Modern.az

Xaricdəki tələbəmiz: “Azərbaycana qayıtmaq istəməyənlərin kifayət qədər haqlı səbəbləri var” - MÜSAHİBƏ

Xaricdəki tələbəmiz: “Azərbaycana qayıtmaq istəməyənlərin kifayət qədər haqlı səbəbləri var” - MÜSAHİBƏ

18 İyun 2012, 15:09

Elturan Rüstəmli: “Yataqxanada xoruldamaya görə də mübahisə yaranır”

Modern.az “Xaricdəki tələbəmiz” adlı layihəsini davam etdirir. Budəfəki müsahibimiz Polşada hələ hazırlıq mərhələsində olan Elturan Rüstəmlidir.

– Elturan, xaricdə təhsil almaq fikri necə yarandı?

– Xəzər Universitetində iqtisadiyyat fakültəsinə daxil oldum, amma bir yandan da xaricdə təhsil almaq üçün çıxışlar axtarmağa başladım. İstəyim Türkiyədə təhsil almaqdı, amma Avropada təhsil şansı olanda bu seçimi etdim. Xəzər Universitetində təhsilimi yarımçıq qoyub iki tələbə yoldaşımla birgə Polşaya gəldim. Bu il burada hazırlıq mərhələsindəyəm. Gələn ildən isə ABŞ-ın Texas &M Universitetində oxuyacağam.

– Bəs ailən bu istəyinə qarşı çıxmadı?

– Yox, ailəm onsuz da xaricdə oxumağımı istəyirdi.  

– Niyə məhz Polşada? Digər Avropa ölkələrində yox?

– Polşanı seçməyimin əsas səbəbi digər Avropa ölkələrinə nisbətən daha az maliyyə tələb etməsidir.

– İlk dəfə idi ki, ailəndən kənarda yaşayırsan. Buna öyrəşmək çətin olmadı?

– Düzdür, ilk dəfədir ki, ailəmdən bu qədər uzun müddətə kənarda yaşayıram. Ancaq çətinlik yoxdur.

– Ümumiyyətlə, əsas çətinliklərin nələr olur? Hansı problemlərlə üzləşirsən?

– Bu şəhərdə kifayət qədər azərbaycanlı və türk yaşadığı üçün uyğunlaşma problemi də yaşamadım. İlk vaxtlar əsas çətinlik yerləşdiyimiz yataqxana ilə bağlı idi. Sonra yataqxananı dəyişib bu problemi də ortadan qaldırdıq. Amma yenə də yataqxanada qalmaq mənim üçün problemdir. Çünki otaqda iki nəfər qalırıq. Dərs oxumaq çətinləşir, arada söz-söhbətlər olur. Hətta xoruldamaya görə də mübahisə yaranır. Bir də ki burada hava soyuq olur.

– Azərbaycanlı tələbələrlə əlaqələrin varmı?

– Burada 30-a yaxın azərbaycanlı tələbə var və onların böyük əksəriyyəti eyni yataqxanada yaşayır və eyni universitetdə təhsil alır.

– Polşadakı təhsilin haqqında nə deyə bilərsən?

– Burada təhsil demək olar ki, normaldır Azərbaycanla müqayisədə universitetlərin tələbələrə təklif etdiyi imkanlar genişdir. Bir az öncə qeyd etdiyim kimi, mən hələ hazırlıq mərhələsini oxuyuram və elə bir çətinliyimin olduğunu düşünmürəm.            

– Xaricdə təhsil sənə nə verir? Səndə, eləcə də dünyagörüşündə nələri dəyişib?

– Dünya görüşünə təsir edir, gələcək həyatını tamamilə dəyişə bilər. İş imkanları daha geniş olur. Bundan başqa, fərqli bir ölkə, fərqli bir mədəniyyət var. İstər-istəməz insanda dəyişikliklər olur. Əvvəllər hədsiz dərəcədə aqressiv idim. Bir insan bir səhv etdisə, o mənim üçün bitmişdi. İndi isə bir az dəyişmişəm, demək olar ki, güzəştə getməyi öyrənmişəm. İnsanlarla daha rahat əlaqə qura bilirəm. Ətrafımda fərqli dünyagörüşünə, sahib insanlar var. Onlar fərqli siyasi baxışa, fərqli dini inanca malikdirlər. Amma əvvəllər bu cür insanlarla ünsiyyətdə ola bilmirdim. Demək olar ki, bu, mümkünsüz idi.  

– Azərbaycandakı tələbə həyatınla oradakı tələbə həyatı arasında hansı fərqlər var?

– Fərq böyükdür. Əvvəla, burada təhsil keyfiyyətli və ucuzdur. Heç kimsə səndən rüşvət tələb etmir, siyasi basqılara məruz qalmırsan.

– Azərbaycanı tanıtmaq üçün hansı tədbirlər keçirirsiniz?

– Burada azərbaycanlı tələbələrlə birgə Xocalı faciəsi ilə bağlı bir tədbir keçirdik. Məncə, yaxşı da oldu. Elə azərbaycanlı tələbələr idi və 2-3 türk dostlarımız da gəlmişdi. Amma Polşada çox qabiliyyətli gənclərimiz olsa da,  elə də böyük fəallığın olduğunu düşünmürəm. Sadəcə,  şəxsi söhbətlər vasitəsilə Azərbaycan haqqında xarici vətəndaşlara məlumat veririk.

– Bəs onların Azərbaycan haqqında məlumatları varmı?

– Əcnəbilərin Azərbaycan haqqında demək olar ki, məlumatları çox azdır. Məlumatları olanlarda bizi varlı neft ölkəsi kimi tanıyır. Yaxud da, qatı İslam ölkəsi kimi.

– Çoxları deyir ki, Azərbaycana qayıtmaq istəmirəm. Sən necə, qayıtmağı düşünürsən?

– Məncə, Azərbaycana qayıtmaq istəməyənlərin kifayət qədər haqlı səbəbləri var. Heç kim azadlığının məhdudlaşdırılmasını istəmir. Amma mən geri dönəcəyəm. Qaçmaqla, gizlənməklə problemlər həll olmayacaq. Problemlərdən qaçmaq əvəzinə onların üzərinə getməklə həll edilə bilər.

– Yemək işini necə həll edirsən?

– Çox zaman kənarda yeyirik. Amma evdə də yemək hazırlayırıq. Düzü, ən ağrılı problemlərdən biri yemək problemidir. Polşa mətbəxi ilə bizim mətbəxin damaq dadları tamam fərqlidir.

– Nə qədər xərcin çıxır bir ayda?


– Təxminən 350-400 avro. Amma bundan daha az xərci çıxan tələbələrimiz də var. Restoranlarda daha çox xərcimiz çıxır. Düzdür, bura elə də bahalı şəhər deyil, yaşam xərcləri azdır. Buna görə də elə də böyük xərcimiz çıxır.

– Asudə vaxtlarında nə edirsən?

– Əylənmək üçün klublara gedirik. Bəzən də azərbaycanlılarla toplaşır, çay kənarında kabab çəkirik, futbol oynayırıq və s. Yay tətilində isə Azərbaycana gələcəyəm.

– Xarici vətəndaşla ailə qurmaq istəyərsən?

– Yox. Çünki istər-istəməz çətinlik yaranır. Həm mənim, həm də onun ailəsində. Azərbaycanlı bir qadınla ailə həyatı qurmaq daha cazibəli gəlir mənə.

– Polşalı gənclərlə bizim gənclər arasında hansı fərqlər var?

– Azad düşüncəlidirlər. Nə ailədə, nə də dövlətdə basqı görmürlər. İstədikləri kimi geyinir, istədiklərini edirlər.

– Burada başına gələn maraqlı hadisə varsa, birini danışa bilirsən?

– Elə də maraqlı hadisə xatırlamıram. Amma bu ay gecə gənclərlə gəzərkən “Yuventus” komandasının əfsanələrindən olan məşhur futbolçu  Pavel Nedvedlə rastlaşdıq.



Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?