Müasir Azərbaycan ədəbiyyatına ümumi bir nəzər salsaq, görərik ki, kifayət qədər milli ruhda, milli əzmdə yazılan əsərlər var. Amma milli ruhda yazılan bu əsərlərin oxucu kontingentinin azlığı bəlkə də bu sahədə olan təbliğatın zəifliyindən irəli gəlir. Təbliğat da daha çox özünü filmlərin çəkilməsində göstərməlidir. O zaman gəlin bu sahədə olan filmlərə də bir nəzər salaq. Elə götürək “Haray” və “Fəryad” filmlərini və ümumi bir baxış keçirək. Bu ekran əsərlərində daha çox ermənilərin vəhşilikləri və gücü ön plana çəkilir. Böyüklərin və elə artıq kiçik yaşlı uşaqların da prixologiyasına bu filmlərin aşıladığı məqamlar təsir etməyə başlayıb. Bu filmlər sanki bir qorxu aşılayır - baxın, erməni necə güclüdür, döyür, öldürür, kəsir, dağıdır.... Hər dəfə rayonlarımızın işğal tarixində bütün yerli kanallarda nümayiş etdirilən bu filmlər sanki bizim yazıq millət olduğumuzu ortaya qoyur... Halbuki, torpaqları işğal altında olan millətin döyüş əzmini yüksəldən təbliğat aparılmalıdır...
Məgər əksini təlqin edən filmlər çəkə bilmərikmi? Axı ədəbiyyatımızda ümumiləşmiş qəhrəman obrazları az deyil, elə real həyatda da Mübariz İbrahimov, Ramil Səfərov kimi şəxslər olub...
Modern.az saytının əməkdaşı bu suala cavab tapmağa çalışıb.
Millət vəkili, yazıçı Aqil Abbas bu mövzu ilə bağlı hər zaman mətbuatda çıxış etdiyini bildirdi. O, ermənilərin daha güclü göstərilməsini pislədi və bu halın həm uşaqların, həm də böyüklərin psixologiyasına çox mənfi təsir etdiyini söylədi.
“ Son zamanlar müəyyən filmlər çəkilib ki, onları az da olsa qənaətbəxş hesab etmək olar. Məsələn, elə “ ANS” televiziyasının iki filmini deyək. O filmlərdə müəyyən qədər də olsa, bizim qəhrəman oğullarımızı ictimaiyyətə çatdıra biliblər. Amma bu filmlər də azlıq təşkil edir. Adətən bütün filmlərdə soyqırımı harayı çəkirlər və belə bir təəssürat oyanır ki, elə bil biz toyuq ya qoyun olmuşuq, elə ermənilər bizi hər yerdə biçib keçib. Axı necə ola bilər bu qədər türkü azlıq təşkil edən ermənilər məhv edə bilsin? Axı bu mümkün deyil. Bu məsələlərə bağlı daim danışmışam və qeydlər də etmişəm. Müsbət qəhrəman obrazının çoxluq təşkil etdiyi filmləri çəkib göstərmək və təbliğ etmək lazımdır. Belə filmləri təkcə dövlət, ya hansısa kanallar çəkməli deyil, Müdafiyə Nazirliyinin də kifayət qədər büdcəsi var. Öz əsgərlərində ruh yüksəkliyi və döyüş əzmi yaratmaq üçün mütləq belə filmlərə maliyyə ayırmalıdırlar“ .
Millət vəkili sovet dövründə çəkilən və qəhrəmanlıqlan bəhs edən filmlərin indi də sevildiyini, baxıldığını söylədi. “O filmləri izləyəndə insan həqiqətən əsgər olmaq istəyir. Ona görə də qeyd edirəm ki, Müdafiə Nazirliyi də öz xətti ilə belə filmlər çəkə bilər. Mən deyərdim ki, belə əsərlər həmişə yazılıb, indi də kifayət qədər var. Sadəcə, bunu səhnələşdirmək, ekranlaşdırmaq lazımdı. Mənim də “Dolu” romanımın filmi çəkilir və bilirsiz ki, orada belə məqamlara çox geniş yer ayırmışam. Mən orada hər hansı bir qəhrəmanı adını qoya bilərdim , amma elə etmədim. Ümumiləşmiş bir komandir obrazı yaratdım. Təbliğat baxımından filmin auditoriyası və gücü çox böyükdür. Ona görə də bu sahədə yazılan əsərlərə mütləq filmlər çəkilib ictimaiyyətə təqdim edilməlidi. Amma həqiqətən bu günə kimi çəkilən filmlər yetərli deyil” .
Şair Musa Yaqub bu problemin elə dərdlərin özündən qopub gələn bir hal olduğunu vurğuladı: “Müasir dövrdə belə igidlərdən Mübariz İbrahimovun adını çəkmək olar. Amma vətən yolunda, Qarabağ yolunda canından keçən Mübariz kimi oğullarımız çox olub. Bu oğullar haqqında isə o qədər də çox yazılar yazılmayıb, deyilməyib. Belə deyim də, ermənilərin vəhşiliyini göstərmək lazımdı, amma bunun da qarşısında öz igidlərimizi də önə çəkməliyik. Bu igidlərə dastanlar, şeirlər, hekayələr yazılmalıdı. Bir tərəfdən də müharibənin taleyi tam həll olunmadığı üçün yazıçıların da bir növ qələmi soyuyur. Çünki arada elə xəyanətlər oldu ki, yazıçı, şairləri belə susdurdu və aciz etdi. Uşaqlara bu igidlərin döyüş yolunu təbliğ etmək və öyrətmək lazımdı ki, onlar hər iki tərəfin vəziyyətini görə bilsin. Bəlkə də belə bir qəhrəman obrazın meydana gəlməsi üçün hansısa bir müsabiqə də elan oluna bilər. İnanın bu da təbliğata çox böyük təsir edər. Amma kamil olaraq yaranan əsərlərimiz demək olar ki, təəssüf hissi ilə deyirəm çox, çox azdı “.
Rejissor Ənvər Əbluç zəif çəkilən filmlərdən və onların geniş auditoriyasından danışdı: “Mən “Ağ atlı” oğlan filmimdə ümumiləşmiş bir qəhrəman obrazı yaratmışam və bu məsələlərə kifayət qədər toxunmuşam, çox maraqlı da bir film alınıb. Bu filmi 1995- ci ildə çəkmişdim. Burada daha çox belə bir məqamı qabartmışam ki, hər birimiz ağ atlı oğlan kimi silaha sarılıb döyüşə getməliyik. Amma 1993-cü ildə çəkilən “Fəryad” filmində bir qədər fəqrli məqamlar var. Bu filmdə ermənilər daha çox qabardılıb və vəhşilikləri göstərilib. Amma bunun qarşısında da biz çox zəif və gözüsulu qalmışıq. Bir də televiziyaların da burda güclü rolu olmalıdır, amma onların gördüyü işə bir nəzər salaq. Hamısı şou xarakterli, əyləncəli proqramlar hazırlayırlar.
Müdafiə Nazirliyi əsgərliyə gedən oğlanlara “Ağ atlı oğlan” filmini göstərməlidi. Onlarda bir döyüş ruhu oyatmaq vacibdi”.
Ənvər Əbluc “ANS” kanalının çəkdiyi filmlərə öz iradını bildirdi: “Məncə hər kəs öz işini görməlidi və filmi də elə rejissorlar çəkməlidi”.
Rejissor Eldəniz Quliyev kino sənətinin geniş auditoriyaya, böyük gücə sahib olmasının sübuta və şərhə ehtiyacı olmadığını söylədi. O, incəsənət növlərinin içində ən maraqlı sənətin elə kino olduğunu qeyd etdi.
“Ümumiləşmiş obraz deyəndə bir az da çəkinirəm danışmağa. Amma daha çox bədii həqiqətləri çəkmək lazımdı. Azərbaycan xalqının genetik yaddaşında həmişə bir mübarizə ruhu olub və çətinliklərdən qorxmayan qəhrəmanları da olub. İndi belə deyək də, həm ədəbiyyat, həm də incəsənətin başqa növləri də tənəzzül dövrünü yaşayır. Ona görə də ümumiləşmiş bir qəhrəman yarada bilmirik və bunun üçün də meydan vermirlər. Çox təəssüf ki, yazılarımızda olan yalanlar filmlərimizə, ssenarilərimizə də keçib. Azərbaycan milli kinosunun başına gətirilən oyunlar hər birimizin gözü önündədir. Amma belə bir obraz yaratmaq istəyənlərində ayağından vururlar və imkan vermirlər qabağa getsin. Biz kino professionalları da belə hadisələrə görə bu sahədən bir az aralı düşürük.
Bir çox yaxşı ssenaristlərimiz, yazıçılarımız var, onların heç birinə bu sahədə müraciət olunmur”.
Psixoloq Şəhla İsmayılova qeyd etdi ki, biz daha çox vətən uğrunda ölməyi yox, vətən uğrunda döyüşməyi, vətən uğrunda öldürməyi də öyrənməli, öyrətməliyik:
”Ümumiyyətlə, yazıçı, ssenarist və rejissorların öz içində, qəlbində o qədər güclü bir vətən sevgisi olmalıdır ki, onlar bu səhnələri yarada bilsinlər. Yaratdıqları obrazlar da bizə və oxuculara güclü sevgi aşılamalıdır. Amma bu vətən sevgisində aqressiya və gərginlik olmamalıdı ki, uşaqlar da bu cür böyüməsin. Onlar düşünməsinlər ki, biz əlimizə avtomat alıb gedib ermənini qırmalıyıq. Ümumiyyətlə, uşaqlara vətən sevgisini bağçadan aşılamaq lazımdı. Bir də uşaqlar daha çox xəbərləri izləyəndə həyəcan keçirirlər və gündə bir əsgərin şəhid olması onları narahat edir. Və onlar da böyüyüb əsgər olmaq istəmirlər. O da güclü bir qorxu hissidən irəli gəlir. Bunları elə şəkildə vermək lazımdı ki, uşaqlar qorxmasın və inam hissi ilə əsgər olmağa özlərini hazırlasınlar. Tələbə olmaq istəyən oğlanların çoxu düşünür ki, “mən universitetə qəbul olunsam, əsgər getmərəm”. Onlar əsgər olmaqdan qorxurlar ki, başlarına nəsə bir iş gələ bilər. Bu sahədə güclü filmlərin çəkilməsi və təbliğ olunması bir az da olsa, təfəkkürlərdə dəyişiklik edəcək. Ümiləşmiş qəhrəman obrazları yaradıb, filmlər çəkilsə, uşaqların, eləcə də gənclərin şüuruna təsir edə bilər” .
Könül Səid