“Rusiya Ermənistanda yaşanan böhrana görə məcbur qalıb buna razılıq verir”
Ermənistanla Türkiyə arasında uzun illərdir bağlı qalan sərhədlərin açılması haqda müxtəlif fikirlər səslənsə də, rəsmi Ankara sərhədlərin Dağlıq Qarabağın işğaldan azad edilmədiyi təqdirdə açıqlamayacağını bildirib. Bəs, əsl reallıq necədir? Sərhədlərin açılmamasında Rusiyanın rolu varmı?
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı politoloq Eldar Namazovdan münasibət öyrənib. Politoloq sərhədlərin açılmasında Rusiyanın maraqlı olmadığını bildirib. E.Namazovun sözlərinə görə, Rusiya Ermənistanı təsir dairəsində saxlamaq üçün Türkiyə ilə sərhədlərin açılmasına razılıq vermək niyyətində deyil:
“Ermənistanla Türkiyə arasında sərhədlərinin açılmamasında Türkiyə ilə Rusiyanın maraqları üst-üstə düşmür. Rusiyanın mövqeyi ondan ibarətdir ki, onlar Ermənistanı daimi olaraq nəzarət altında saxlamaq istəyir. Ermənistanın iqtisadi durumu hazırda çox ağırdır. Rusiya da onlara lazımı yardım edə bilmir. Ona görə də, rusların dili ermənilər qarşısında gödəkdir. Bu baxımdan Rusiya yalnız böyük şərtlərlə sərhədlərin açılmasına razılıq verə bilər ki, Kreml orada təsirini əldən verməsin”.
Politoloq hesab edir ki, Rusiya Ermənistanda olan iqtisadi böhrana görə sərhədlərin açılmasına məcburiyyət qarşısında qalıb razılıq versə də, əsas məqam Türkiyədən asılıdır.
“Türkiyənin mövqeyi tamam başqa prinsiplərə əsaslanır. Türkiyə hesab edir ki, Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olmazsa, bu sərhədlər açıla bilməz. Əslində Rusiyada da sərhədlərin açılmasında o qədər də maraqlı deyillər. Bu baxımdan Rusiya Türkiyə ilə sərhədlərin açılmasına o qədər də xoş niyyətlə razılıq vermir. Onlar şərtlər qoyurlar ki, bu proseslər Rusiya ilə Türkiyə münasibətlərinə xələl gətirməsin.
Rəsmi Moskva hərdən bir Sərkisyana xəbərdarlıq edir ki, Amerikaya, Avropaya və Türkiyəyə doğru addım atılsa, onda Rusiya Ermənistana dəstəyini kəsə bilər. Bu istiqamətdə qeyd edim ki, kifayət qədər mürəkkəb oyunlar gedir”.
Qeyd edək ki, bu istiqamətdə 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən protokol imzalanıb. Bu protokolların qüvvəyə minməsi üçün hər iki ölkənin parlamenti onları ratifikasiya etməlidir. Türkiyə hökuməti bəyan edib ki, Ankara və İrəvan arasında münasibətlər Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını azad etdikdən sonra bərpa olunacaq.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər 1993-cü ildən kəsilib. Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb İrəvanın qondarma “erməni soyqırımı”nın tanınması iddiası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirməsi olub.
Anar RÜSTƏMOV