«Mən də mətbuatda Əli Nağıyevin elmi-pedoqoji fəaliyyətlə məşğul olması barədə dediyi fikirlərini oxudum. Ancaq o, Bakı Dövlət Universitetində işləmir. Əvvəllər kafdera müdiri vəzifəsində olub. Artıq xeyli vaxtır ki, bu vəzifədə çalışmır».
Bu sözləri BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov “Modern.az”ın YAP-ın qurucularından olan Əli Nağıyevin universitetdə çalışıb-çalışmadığı barədə sualını cavablandırarkən söyləyib.
BDU-nun rektoru bildirib ki, Əli Nağıyev ola bilsin ki, başqa ali məktəblərdə elmi-pedoqoji fəaliyyətlə məşğuldur: «Bu ola bilər. Ancaq bizim universitetdə çalışmır».
Yeni Azərbaycan Partiyasının qurucularından və nüfuzlu liderlərindən sayılan Ə.Nağıyev YAP-ın “qızıl fondu” elan edilmiş “91-lərdən”dir.
1996-cı ilin noyabrında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Ə.Nağıyev oaman YAP-da ikinci şəxsi-sədr müavini idi. O, sonralar düz 10 il bu vəzifədə çalışıb.
Mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində, YAP-ın qurulmasında mühüm xidmətləri olan Əli Nağıyev hakim komandada iddialı fiqur sayılırdı. Əli Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri postunda olarkən dəfələrlə səs-küy doğuran açıqlamalar vermişdi. Onun Təhsil Nazirliyinin ünvanına sərt çıxışı isə geniş rezonans doğurmuşdu.
2006-cı ilin fevralında Əli Nağıyevi nazir postundan azad edildi.
2006-cı il mayın 15-də Ə.Nağıyev prezidentin sərəncamı ilə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. O, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdı. 20 aprel 2011-ci il tarixdə isə ölkə başçısının sərəncamı ilə səfir postundan geri çağırıldı.
Diplomatik işdən geri çağrılan sabiq nazir indi sərəncamdadır və onun yenidən hansısa vəzifəyə təyin olunub-olunmayacağı məlum deyil. Bəzi məlumatlara görə, Ə.Nağıyevə Milli Məclis aparatında ortabab bir vəzifə təklif olunub, amma o, bundan imtina edib. Hazırda işsizdir.
Modern.az