Azərbaycan Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
Bir neçə gün öncə Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb. Belə ki, 2012-ci il may ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun manat hesabına 25 milyon 370 min 822 AZN, dollar hesabına 193 min 791 ABŞ dolları, avro hesabına isə 593 avro pul daxil olub.
9 milyon əhalisi olan və müharibə şəraitində yaşayan bir ölkədə yığılan bu vəsait sayımıza görə nə dərəcədə uyğundur?
Modern.az-ın əməkdaşı məsələyə münasibət öyrənmək üçün ictimai-siyasi xadimlərlə əlaqə saxlayıb.
Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, bütün idarələrdə, müəssislərdə, hətta xarici səfirliklərdə Silahlı Qüvvələrin Yardım Fonduna vəsait köçürülür.
“Müəyyən təşkilatlar, idarələrdə işçilərin əmək haqlarından 1-2 faizi həcmində fond üçün vəsait köçürülür. Amma ümumilikdə bu gün buna o qədər də ehtiyac yoxdur”.
Deputat bu fikrini Azərbaycanın Silahlı Qüvvələrinin büdcəsinin dövlət tərəfindən kifayət qədər təmin olunması ilə izah edib.
“Bu yaxınlarda dünya ölkələrinin ordusunun büdcəsi dərc olunmuşdu. ABŞ, Çin, Almaniya, Fransa, Böyük Britaniya və Rusiya ilk onluqdadırlar. Ukrayna isə ordusunun 1.7 milyard dollar büdcəsi ilə 20-ci yerdə göstərilib. Amma biz onlardan 1.5 dəfə öndəyik. Silahlı Qüvvələrimizin büdcəsi kifayət qədər böyükdür. Azərbaycan müdafiə sahəsinə kifayət qədər vəsait ayırır və bu da mən hesab edirəm ki, bəs edir”.
S.Novruzov qeyd edib ki, əgər Silahlı Qüvvələrə vətəndaş yardımına ehtiyac varsa, onda vətəndaş buna yardım etməlidir.
“Yeni Azərbaycan Partiyası olaraq hər bayramlarda ön cəbhələrdə oluruq və partiyanın büdcəsi hesabına müəyən işlər görürük, addımlar atırıq. Bu baxımdan hər bir vətəndaş öz vəsaitindən, əmək haqqısından müəyən qədər fonda köçürür. Amma ümumilikdə götürəndə bu gün Azərbaycan dövləti tərəfindən orduya kifayət qədər maddi dəstək var”.
Deputat Sabir Rüstəmxanlı ümumiyətlə bu məsələnin mətbuatda müzakirə olunmasına müsbət yanaşmır.
“Hesab eddirəm ki, bu məsələ mətbuatda müzakirə mövzusuna çevrilməli deyil. Biz müharibə şəraitində yaşayırıq. Gərək ondan qat-qat artıq pul yığılsın və onu da ümumiyətllə heç kim bilməsin, gizli saxlanılsın”.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev fonda 10 il ərzində yığılan bu vəsaiti gülməli məbləğ adlandırıb.
“Ümumiyətlə dövlətimizin, iqtisadiyyatın gücləndiyi bir dövrdə müharibə getmir, oruduya nə yardım?
Vəsaitin isə belə az olması yəqinki vətəndaşların yığılan pulun hara xərclənməsindən xəbərsiz olmaları ilə əlaqədardıır. Yadımdadır, vaxtilə biz də öz təqaüdlərimizdən fonda vəsait köçürmüşdük. Amma fonda nə qədər pul yığıldı, hara getdi, nə oldu və ya tutaq ki, zabitlərə ev tikildi və s. Biz bunların heç birini görmədik”.
F.Rzaquliyev bu rəqəmin vətənpərvərliyin zəif olmasının göstəricisi olduğunu deyib:
“Hazırda müharibə etmirik. Müharibə şəraitində isə yaşamaq müharibə deyil. Şəraitin belə uzanması kimlərəsə sərf edir.
Dövlət idarələrində, büdcədən maliyələşən müəssisələrdə işləyənlərin maaşlarından hər ay buna görə pul tutulur. Ola bilməz ki, yığılan vəsait bu qədər olsun.
Bizim elə oliqarxlarımız, məmurlarımız, iş adamlarımız var ki, bu vəsaiti bir adam özü ödəyə bilər. Sadəcə mənim üçün maraqlıddır ki, sorğu keçrilərdi və görərdik ki, o yığılan pulları kimlər verir? Varidatı milyardlarla ölçülən məmur-oliqarxlarımızdan kimlər fonda pul köçürüb? Varlıların vəsaiti ilə tutuşduranda bu vəsait çox azdır”.
Aytən ƏLİYEVA