudan belədir. Fəaliyyətimin ilk vaxtlarında ən çətin məsələ Oğuz-Qıpçaq xalqlarına, ziyalılarına Türk fenomenini qəbul etdirmək olub. Çünki bu gün biz hamımız Türk deyə sıxışdırılırıq. Bu o zaman çox böyük bir problem idi və bunun həlli üçün o zaman mən nəzəri olaraq postulatlar şəklində bir konsepsiya hazırladım və dünyanın harasında oldumsa, bu konsepsiya ilə çıxış etməyə başladım. Bu hardasa 60-80-ci illəri əhatə edir. O dövrdə və hətta 90-cı ilə qədər də müəyyən çətinliklər olurdu. Bunun da müəyyən subyektiv səbəbləri var idi.

- Bu konsepsiya nə idi?

- Bilirsiniz, tarixin müəyyən bir dövrü olub ki, Türk müharibə deyilən oyunda özünə Türkdən başqa bir rəqib tapmırdı. İmperatorluqlar, xanlıqlar, bəyliklər kiçik dövlətlər və s. bunların hamısının arasında tarixin müxtəlif dövrlərində müəyyən qarşılaşmalar olub. Bəzən bu qarşılaşmaları nədəsə axtarırlar. Amma onu deyə bilərəm ki, bu dövrün zərurəti idi. Bu gün kompüterə nə qədər ehtiyac varsa, tarixin müəyyən bir zaman çərçivəsində də insanlığın inkişafı üçün müharibəyə böyük ehtiyac vardı. Və hətta Dədə Qorqudda da var ki, Qazan xan ildə bir dəfə evindən çıxardı və onun tabeliyində olan bəylər onun evinə basqın edərdilər. Bu tarixin bir məqamında cəmiyyəti nizamlayırdı. Mən də bütün bu işlərə o şəkildə yanaşmışam və o şəkildə də Orta Asiyada, Uqro-Hun qollarında, Volqa-Uralda və s. mən bunları aydınlaşdırdım ki, siz bütün bu məsələlərə bu günün gözü ilə deyil, məhz müharibə gedən dövrün gözü ilə baxa bilməsəniz, bu həqiqəti anlamayacaqsınız. Yəni get-gedə bunlar aradan qaldırıldı və hamısı qəbul etdi ki, vaxtilə müxtəlif adları daşımış bu böyük xalqın əslində kökü birdir və gələcəyi də bir olmalıdır. Tarixdə dünyanın qəbul etdiyi 16 imperiya qurmuş bir xalqı 80-70-ci illərdə oyuncaq vəziyyətinə salmaq doğrudan da qəbahətli bir iş idi. Dünyanın özü üçün qəbahətli idi. Bunu müəyyən bir dövr dünya da qəbul etdi və son olaraq 1992-cü ildə 30-31 oktyabrda Bakıda Filarmoniyanın binasında biz Turanın qurultayını çağıra bildik və o qurultayda 15 bənd qəbul olundu. Həmin qurultayın materialları və mənim neçə ildə gördüyüm işlər göndərildi BMT-yə, mən yazılı surətdə cavab aldım ki, sizin bu sahədə gördüyünüz işlər BMT-nin informasiya blokundadır və biz sizdən gələcək informasiyaları gözləyirik. Bu qurultayda dünyanın bütün Türk xalqlarının nümayəndəsi var idi. Bir müddət Çeçenistanın prezidenti olan Zəlimxan Yandarbiyev də gəlmişdi. Onu yola salanda mənə dedi ki, Azərbaycana bir çeçen kimi gəldim, amma bir Türk kimi gedirəm.

“Sanki, daha mənə ehtiyac olmadığı təəssüratını hiss etdim”

- Həmin ərəfədə səhv etmirəmsə, İstanbulda da Türk ölkələri prezidentlərinin 1-ci sammiti toplanmışdı…

- Dogrudur. O vaxtın rus mətbuatı bu haqda yazmışdı ki, qəribədir, guya bir-birindən xəbərsiz bir tərəfdə siyasi xadimləri yığırlar və Türk dünyasının probleminə müdaxilə edirlər. Bir tərəfdə də dövlət başçıları... Bu uzun bir prosesdir, dörd il bundan əvvələdək çəkdi, Sonra mən istədim ki, növbəti Turan qurultayını  Tatarıstanda keçirək və orada mən ilyarıma qədər oldum, demək olar ki, bütün yazışma işləri görülmüşdü. Ondan sonra isə Moskvadan xəbər gəldi ki, bu Moskvada keçirilsin mən isə buna razılıq vermədim. O vaxt mənə kömək etmiş tatar ziyalılarına dedim ki, tarixi məsuliyyəti mən öz boynuma götürürəm, amma siz əziyyət çəkmisiniz, əgər istəyirsinizsə Moskvada bu işi edin. Onlardan biri bir gözəl misal çəkdi ki, əgər Moskva bu boyda İslamı əlinin altında vassal kimi  saxlaya bilirsə, biz yeni yaranmış Turanı aparıb orada nə cür müstəqil saxlaya bilərik? Əgər sən buna razı deyilsənsə, etməyək. Onda mən gəldim Orta Asiyaya, Özbəkistanda istədim bu işi başa çatdırım, ancaq bizim öz respublikamızdan bu işə mane oldular. Mənim imkanlarım tarixin gedişi ilə uyğunlaşa bilmədi. Görülən iş məndə mənə ehtiyac olmadığı təəssüratı yaratdı.

- Dediniz ki, Bakıda keçirilən qurultayda az qala Turan dövlətini elan edirdiniz. Hətta, xaqanlıqlar məsələsi gündəmə gətirilmişdi...

- Qurultayda 15 bənd qəbul edilmişdi. Bu 15 bəndi yerinə yetirmək üçün nəzərdə tutulurdu ki, Vatikan tipli mənəvi dövlət qurulmalıdır. Bunun da həyata keçirilməməsinin günahı müəyyən qədər məndə oldu. Belə ki, Orta Asiyanın ən nüfuzlu şəxsi Çingiz Aytmatovla görüşdük, söhbət etdik. Orada Monax deyilən bir düzəngah var, oraya hətta bir vertolyot yolu da çəkdilər. Monax bayramında orada Məkkəyə oxşar bir şey düzəltdilər və mənimlə söhbət etdilər ki, bunun da ortasına Türk dünyasının ərazisinə düşmüş böyük və qiymətli daşlardan abidə qoyacağıq və insanlar gəlib buna baxacaqlar. Bu da olacaqdı bizim mənəvi mərkəzimiz, Vatikana bənzər Turan dövləti. Turqut Özal isə məsələni konkret qoydu ki, siz yeni yaranmış dövlətlərsiniz və bir misal da çəkdi ki, Vatikan ona görə yaşayır ki, İtaliya kimi dünyanın tanıdığı bir dövlətin içindədir. O dedi ki, siz bunu saxlaya bilməyəcəksiniz, gətirin Turan dövlətinə İstanbulun Avropa tərəfini verək, Bosfor boğazından gələn gəlirlə də onu təmin edək. Mən gəldim Əbülfəz bəylə danışdım, o dedi ki, ideya bizim, hər şey bizim, bir azdan da neftimiz çıxacaq, Cavanşir qalasını da tikəcəyik bu da olacaq rəmzi Turan dövləti. Yəni məhəbbətdən doğan bir mübahisə bunu gecikdirdi, sonra da 4 iyun qiyamı baş verdi. Daha sonra da biz başını buraxdıq, davam etdirən də olmadı.

“Mən namizəd kimi televiziyaya çıxacağım gün Şuşanı boşaltdılar”

- 1992-ci ildə prezident seçkisində namizəd olduğunuz. Bəlkə də gecikmiş sualdır, amma tarix üçün, seçkiyə qatılmağıınızın məqsədi nə idi?

- O vaxt Azərbaycan dünyanın nəzərində idi. Fikir versəniz, o vaxt namizədliyini verənlərin hamısı seçilmişlər idi. Real namizədləriydi. Və onu da deyim ki, orada pərdəarxası bir oyun gedirdi. Əgər mən namizəd olmasaydım, milliyətçilərin təmsilçisi kimi Əbülfəz bəyə basqı daha çox olardı.

- Yəni bu məsələ razılaşdırılmışdı?

- Yox, qətiyyən. O vaxt vəziyyət elə idi ki, hamı bilirdi qazanda qaynayan nədir və danışmağa ehtiyac yox idi. Mənim namizədliyim Bəyə ideoloji müstəvidə olan hücumun müəyyən faizini dartdı bu tərəfə. Ona görə də onların ssenarisi alınmadı. Amma o ssenari seçki dövründə alınmalı idi. Mən televiziyaya çıxacağım gün Şuşanı boşaltdılar və 40 gün matəm elan olundu ki, təbliğat getməsin. Mən seçkidə iştirakımla, televiziyada çıxışımla, hardasa Elçibəyə vəkilinin görə bilməyəcəyi işi gördüm. Bu da işin alınması üçün yox, xaricdən Azərbaycana olan marağa görə. O vaxt böyük dövlətlər bilmək istəyirdilər ki, Azərbaycanda siyasi-mənəvi yükü, nüfuzu olan hansı qüvvədir, hansı ideyadır? Mənim orada iştirakım dünyanın bizi bir dövlət kimi, bir millət kimi qəbul etməsinə xidmət edirdi.

"Prezident seçkisində Elçibəy səsini mənə vermişdi"

- Deyəsən, seçkidə Elçibəy sizə səs verdiyini bildirmişdi...


- Bəli, seçki qutusundan ayrılandan sonra Bəyə sual vermişdilər o da demişdi ki, "Səsimi Turabxanoğluna vermişəm". Mən də eynilə səsimi aşkar şəkildə Əbülfəz bəy verdim. Hətta yanımda olanlar da təəccüblənmişdilər ki, bu necə prezident olmaq istəyir ki, başqa namizədə səs verir.
Biz Bəylə görüşəndə sadəcə bir-birimizin üzünə baxmaqla bilirdik ki, məsələ nə yerdədir. Biz villa tikdirmək hayına qalmamışdıq, bizi millətin taleyi düşündürürdü, ona görə də dərdimiz bir idi. Mən də bilirdim ki, harada hansı gedişi etməliyəm, o da.

“Mənim üçün, prezident seçil, ya get gözətçi işlə, fərqi yoxdur”

- Bundan sonra ayrı-ayrı vaxtlarda parlament və bələdiyyə seçkisinə qatıldınız. Amma heç birində də seçilmədiniz. Bu talesizlik nədən doğur belə?

-
Ümumiyyətlə mənim təsəvvürümə görə, hər işə əlin dəyməlidir ki, görəsən orada nə qaynayır. Çoxu üçün Azərbaycanda gedən seçkilər "əşşi bilirik ki, nədir" deməkdir. Amma məndə bir psixoloji durum var ki, istər prezident seçil, bələdiyyəyə seçil, lap get bir yerdə gözətçi işlə mənim üçün fərqi yoxdur. Yalnız bir fərqi var ki, azərbaycanlı olsun, danışanda türkcə danışsın. Mənim azarım başqa azardır. Sadəcə məni maraqlandıran odur ki, necə bir oyun qurulmalıdır ki, seçkidə xalq iştirak etsin. Amma seçkidən söhbət gedirsə, məhəllə ilə ölkəyə fərq qoyulmamalıdır. Ölkə də məhəllədən başlayır.

- Hazırda Türk dövlətləri arasında bir yaxınlaşma prosesi gedir. Bax, indi gedən bu proses sizi qane edirmi?

- Bu prosesdə çatışmazlıq bilirsiz nədir? Türk dünyası xəritədən də görürük, balaca bir yer deyil. Hələ bunun Uqro-Hun qolu da var. Bunların hamısı Macar, Fin, Karel və s. dünyanın yarısıdır. Bunun içində Tanrının liderlik verdiyi başçı olmalıdır. Yoxsa mənim on manat pulum çoxdur mən lider olum, belə deyil. Türk dünyasının çox böyük şəxsiyyətləri var. Sadəcə burada balans ona görə pozuldu ki, bunlar elə bilirdilər bu işi sadəcə dövlətlə etmək olar. Lakin Tanrının bu işə cəlb etdiyi şəxsiyyətlər birinci seçilməlidir, o zaman dövlətlə bu işi etmək olar. Turan dünyası prezidentləri bir araya yığmaq deyil. Hansı prezident buna etiraz edirsə, həmin adam bu məsələnin cavabdehliyindən qorxur. Buraya yenə deyirəm, Tanrının bu iş üçün yaratdığı adamlar cəmlənməlidir. Sadəcə prezidentlərlə bu həll oluna biləcək iş deyil. Yaxud bizim diaspor təşkilatlarımıza bir gənci başçı qoyurlar. Diasporun lideri

gəlib prezidentdən ev istəyir. Dünya azərbaycanlıları o adamı qəbul edərmi? Bu asan məsələ deyil. Mən 1967-də tutulanda bizim kənddə bir qocaman mənə dedi ki, bu kənddə elə oğullar olub ki, köhlən atın cilovundan yapışıb, onu yatızdırıb. Onlar bir şey edə bilməyiblərsə, sən niyə çiynini bu yükün altına vermisən? İndi bunlar da yığılıblar  ki, Türk ölkələrinin parlamentini yaradırıq. Sən o parlamentə milləti yığıb nə deyəcəksən? Əlində proqramın yox, hədəfin yox. Bu gün dünya o qədər inkişaf edib ki, bizim birlikdən başqa ona qarşı istifadə edəcəyimiz, özümüzü qoruyacağımız silahımız yoxdur.

"Gedən cismimdi, ruhum sizinlədir"


- Siyasətçilərin uğurlardan və uğursuzluqlardan sonra siyasətdən çəkilməsi başa düşüləndir. Bəs, sizlər nə üçün ideoloji davanı axıradək davam etdirmədiniz?

- Mən söz verdim ki, bir də siyasətə qatılmayacam. Bu o deməkdir ki, mən seçkilərdə iştirak etməyəcəm. Siyasətdən çəkilmək bu deməkdir. Bir sözlə mən vəzifə davası etmirəm, etmək fikrim də yoxdur. Mənəvi dava, bu həmişə var və olacaq da. Biz yoldaşlarla görüşürük, zəngləşirik, xəbərləşirik. Mən həmişə hər hansı bir dəstənin yanında 10 il olmuşam, sonra buraxmışam ki, siz daha qurtardınız, nə qədər bu xalqa xidmət etmisiniz bəsdir, indi də gedin başınızı saxlayın. Ancaq indi baxıram ki, 1967-ci ildə mənimlə birgə tutulanlar gəlirlər məni tapırlar, görüşürük, görürəm ki, mən düşündüyümdən də çətin vəziyyətdədir. Baxmayaraq ki, onların hamısı institutun əlaçı tələbələri olublar. Riyaziyyatı necə gözəl bilən bir tələbəmiz var idi, gedib görürəm bağda yaşayır. Deyirəm burada neynirsən, deyir "ay bəy, neynəyəcəm, bir inək, beş-altı baş qoyun, toyuq saxlayıram. Bu südüm, bu qatığım yaşayıram". Soruşuram bəs, mənə niyə deməmisiniz, deyir "gəlib sənə deyəcəkdim ki, mənə kömək et?". Deməli, mən də səhv etmişəm. Milli yönümlü insanlar bir-birini həmişə axtarıb tapmalı imiş. Mən də düşünürdüm ki, məndən aralandı, gedib yaşayacaq. Bir sözlə mən siyasətin mənəvi qolundan heç vaxt aralanmamışam, aralana da bilmərəm.

- Rafiq bəy, çox sağ olun ki, əhvalınızın bu cür üzgün və dalğın vaxtında bizə vaxt ayırdınız, suallarımızı cavablandırdınız.

- "Nəsimi" filmində Nəiminin dilindən gözəl bir söz deyir, "gedən cismimdi, ruhum sizinlədir".


Aqil CAMAL

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər