Modern.az

Dövlət Xidməti Bəxtiyar Hacıyevin əsgərlik məsələsinə aydınlıq gətirdi

Dövlət Xidməti Bəxtiyar Hacıyevin əsgərlik məsələsinə aydınlıq gətirdi

12 İyun 2012, 11:21

Bəxtiyar Hacıyev: “Məni  bu durumda əsgərliyə apara bilməzlər”

Hərbi xidmətdən yayındığı üçün 2 il azadlıqdan məhrum edilən deputatlığa keçmiş namizəd, gənc fəal Bəxtiyar Hacıyevin əsgərlik məsələsi yenidən gündəmdədir. Cəzasının 1 ilini başa vurduqdan sonra şərti azadlığa buraxılan B.Hacıyev hərbi xidmətə gedib-getməyəcəyi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Gənc fəal bununla bağlı Modern.az-a açıqlamasında bildirib ki, hazırki durumda onun hərbi xidmətə çağırılması qanunla yolverilməzdir:

“Mənim hərbi xidmətə çağrılmam gündəmdə deyil, sadəcə kimlərsə  israrla bunu gündəmə gətirirlər. Qeyd edim ki, qanunla mən hələ 9 ay şərti azadlıqdayam, ondan sonra 2 il məhkumluğumun götürülməsi üçün zamanım var. Bu da o deməkdir ki, 2 il 9 ay bu məsələ - hərbi xidmətə çağırış gündəmdə olmamalıdır”.

B.Hacıyev hərbi xidmətdən qorxmadığını, bu haqda yayılan xəbərlərin yalan olduğunu vurğulayıb.

“Məncə, müzakirə ediləcək daha vacib məsələlər var. Bir nəfər ortaya bir əsgərlik məsələsi atdı başladılar məni "qeyri-vətənpərvər" kimi damğalamağa, bir çox insan da bu tələyə düşdü. Ağıllı insanlarla mən daha ciddi məsələləri müzakirə etmək istərdim. 
Müsahibə üçün yox, bir insan kimi mövqeyimi bilmək istəyirsinizsə, mən nə hərbi xidmətdən qorxuram, nə ölümdən, nə də hansısa bir əzabdan. Sadəcə, kimlərsə hərbi xidmətlə məni cəzalandıracaqlarını, orada məndən əvəz çıxacaqlarını dedilər, mən də müqavimət göstərdim və tam qanuni alternativ xidmət hüququmdan istifadəni istədim. Bu da mənim hüququmdur”-deyə B.Hacıyev qeyd edib.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən də münasibət öyrəndik. Özünü mayor Hacıyev kimi təqdim edən Dövlət Xidmətin əməkdaşı Bəxtiyar Hacıyevin məsələsindən xəbərdar olduqlarını deyərək, onun ən azı 3 il müddətinə əsgərliyə çağırılmayacağını bildirdi.

“Biz bununla bağlı deyə bilərik ki, Bəxtiyar Hacıyev hələ bundan sonra qanunla 3 il müddətinə hərbi xidmətə çağırılmamalıdır. Ancaq bu müddət başa çatdıqdan sonra qanunun müvafiq tələbinə uyğun olaraq o, yenidən hərbi xidmətə çağırılacaq”. 

Hərbi ekspert Cəsur Sumərinli də Bəxtiyar Hacıyevin əsgri xidmətə getməməsini onun konstitusion hüququ olduğunu bildirib. C.Sümərinlinin sözlərinə görə, alternativ hərbi xidmət haqda qanun hazırda işlək olmasa da, gənc fəalın bu hüquqdan yararlanmağa haqqı var.

“Bəxtiyar Hacıyev öz hüququndan istifadə edərək alternativ hərbi xidmət çəkmək istəyir. Məncə onun bu istəyi yerinə yetirilməlidir”-deyə ekspert vurğulayıb.

Qeyd edək ki,  Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunaraq 2 il müddətinə həbs olunmuşdu. Bu yaxınlarda məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?