Kəlbəcərin qəddi bükük, Laçının qanadı qırıq,
Xocavəndin yolu bağlı, Xocalıya yol ararıq,
Qubadlının qəlbi dağlı, Ağdamın bağrı yarıq,
Bağışlama Ay Qarabağ, bağışlama məni hələ
Qərinələr, əsrlər tək gəlir bizə ötən hər il
Qarabağsız dünya dardır, hələ ay Bərsail,
Nə qədər ki, Zəngilanım, Cəbrayılım mənim deyil
Bağışlama ay Qarabağ, bağışlama məni hələ
Bərsail müəllim Şuşa rayonunun Malıbəyli kəndindəndir. Şuşadan çıxanda onun 46 yaşı var idi. Orada dil -ədəbiyyat fənnini tədris edib, sonra məktəb direktoru da işləyib.
Onun ailəsi də Malıbəyli kəndinin digər sakinləri kimi 1992-ci ilin fevral ayında vertolyotla yalnız canını qurtarıb Ağdama gedə bilib. Hal-hazırda isə ailəsi ilə birlikdə Bakının Ramana qəsəbəsində yaşayır.
Torpaqlar bizə yox, biz torpaqlarımıza qayıtmalıyıq
“Bir döngəmizi, cığırı da uşaqlara təsvir eləyirəm. Bizdə çinar bulaq deyilən bir yer var idi. Bulağın ətrafında iki böyük çinar ağacı əkmişdilər, təsəvvür eləməzsiniz nə boyda idi . Həmişə 10-12 uşaq girib həmin ağacın koğuşunda gizlənirdi. 20 ildir ki, daha o bulağın suyunun soyuqluğundan dişlərimiz donmur. Daha yayın istisində çinarların kölgəsində də otura bilmirik. Elə Şuşanın havasını da heç yerdə tapa bilmirəm.
Sanki Şuşanın özü rəssam və şair idi. Dediyim mənzərələri elə bil Şuşa özü çəkmişdi. İnsan kimi dil açıb adamla danışırdı Şuşa. İndi danışmamağı adamı çox sıxır...
Bəzən deyirlər ki, torpaqlarımız qayıdacaq. Bu düz deyil. Biz torpaqlarımıza qayıtmalıyıq. Torpaq yerindədir, bizi gözləyir.
Şuşada axrıncı dəfə 1992-ci il aprelin 30-da olmuşam. Ondan sonra bir daha o gözəl yerlərin havasını nəfəsimə çəkə bilmədim...”
Ermənilər həmişə təbliğat aparıb , gec ayılan biz olmuşuq
Bərsail müəllim deyir ki, həmişə ermənilər müxtəlif təbliğatlar aparıblar. Amma Azərbaycanlılar həmişəki kimi hər bir hadisəni dostluğa bağlayıb sakitcə yoluna qoyublar.
“Bakıda təhsilimi başa vurub, təyinat alıb çıxanda bir erməni məndən soruşdu ki, “hara aldın təyinatı?”, dedim ki, hara alacam Qarabağa. Dedi ki,” nə var Qarabağda? Bakıya ala bilmirdin? Qalardın buralarda. Mən ona dedim ki, ailəm, kəndim, oralarda, oralar mənim vətənimdir. Sən demə təbliğat imiş. Çox sonralar başa düşdüm bunu.
Ən pisi də o idi ki, o zamanlar özümüzü danırdıq. Bir dəfə Xankəndində bir erməni arvadı mənə türk demişdi. Etiraz elədim ki, mən azərbaycanlıyam, türk deyiləm. Çünki bizə belə demişdilər.
Onlar həmişə bizə başqa gözlə baxıblar, biz duya bilməmişik. Bir dəfə azərbaycanlı dostumla bir erməni evində qonaq qaldıq. Səhəri günü gördük ki, qoca bir arvad bu oğlanı çağırıb dedi ki, “atanın çörəyi sənə haram olsun, bu türkləri gətirdin buraları murdarladın”.
Bu cür təbliğatları birinci dəfə deyildi ki, ermənilər eləyiblər.
Bərsail müəllimin həyat yoldaşı Nailə xanım da məişət həyatlarında bu cür erməni xisləti ilə qarşılaşdığını deyir.
“Şuşadan çıxanda 36 yaşım var idi. Özüm Şuşanın Quşçular kəndindən gəlin köçmüşəm Malıbəyliyə.
Ən çox yadımda qalan hadisə o idi ki, kənddən çıxmağa 1 il qalmış təqvim aldım. Gördüm biri erməni, biri rus dilindədir. Satıcıya dedim mən Azərbaycan dilində istəyirəm. Axı sizin dili bilmirəm. Mənə dedi ki, bu dil sizə hələ çox lazım olacaq.
Biz isə belə atmacaları yalnız sonralar başa düşdük. Elə ki, vəziyyət pisləşdi, kənddə arıçılığı öyrədən erməni qonşu Azərbaycan dilində yazılmış “Dağdağan” adını silən ilk düşmənlərimizdən oldu”.
“Həyatımızı kitab kimi vərəqləyəndə o günlər ən qara səhifədir”
Bərsail müəllimin 4 uşağı var. Yeganə oğlu hal-hazırda Göytəpədə İran –Azərbaycan sərhəddində keçid məntəqə sədridir. Oğlu və bir qızı evdə olmadığına görə müəllimin yalnız 2 qızı ilə söhbət eliyə bildik.
Böyük qız Aynur deyir ki, hələ 1990-cı ilin əvvəllərindən ermənilər girov götürməyə başlamışdılar. ”Onda mən 8-ci sinifdə oxuyurdum. Sinif uşaqları ilə kənddən kənara çıxmışdıq. Yol gəlirdik, birdən gördük ki, bir maşın qarşımızda dayandı və bir nəfər soruşdu ki, “Qırmızı kəndi tanıyırsınız?”, biz də tanıdığımızı dedik, təklif elədilər ki, hamımız oturaq onlarla gedək kəndi göstərək. Azərbaycan dilində danışırdılar.Amma aralarındakı söhbətlərdən tez başa düşdük ki, ermənidilər və bizi girov götürmək istəyirlər. Ağıllı tərpənib tez qaçdıq. Elə ki, görürdük maşınlarımız daşlanır, bilirdi ki, bunlar ermənilərdi.
Son vaxtlarda vəziyyət elə dərəcədə pisləşmişdi ki, hətta mən əməliyyat olunmalıydım. Əsgərlər vasitəsi ilə xəstəxanaya aparıldım. Bir Allah görürdü ki, necə çətinliklə həkimlər işləyirdilər. Onlar əyilib əməliyyat eliyərdilər ki, gülləyə tuş gəlməsinlər.
Mənim həmişə qaçqın sözündən acığım gəlib. Şuşadan çıxandan sonra tələbəlik illərində hətta müharibəyə getmək üçün yazılmışdım. Amma qız olduğuma görə bu baş tutmadı. İndi anayam istəyirəm ki, torpaqlarımız sülh yolu ilə alınsın. Amma müharibə olarsa, indi də fikrimdən vaz keçməmişəm. Yenə də getmək istəyərəm”.
Ortancıl qız Süsənbər isə o zaman 7- ci sinif şagirdi olub. “Həmin anlar kadrlar kimi gözümün qabağındadır. Bir şeyi heç vaxt unuda bilmərəm. Bu, atamın yaralandığı gündür. Ara qızışmışdı. Biz evdə qalmırdıq. Bütün günü “podval”da otururduq. Nə işığı, nə də televizoru yandırırdıq. Bizdən də bir az aralıda əmimgil yaşayırdı. Bir dədə əmim qızı hövsələsizlik eləyib televizoru yandırmışdı. Onun işığına ermənilər anındaca evi “Qrad”la vurdular. Evlərinin tiri qızın başına düşmüşdü. Atam da tez qaçıb onu evdən çıxardanda yaralanmışdı...
Onu “podval”a qanın içində gətirən mən olmuşdum. Həyatımın ən qara səhifələrindən biri idi o gün. Bir gün də -1990-cı ildə- xalamın yoldaşı ilə gəlirdik. Biz gördük ki, ermənilər maşınların qabağını kəsib adamları bir-bir əsir götürürlər. Allah bilir ki, necə həyacan keçirdik həmin an. Ermənilərlə xeyli söhbətdən sonra bəxtimiz gətirdi sağ-salamat evimizə qayıda bildik.
Elə Bərsail müəllimin də acılı xatirələri az deyil . “Qardaşımı Xankəndinə aptekə gedəndə əsir götürmüşdülər. 1990-cı il dekabrın 18- idi.
Qardaşım deyirdi ki, insanları o qədər döyürdülər ki, tanınmaz hala düşürdü. Hətta erməni qəbirlərinin üstündə bizimkilərin başlarını qurban kimi kəsirdilər. Əlacımız yalnız ona qalmışdı ki, biz də erməni əsiri götürək, ondan sonra qardaşımı buraxdılar. Əsirlikdən sonra qardaşımda şəkər xəstəliyi əmələ gəldi. Bura gələndən sonra da çox yaşamadı .
Nailə xanım da Ağdamdakı ah-naləni, vurulan vertolyotu unuda bilmədiyini deyir. “Biz artıq vertolyotla kənddən çıxmışdıq. Növbəti vertolyot içində də adamlar yuxarıya qalxar-qalxmaz vuruldu. Vertalyot parça–parça oldu. İnsanlar isə əl-ələ verib göydən yerə dəyirdilər. Ən dəhşətlisi isə Ağdamda yaxınlarını axtaran insanların səsi idi. Biri bacısını, biri qardaşını axtarırdı. Çığırtı-səs küy əsl faciə idi. Döyüşlər o qədər qızğın gedirdi ki, atam döyüşə-döyüşə bilməmişdi ki, qolu sınıb”.
Biz hələ də mübarizə aparmağa hazırlaşırıq
Bərsail müəllimi kədərləndirən məqam odur ki, biz həmişə ermənilərin atddığı addımlara qarşı addım atmışıq. Yəni, müdafiə mövqeyində durmuşuq. “Ermənilərin vəhşiliyini bizim ən qəddar adamımız eləməz. Kənddən çıxanda hamının imkanı var idi ki, heyvanını güllələsin ki, düşmənə qalmasın. Heç birimiz ürək eliyib, öz heyvanına güllə atmadı.
90–cı illərdə törədilənlər onların birinci cinayətləri deyildi. Hər 20 ildən bir bu cür qətllər, soyqırımları davam edir. 1920-ci illərdə bir dəstə aktyor Bakıdan Qarabağa dostluq münasibəti yaratmaq məqsədi ilə gedir. Keş kəndində onların hərəsi bir evdə qonaq saxlanılır. Amma səhərisi gün məlum olur ki, 20-dən çox aktyorun gecəyikən erməni qəbirlərinin üstündə başları kəsilib.
Hələ bu harasıdır, erməni Xankəndində 12 min azərbaycanlını köçürür, ondan sonra ağlımıza gəlir ki, burdan da erməniləri köçürmək lazımdır. Onlar “Azərbaycanla müharibə edəcəyik” deyə yeraltı sığınacaqlar tikirdilər, biz isə deyirdik ki, nəyimizə lazımdır, atom müharibəsi eləmiyəcəyik ki. Həmişəki mərhəmət, düşməni yaxşı tanımamaq qabiliyyəti, başqa millətə nifrət tərbiyə eləməmək bizim zəif tərəfimizdir. Düzünü desəm, mən də baş kəsmərəm, uşaq öldürmərəm. Müharibə qaydalarına görə vuruşaram. Bir də yaddaşda saxlamaq lazımdır ki, erməninin ən yaxşısı belə erməni xislətini daşıyır. Biz onlarla hələ mübarizə aparmırıq, aparmağa hazırlaşırıq. Birinci addımı həmişə onlar atır”.
Şuşa gələcək nəslin gözü ilə
Bütün hadisələri öz gözləri ilə görmüş insanlardan fərqli olaraq yeni nəslin Qarabağ, Şuşa haqqında düşüncələrini də bilmək maraqlı olar deyə ailənin ortancıl nəvəsi Əmral ilə də söhbət elədik. Düzünü desəm bir az utancaq olan, mənimlə danışanda üzünü oyana-bu yana çevirən və mənə müəllimə deyən 6-cı sinif şagirdi Əmralın dedikləri məni çox təcübləndirdi. Dəqiq deyə bilmərəm ki, bu Əmralın şəxsi düşüncələridi və ya valideynlər, müəllimlər tərəfindən təbliğ olunmuş bir fikirdir. “Şuşa tarixi məskənimizdir. Oranın havası-suyu başqa olub”.
“Dostlarınla işğal olunmuş ərazilərimiz haqqında tez-tez söhbət eliyirsənmi” sualıma ”həmişə olmasa da, bəzi vaxtlar söhbət eləyirik “deyə cavab verdi.
- Bəs Şuşanın tanınmış yerlərindən haranı tanıyırsan?
- Çinarlı bulağı, Ayı bulağı, Navlı bulağı tanıyıram.
- Sənin fikrincə Qarabağı işğaldan azad etmək üçün nə etmək lazımdır?
- Mənim yaşımda olan üçün yaxşı oxumaq, xaricdə tanıtdırmaq əsasdır.
- Bəs böyüklər xaricdə tanıtmayıblarmı?
- Yəqin ki, yetərincə tanıtdırmıyıblar. Bilikli olmaq Azərbaycanlılar üçün vacibdir.
- Yoldaşlarının hamısının sənin qədər bilgisi var?
- Çoxları bilir, az şagirdin xəbəri yoxdur. Qarabağı sülh yolu ilə almalıyıq. Müharibədə qan çox tökülür. Hücum eləyən tərəf çox itki verir.
- Bir şuşalı kimi bu yer haqqında inşa yazanda kitablardan köçürürsən, yoxsa özün yazırsan?
- Kitabdan da köçürürəm, özüm də yazıram”.
Əmralın nənəsi Nailə xanım deyir ki, nəvələri arasında Əmral ən vətənpərvəridir. Nənə hətta balaca oğlan nəvəsi Ümidin də əlinə oyuncaq tapança alan kimi “erməniləri öldürəcəm” söylədiyini deyir.
Raminin 6 yaşlı bacısı Canan isə hətta ermənilərin pis adam olduqlarını, yuxusunda ermənilərin evlərini dağıttığını özünəməxsus uşaq şirinliyi ilə deyirdi.
Şuşanın qanlı bənövşəsi, kəklikotu gözəl ...
Ömrünün axrını Şuşada keçirmək istəyən Nailə xanım deyir ki, buranın çörəyi də,bitkisi də Şuşanın yerini verə bilməz. “Kəndimizdə çörək bişirəndə məhlənin o başından iyi gəlirdi.
Kəklikotunu, balı, südü, qanlıbənövşəsini, qargülünü burda çətin ki, o ətirlə, dadla tapasan”. Bəsrail müəllimə isə nə qədər xarıbülbül gülü gətirsələr də, deyir Şuşadakının yerini vermir. “Mən hələ Şuşalıların sevdiyi tutu demirəm. Xanəndə Xan əminin oturduğu Güllü bağı demirəm. Cıdır düzündə keçirilən mahnı bayramının ayrı ləzzəti var idi. Qovurma yığdığımız küpələr hələ də gözümün qabağındadır.
İndi də bostanda əkib-becərdiyimiz bitkilər, meyvələr, tərəvəzlər o tamı vermir. Təsəlli olsun deyə hətta arı saxlamaqla da məşğulam. Amma heç nə Şuşadakı kimi deyil”
Şahanə Rəhimli
Fotomüxbir Elçin Ağayev