“Müsavat Partiyasının qurultayını xarici ölkədə keçirmək niyyəti ciddidir və hazırda dostlarımız Türkiyədə və Gürcüstanda bunun reallaşdırılması üçün fəaliyyətə başlayıblar”. Bu açıqlamanı Modern.az-a Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli verib.
Onun sözlərinə görə dünyada bu cür nümunələr mövcuddur: “Məsələn, Belarusda müxalifət partiyasının qurultayının keçirilməsinə yer verilmədiyi üçün partiya öz toplantısını Polşada keçirməli oldu. Bununla da Belarus hakimiyyəti dünyanın qınağı ilə üzləşdi. Biz də bu ənənədən istifadə etmək istəyirik. Yəni, xaricdə qurultay keçirmək presedentləri çoxdur. Bu bizim üçün həm etiraz formasıdır, həm də qurultayı keçirmək zəruruəti”.
A.Səmədbəyli ötən il 100 yaşı tamam olan Müsavat Partiyasına qurultay keçirmək üçün geniş salon verilməməsinin qəbuledilməz olduğunu bildirir:
“Ötən il də 100 illik yubileyi keçirmək üçün Müsavat Partiyasına yer vermədilər. Dünən yaranan “İrəli” adlı gənclər qurumuna ölkənin ən böyük salonunda qurultay keçirmək üçün yer verilir, ancaq 100 yaşlı Azərbaycanın ilk siyasi partiyasına yox. Yəni, “Müsavat” “İrəli” qədər də olmadı?”.
Modern.az