Sumqayıt şəhər İcra Hakimiyyətində keçirilən 2012-c ilin ilk üç ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas məmurların danlanması ilə yadda qalıb.
Modern.az saytının məlumatına görə, idarə, müəssisə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanları rəhbərlərinin qatıldığı tədbirdə icra başçısı Eldar Əzizov Sumqayıtda ayrı-ayrı sahələrə rəhbərlik edən məmurlara xəbərdarlıq edib.
Eldar Əzizov bildirib ki, bu ilin ilk üç ayı ərzində İcra Hakimiyyətinə Sumqayıt şəhər Təhsil şöbəsinin, Qaz İstismar İdarəsinin, Nəqliyyat Departamentinin və digər bəzi qurumların işi ilə bağlı çoxlu şikayətlər daxil olub. Bu idarələrdə nöqsanların yaşandığını deyən Eldar Əzizov tez bir zamanda problemlərin aradan qaldırılmasına göstəriş verib. İcra başçısı kəskin şəkildə qeyd edib ki, bir daha bu cür hallara yol verilməsin.
Eldar Əzizov bəzi idarə və müəssisələrdə rəhbər şəxslərin əsasən qohum-əqrəbalarını işə götürdüklərinə dair çoxsaylı faktların aşkarlandını da vurğulayaraq, belə hallara son qoyulmasını tələb edib və deyib ki, bundan sonra qohumbazlıq edən məmurlar ciddi şəkildə cəzalanacaqlar.
Qeyd edək ki, şəhər rəhbəri bu dəfə də açıq mikrofon qarşısında sakinlərin problemlərini dinləyib. Şikayətçilər sərbəst şəkildə şəhərdə yaşanan neqativ hallardan narazılıq ediblər. Sakinlərin şikayətləri mənzillərə verilən qazın tez-tez kəsilməsi, bəzi məktəb direktorlarının qeyri-peşəkar iş prinsipi, təhsildə olan nöqsanlar, avtobus marşrutlarında nəzərə çarpan qeyri-normal davranışlarla əlaqədar olub. Sumqayıt sakinləri bildiriblər ki, bu məsələlərlə bağlı dəfələrlə aidiyyatı qurumların rəhbərlərinə şikayət etsələr də, nəticəsi olmayıb.
”Bundan sonra işığı, qazı, suyu kəsilən sakinlər şəxsən mənə müraciət etsinlər!” deyə vurğulayan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qaldırılan məsələlərlə əlaqədar ciddi ölçü götürüləcəyinə söz verib.
Nihadə Eyyubova