“Sovet dövründən qalmış əmanətlərin qaytarılması üçün bütün hazırlıq prosesi başa çatıb”. Modern.az xəbər verir ki, bu sözləri maliyə naziri Samir Şərifov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 14 mart 2011-ci il tarixində imzalanmış fərmana əsasən, 20 il bundan əvvəl qoyulan əmanətlər birdəfəlik veriləcək.
“Ümumilikdə 143 məntəqə fəaliyyət göstərir. Onlardan 65-i Bakıda, 78–i isə digər rayonlardadır. Bunlardan 91-i KapitalBankın filiallarıdır. 51-i isə yeni yaradılıb ki, onun da 40-ı Bakıda, 6-sı Sumqayıtda, 5–i isə Gəncədədir”.
S.Şərifov həmçinin qeyd edib ki, yararsız hala düşən əmənət kitabçaları üçün insanlar Bakıda yaradılan 3, Gəncədə, Sumqayıtda və Naxçıvanda isə 1 məntəqəyə müraciət edə bilərlər.
“Ümumilikdə əmanətçilərin sayı 2 milyon 400 min nəfərdir. Hazırlıq prosesinə isə 350 nəfər işə cəlb olunub ki, onlar da Sovet dövründə banklarda qalan pulların hesablanması üçündür. Prosesin iş icraçıları isə keçmiş işçilərdir”.
Samir Şərifov deyib ki, əmanətlərin qaytarılmasında heç bir ayrı-seçkilik yoxdur. Yəni erməni mənşəli və ya başqa mənşədən olan Azərbaycan vətəndaşları bu hüquqdan istifadə edə bilərlər.
O bildirib ki, fərmana əsasən, sadəcə Azərbaycan Respublikasının vətəndaşı olan, 1 yanvar 1992-ci il tarixinə əmanəti olan əmanətçilərə birdəfəlik fərdi ödəmənin verilməsi nəzərdə tutulur. Nazirin sözlərinə görə, son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan uğurlar, əldə olunan makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinin onlara dövlət tərəfindən qayatrılması üçün şərait yaradıb.
”Bu fərman imzalanandan dərhal sonra ictimaiyyətin böyük marağına səbəb olub. Artıq Kapitalbankın müəyyən filialları və şöbələr şəbəkəsi fəaliyyət göstərir və bu barədə xüsusi internet səhifələrində yazılar dərc edilib”.
Nazir onu da qeyd edib ki, hər bir əmanətçi hansı filiala yaxınlaşsa, bu hüquqdan yararlana biləcək. Samir Şərifov jurnalistlərin suallarını cavablandırarkən deyib ki, burada yaşayan erməni mənşəli Azərbaycan vətəndaşları hər bir Azərbaycan vətəndaşı kimi bu hüquqdan istifadə edə bilərlər:
“Bu, birdəfəlik ödəmədir. Əmanət qalıqları yerində qalır, əmanətçilər bu qalıqdan istifadə edə bilərlər. Hər bir əmanət qalığından asılı olaraq birdəfəlik ödəmənin məbləği müəyyən ediləcək. Bu, əmanətçinin müraciəti əsasında ödənəniləcək”.
Qeyd edək ki, iyunun 1-dən Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş və 1992-ci ildəki inflyasiya nəticəsində batmış əmanətlərinin qaytarılması prosesinə başlanacaq.
Gültəkin ƏLƏSGƏR