Bir vaxtlar xəbərlər proqramının rus dilində buraxılışını surdo-tərcüməçi ilə yayımlayan Azərbaycan Dövlət Televiziyası artıq uzun müddətdir ki, bu ənənəyə son verib. Halbuki, MDB və dünya ölkələrinin çoxunda telekanallar gündə ən azı bir dəfə xəbərlər proqramında surdo-tərcüməçilərdən istifadə edir. Amma bizdə fiziki qüsuru olan insanlar informasiya əldə etmək üçün öz yaxın adamlarının köməyinə arxalanırlar. Bir sözlə, hazırda əsl informasiya blokadasına düşən lal və karlar demək olar ki, dünyadan xəbərsiz qalıblar.
Əldə etdiyimiz məlumata görə, bundan sonra bu missiyanı İctimai Telekanal həyata keçirəcək.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov Modern.az saytına deyib ki, xəbərlərin saat 17:00 buraxılışının surdo-tərçüməçi ilə verilməsi məsələsi gündəmdədir: “Ümumiyyətlə, telekanalımızda irili- xırdalı belə proqramlar nəzərdə tutulub və həmin proqramlar yayımlanır. Məsələn, “Yeni gün” proqramında belə insanlara yer ayrılıb. Amma xəbərlər proqramında onların informasiya ilə təmin edilməsi bizim borcumuz olduğu üçün problemin həllini nəzərə almışıq. Lakin “Eurovision”la əlaqədar güclü iş rejimində işləyirik. Ona görə də mahnı müsabiqəsi yekunlaşdıqdan sonra problemin həllinə başlayacağıq. Artıq yay ayında televiziyada surdo-tərçüməçi ştatına yerlər ayrılacaq”.
İ.Ömərov məsələnin maliyyə tərəfini fikirləşmədiyini deyib. Bildirib ki, problem şəxsi vəsait hesabına da, olsa həll edilməsinə çalışacaqlar.
Modern.az