İqtisadçı ekspert: "Həmin siyahılarda Azərbaycanın əksər nazirlərinin adı var”
Ekspert: “İnformasiya əldə etmək haqqında” Qanuna edilən dəyişiklər bu sahəni daha da qapalı etməyə hesablanmış addımdır”
Dünyanın aparıcı jurnalları, o cümlədən “Forbes” mütəmadi olaraq müxtəlif ölkələrdə yaşayan zəngin insanların adlarını açıqlayır. Zamanla bura xaricdə olan azərbaycanlı iş adamlarının adları da daxil edilir. Lakin həmin siyahıda Azərbaycanda yaşayan hər hansı şəxsin adı düşmür. Halbuki, ölkəmizdə də varidatı ilə bu siyahıya düşə biləcək adamların varlığı qeyri-rəsmi məlumdur, lakin onların adları açıqlanmır.
Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, “Gəlir bəyannaməsi haqqında” Qanun qəbul olunub və buna uyğun olaraq zəngin insanlar rəsmi olaraq öz varidatlarını göstərməlidirlər. “Hələlik bizdə qanun şəffaflığa yol açmadığından Azərbaycanda kimlərin zəngin olduğu qaranlıq qalır”.
İqtisadçı ekspert Nazim Məmmədov dünyanın aparıcı jurnalları tərəfindən tərtib olunan milyarder siyahılarına Azərbaycandan heç kimin düşməməsinin obyektiv və subyektiv səbəblərinin olduğunu qeyd edib.
“Obyektiv səbəb budur ki, Azərbaycanda səhm bazarı olmadığı, şirkət təsisçilərinin, sahiblərinin və ya şirkətin özünün bazarda qiymətləndirməsi baş vermədiyinə görə ümumi kapitallaşmanın nə dərəcədə olmasını müəyyən etmək mümkün deyil”.
N.Məmmədov eyni zamanda şirkətlərin rəsmi və qeyri-rəsmi sahiblərin mövcud olduğunu bildirib. “Böyük şirkətlər bu və ya digər formada məcburi köçkünlərin qeydiyyatına düşür və ya fiziki şəxslərə məxsus olanlar onları qohum-əqrəbalarının adlarına sənədləşdirir. Bu ondan irəli gəlir ki, əsasən böyük biznesin uğurları yüksək vəzifələr tutan məmurların adı ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycanda “Korrupsiya haqqında” Qanun var və məmurlar öz gəlirlərini bəyan etməlidirlər. Amma bu bəyannamələr hələlik mövcud olmadığından adların olduğu siyahılara qeyri-rəsmi tərtib edilir. Jurnalistlərin, QHT-lərin adətən, tərtib və dərc etdiyi həmin siyahılarda Azərbaycanın əksər nazirlərinin adı var”.
İqtisadçı-ekspert “İnformasiya əldə etmək haqqında” Qanuna edilən dəyişiklərinin zəngin adamların üzə çıxarmağı daha da çətinləşdirəcəyini vurğulayıb. Onun sözlərinə görə, qəbul edilən dəyişikliklər bu sahəni daha da qapalı etməyə hesablanmış addımdır.
Aytən Əliyeva