Hər il yüzlərlə tələbə müxtəlif ixtisaslar üzrə “Xaricdə təhsil” Proqramı əsasında Azərbaycanın hüdudlarından kənara təhsil almağa göndərilir. Bu il həmin ixtisasların sırasına daha biri əlavə olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyasının sərəncamı ilə iqtisadiyyat ixtisası da sözügedən siyahıya salınıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Modern.az-a bildirib ki, bu yöndə hər il araşdımalar aparılır, hansı ixtisasa zərurət varsa, Prezident yanında Təhsil Komissiyası həmin ixtisasın prioritet ixtisas kimi siyahıya salınması üçün sərəncam qəbul edir.
“Bu il də araşdırmalar nəticəsində məlum olub ki, iqtisadiyyat ixtisasına ehtiyac var. Buna görə də 2012-ci ildən etibarən xaricə iqtisadiyat fakültəsində oxumaq istəyən tələbələr dövlət proqramı əsasında bu istəklərini həyata keçirə biləcəklər”.
Nazirlik rəsmisi qeyd edib ki, tələbələrə ölkə seçimində məhdudiyyət yoxdur. “Ölkə seçimində heç bir məhdudiyyət qoyulmayıb. Biz dünyanın bir çox ölkələrinin universitetlərini proqrama daxil etmişik. Tələbə həmin universitetlərdən birinə daxil olmursa, biz də həmin tələbənin təhsil haqqını ödəyirik, onların təhsilini maliyyələşdiririk”.
B.Hüseynzadə hər zaman yeniliklərin olacağını da bildirib. “Əgər hansısa bir ixtisas zəruridirsə, biz həmin ixtisası elə sabah proqrama daxil edə bilərik. Məsələn, ola bilər ki, bu gün elə bir kadra, ixtisasa ehtiyac duyular ki, bizdə həmin kadrlar olmasın. Bu halda hansısa ixtisas prioritet ixtisas elan edilə bilər”.
Sevinc İLTİFATQIZI