Bir neçə gündən sonra Bakıda Avropanın ən nüfuzlu mahnı müsabiqəsi “Eurovision 2012“ keçiriləcək. Bununla əlaqədar minlərlə turistin paytaxtımıza səfər edəcəyi gözlənilir. Bakı şəhərinin qonağı olacaq turistlər şübhəsiz daha çox şəhər gəzintisinə vaxt sərf edəcəklər.
Müşahidələr göstərir ki, Bakının park və meydanlarında gəzənlər bəzən bir problemlə üzləşirlər – ayaqyolu problemi. Yəni Bakıda bir çox park və bağlarda ictimai ayaqyolları çatışmır...
Belədə “Eurovision” müddətində şəhərimizdə piyada gəzməyə çıxacaq əcnəbilərin ayaqyolu probleminin olacağını indidən söyləmək olar.
Bakı şəhərində istirahət parklarının sayı artıb. Lakin bu istirahət məkanlarında aparılan abadlıq və yenidənqurma işləri zamanı nədənsə ayaqyolu tikmək unudulur. İndi paytaxtın əksər parklarında gəzişənlər ayaqyolu problemi yaşayır...
Bu problem “ Sahil” bağında, “Torqovıy”da, “Malakan” bağında və digər ərazilərdə daha aktualdır. Hətta Bakının ən böyük istirahət guşələrindən biri sayılan “Fəvvaralər” bağında da bu yaxınlaradək mövcud olan ictimai ayaqyolunu ləğv ediblər.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) münasibət öyrənməyə çalışıb. Meriyanın mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova bu məsələyə BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin baxdığını bildirib.
Departamentin direktor köməkçisi Sabit Hüseynov isə Modern.az-a açıqlamasında bu problemin onların tabeliyində olmadığını söyləyib.
BŞİH əməkdaşlarının ötür-ötür oyununun sonunda sualımıza kimdən cavab alacağımızı bilmədik.
“Eurovision” mahnı müsabiqəsi ərəfəsində çox ciddi məsələyə belə laqeyd münasibət nədən qaynaqlanır? Paytaxta xeyli sayda turistin gələcəyini nəzərə alsaq, xoşagəlməz situasiya ilə üzləşəcəyimizi indidən proqnozlaşdırmaq olar. Çünki turistlər elə yuxarıda adını sadaladığımız parklarda daha çox vaxt keçirəcəklər. Həmin vaxt ayaqyolu axtarışına çıxacaq turistin vay halına... Bizimkilərə zaval yoxdur, bir təhər çıxış yolu tapacaq. Yazıq əcnəbi neyləyəcək, bax bu maraqlı olduğu qədər də gülməlidir...
Anar Kəlbiyev