Modern.az

Əli Həsənov: “İrana dedik ki, siz bizə müdaxilə etməyin, biz də sizə”

Əli Həsənov: “İrana dedik ki, siz bizə müdaxilə etməyin, biz də sizə”

Ölkə

21 May 2012, 13:58

Bu gün Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında bir sıra mühüm məsələlərə toxunulub.

Modern.az-ın məlumatına görə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir sıra hüquq-müdafiə təşkilatlarının Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi fikirləri şərh edib.

O bildirib ki, son vaxtlar bir sıra hüquq-müdafiə təşkilatları, xüsusilə Amnesty International, Human Rights Watch, Almaniyanın bir sıra kütləvi informasiya vasitələri, hətta “Guardian” qəzeti Azərbaycanın imicinə zərər verən, həqiqətə uyğun olmayan bəyanatlar yayır, materiallar dərc edir. Bu işlər mərkəzləşdirilmiş təbliğat xarakteri daşıyır: “ Son zamanlar “Eurovision” mahnı müsabiqəsi ilə bağlı Azərbaycana qarşı əks-təbliğat əsasən iki yerdən aparılır. Bunların biri İrandır. Olmayan şeylərdən danışırlar, məsələn deyirlər ki, Bakıda gey-parad keçirirlər. Bununla bağlı biz İranı dəfələrlə xəbərdar etmişik. Mən bununla bağlı İrana səfər də etdim. Dedik ki, siz bizə müdaxilə etməyin, biz də sizə. Hər cümə namazından sonra anti-Azərbaycan şüarları ilə aksiyalar keçirirlər. Bilmirəm gey-parad onların beyninə haradan düşüb? Biz Azərbaycanda “Eurovision” mahnı yarışması keçiririk, gey-parad yox. Ümumiyyətlə Azərbaycan dilində gey-parad sözü yoxdur, onlarda isə var”.

Sualları cavablandıran Ə. Həsənov deyib ki, İran Azərbaycan dövlətinin şiə dövləti olduğunu iddia edir: “Halbuki, Azərbaycanda məzhəb məsələsində ayrı-seçkiliyə yol verilmir. Bizi hərə öz məzhəbinə çəkmək istəyir: vəhhabilər, nəqşibəndilər, nurçular və s. Ancaq biz Quranın, Peyğəmbərin təlqin etdiyi kimi müsəlman olmaq istəyirik”.

 Ə. Həsənovun sözlərinə görə, İran istəyir ki, Azərbaycan onun dostları ilə dost, düşmənləri ilə düşmən olsun: “Ancaq bizim öz müstəqil xarici siyasətimiz var. İranın dostunun bizim dostumuz, düşməninin bizim düşmənimiz olması mütləq deyil. Eyni zamanda biz Qərbin də anti-İran siyasətində iştirak etmirik. Həmçinin, Azərbaycan İranın, İran da Azərbaycanın hədəfində ola bilməz. İran müsəlman ölkəsidir, orada bizim 30 milyon soydaşımız yaşayır”.

Daha sonra çıxış edən XİN-in mətbuat katibi Elman Abdullayev bildirib  ki, bəzi dairələr Gürcüstan-Azərbaycan münasibətlərinin indiki vəziyyətindən narahatdırlar. Ona görə də “Keşikçidağ” məbədi məsələsini qabardırlar. Onun sözlərinə görə, “Keşikçidağ” məbədi ilə bağlı məsələni Gürcüstan kütləvi informasiya vasitələri şişirdir.  

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da məsələyə münasibət bildirib. O qeyd edib ki, məbədin yerləşdiyi ərazi Azərbaycan ərazisidir. Onun sözlərinə görə, Gürcüstanda, eləcə də Azərbaycanda iki ölkə arasında münasibətləri korlamaq istəyən qüvvələr var.

Elman Abdullayev isə “Keşikçidağ” məbədi ilə bağlı məsələsinin hökumətlərarası komissiya tərəfindən həll olunmalı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında bu məsələ ilə bağlı problem, mübahisə yoxdur:
“Qeyd olunan məsələ iki ölkənin xarici işlər nazirləri arasında müzakirə olunur. “Keşikçidağ” məbədi ilə bağlı məsələ hüquqi-normativ baza əsasında həllini tapmalıdır”.

XİN rəsmisi tutulan iki nəfərdən də danışıb. O bildirib ki, Azərbaycandan gedən iki gənc şair İranın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Bu məsələ ilə bağlı nazirliklər səviyyəsində görüşlər keçirilib.
”Amma İran XİN-i məsələ ilə bağlı xəbərsiz olduğunu dedi”. E.Abdullayev bildirib ki, vətəndaşlara yardım etmək XİN-in prioritet məsələlərindəndir.
”Biz onlara yardım edəcəyik. Artıq bu istiqamətdə işlər aparılır. Ən yüksək dairələrə qədər bu məsələ çatdırılacaq”. 

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər