Modern.az

Prezident Administrasiyasında 7 ildir boş qalan vəzifə… - Araşdırma

Prezident Administrasiyasında 7 ildir boş qalan vəzifə… - Araşdırma

Ölkə

23 May 2012, 14:54

Azərbaycanda “Ağ Ev” adlandırılan Prezident Administrasiyası 2009-cu ildə ölkədə keçirilmiş referendumdan sonra yaradılıb. Qurum əvvəl uzun müddət Prezident Aparatı adlanıb.

Modern.az saytı bir müddət öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında  rəhbər vəzifə sahibləri barədə tanıtım yazıları ilə çıxış etmişdi. Əməkdaşımız adı çəkilən qurumda rəhbər vəzifə tutan şəxslərin karyeraları barədə məlumatları araşdırarkən bəlli olub ki, Administrasiyada uzun müddətdir vakant qalan bir vəzifə də var. Bu Azərbaycan Respublikası Prezidentinin işlər idarəsindəki prezidentin işlər müdiri vəzifəsidir. 

Məlum olur ki, Administrasiyadakı prezidentin işlər müdiri vəzifəsi düz 7 ilə yaxındır boşdur. Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu Prezidentin İşlər müdirinin birinci müavini həyata keçirir.

Modern.az saytının məlumatına görə, prezidentin işlər müdiri vəzifəsi 2005-ci ildən boşalıb. Belə ki, Prezidentinin işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev 2005-ci ilin oktyabr ayında həbs olunduğuna görə, həmin vaxt ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Sonradan bu vəzifəyə yeni təyinat gerçəkləşdirilməyib.

Xatırladaq ki, Akif Muradverdiyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilərək sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olundu. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünə əsasən, A.Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunmuşdu.
A.Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılıb. Onun cəzası 5 il sınaq müddətli şərti cəzayla əvəzlənib. O zaman Ali Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etməklə azadlığa buraxılma barədə qərar çıxarıb. A.Muradverdiyevin davranışına nəzarət etmək Binəqədi rayon Məhkəmə Qərarlarının İcrası İdarəsinə həvalə olunub. 

Modern.az-ın məlumatına görə, Azərbaycanın əvvəlki prezidentlərinin dövründə prezidentin işlər müdiri vəzifəsini iki nəfər tutub. Eks-prezident Ayaz Mütəllibovun hakimiyyəti illərində Prezidentinin işlər idarəsinin müdiri postunda Mikayıl Əziz oğlu Nəzərov çalışıb.

Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy prezident olanda isə prezidentin işlər müdiri Oqtay Qəşəm oğlu Şahbazov olub.

Maraqlıdır ki, Oqtay Şahbazov hazırda da Azərbaycan Respublikası Prezidenti Administrasiyasında  rəhbər vəzifə tutur. Həm də elə Prezidentin işlər idarəsində. Belə ki, O.Şahbazov hazırda prezidentin işlər müdirinin birinci müavini postunda çalışır. Elə Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu da Oqtay Şahbazov həyata keçirir. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev 2011-ci  ilin oktyabrda Oqtay Qəşəm oğlu Şahbazovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Oqtay Şahbazov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.
Oqtay müəllimin oğlu da yüksək dövlət qulluğu vəzifəsində çalışır. Bu, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazovdur.


Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi