Artıq 20 günə yaxındır ki, əhalinin sovet dövründə banklarda qalan əmanətlərin qaytarılmasına başlanılıb. İllərdir zəhmətlə qazandıqları pulların bankda qalmasından təəsüflənərək onun həsrətin çəkən insanlar indi “Kapitalbank”ın qarşısında növbəyə durur, batmış əmanətlərinin müqabilində qəpik-quruş alırlar.
Sovet əmanət bankında pulları batan əmanətçilər təkcə sadə vətəndaşlar deyil, bu sırada cəmiyyətdə kifayət qədər tanınan, pul sarıdan heç vaxt korluq çəkməyən insanlar da var. Onlar da vaxtilə, əllərinə pul düşdükcə banka yatırıblar. Modern.az saytı ötən günlərdə deputatlardan əmanətlərinin sovet batıb-batmadığını soruşmuşdu.
Bu dəfə siyasi partiya rəhbərlərinin bankda əmanətlərinin qalıb-qalmadığını xəbər aldıq.
“İmkanım yox idi ki, mən də banka pul qoyum...”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu SSRİ zamanı maddi imkanı olmadığından banka pul qoya bilmədiyini bildirib.
“Bankda heç bir manat da əmanətim yoxdur. Çünki o zaman imkanın yox idi ki, pul yığıb banka qoyum. Lakin insanlar var ki, 100 min rubl pulu olub, indi ona 5 min manat pul verirlər.
Əmanətlərin qaytarılması tamamilə yalnış siyasətdir. Çünki bizim vətəndaşların banklarda qalan əmanətləri Rusiya büdcəsindən ödənilməli idi”.
“Pulum batıb, amma azdır - 5-6 min rubl...”
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı isə Sərdar Cəlaloğludan fərqli olaraq, bankda əmanətinin batdığını etiraf edib. Deputatın sözlərinə görə, onun sovet dövründə banka qoyduğu əmanətin məbləği az olsa da, almaq fikrindədir.
“Mənim də banka əmanətim qalıb. Amma çox azdır. Hardasa 5-6 min rubl. Pulu almaq üçün hələ müraciət etməmişəm. Amma bu haqda fikrim var. Ehtiyacı olan insanlar alsınlar, sonra biz də öz növbəmizdə müraciət edib pulumuzu alarıq”-deyə F.Ağamalı qeyd edib.
“Mən o zamanlar uşaq idim...”
Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, o zamanlar yaşı az olduğu üçün banka pul qoymayıb:
“Mən o zamanlar uşaq idim. Buna görə, bankda mənim adıma əmanət batmayıb”.
“Banka pulu qoyub bir aydan sonra gotürürdüm”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP), millət vəkili Sabir Rüstəmxanlı isə SSRi zamanı banka qoyduğu pulu bir aydan sonra götürüb xərclədiyini vurğulayıb. Deputatın sözlərinə görə, hazırda onun adına sovet dövründən əmanət qalmayıb.
“Sovetlər zamanı banka çox az miqdarda pul qoyurdum. Amma heç bir ay keçmirdi, həmin əmanəti götürüb xərcləyirdim. İnanın ki, banka qoyduğum vəsait bu aydan o biri aya heç keçmirdi”.
Anar RÜSTƏMOV