Azərbaycanda yeni doğulan uşaqlara mürəkkəb adların qoyulması məhdudlaşdırılır. Belə ki, uşaq doğulandan sonra rəsmi qurumdan doğum haqqında şəhadətnamə alanda valideynlərə məsləhət görülür ki, uşağa Hüseynqulu, Məmmədhəsən, Məhəmmədəli, Xanımana və digər belə mürəkkəb adlar verməsinlər. Mürəkkəb ad seçən valideynlərə bildirilir ki, sözdəki qoşa adlardan yalnız biri qoyula bilər.
Yeri gəlmişkən, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov da bir müddət öncə yeni doğulan uşaqlara mürəkkəb adların verilməməsi təklifiylə çıxış etmişdi. Amma bu təklif qanunla qüvvəyə minməmişdi.
Modern.az belə bir məhdudiyyətin qanunda əks olunub-olunmaması ilə maraqlanıb.
Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov Modern.az-a açıqlamasında sözügedən məsələylə bağlı müəyyən müzakirələr aparıldığını deyir. Onun sözlərinə görə, bu adlar qadağan olunmur, amma tövsiyyə də edilmir.
Mürəkkəb adların qadağası ilə bağlı hələki qərar qəbul olunmadığını deyən millət vəkili onu da bildirib ki, məsələyə dair müzakirələr aparılır.
Nizami Cəfərov deyib ki, mürəkkəb adlarla bağlı Milli Məclisdə Ailə Məcəlləsinə dəyisiklik edilə bilər:
“Bu adların qoyulması ola bilər ki, hər hansı bir maddə ilə yüngülləşdirilsin. Ola da bilər ki bu məsələ qanunla daha geniş şəkildə öz həllini tapsın. Bir tərəfdən qanunla olmalıdırsa, bir tərəfdən tövsiyyə xarakteri daşımalıdır. Əgər hər hansı bir forma qəbul olunubsa, bu bütün dünya Azərbaycanlıları tərəfindən qəbul olunmalıdır. Amma Azərbaycan Respublikası üçün bu ayrıca sərəncam olmalıdır. Burada tələsməyə ehtiyac yoxdur. İki il müzakirələrin aparılması məsələnin yarı faiz həll oluması deməkdir. Ən böyük problem odur ki, bizim müstəqilliyimizin 20 ili keçib. Amma soyadların 20 faizi millidir, 80 faiz isə “-ov”, “-yev” sonluqları təşkil edir. Bunu qəbul etmək çətindir. Mən inanmıram ki, bu təbii gecikmədir. Bir tərəfdən də cəmiyyətin məsələyə laqeyd yanaşması ilə bağlıdır”.
Gültəkin Ələsgər