Modern.az

“Azərbaycan nə hərb, nə də sülh yolu ilə Qarabağı azad edə biləcək” – Hərbi Ekspert

“Azərbaycan nə hərb, nə də sülh yolu ilə Qarabağı azad edə biləcək” – Hərbi Ekspert

20 İyun 2012, 17:43

“Rusiya Ermənistanı gücləndirməklə Qarabağ məsələsinin həllinə mane olacaq”

Rəsmi Moskva Ermənistanda yerləşən 102 saylı hərbi bazasının iki qat gücləndirəcəyi ilə bağlı bəyanat verib. 20 ildən çoxdur ki, Azərbaycanla müharibə şəraitində yaşayan Ermənistanın hərbi potensialının müttəfiqi Rusiya tərəfindən gücləndirilməsi maraqlı nüanslardan xəbər verir. Rusiya bu addımla Ermənistanı doğurdanmı müharibəyə hazırlayır, yoxsa Qafqazda öz gücünü qorumağa çalışır?

Modern.az-ın sualını şərh edən hərbi ekspert Cəsur Sümərinli qeyd edib ki, Rusiya əslində, Ermənistanda hərbi bazasını gücləndirməklə bölgədə əvvəlki təsirini salmağa çalışır.  “Rusiya qonşu ərazilərdə mövcud olan hərbi bazalarını yenidən gücləndirmək niyyətindədir. Bu haqda 2010-cu ildə qəbul olunan hərbi doktrinada öz əksini tapıb. Eyni zamanda, regionda baş verən proseslər Rusiyanı məcbur edir ki, regiondan əlini çəkməsin. Rusiya ilə Ermənistan arasında imzalanmış sazişə görə, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etməlidir. Bu baxımdan deyə bilərəm ki, bu ümumi planlaşdırılan bir məsələdir. Rusiya uzun illər Ermənistanda qalmağı nəzərdə tutur. Təxminən 2050-ci ilə qədər Rusiya Ermənistanda hərbi gücünü saxlamaq istəyir”, – deyə ekspert vurğulayıb.

C.Sümərinli hesab edir ki, Rusiyanın bu addımı Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməklə yanaşı, bölgədə demokratik mühitin formalaşmasına imkan verməyəcək: “Rusiyanın Ermənistanda hərbi gücünü 2 qat artırması Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi mənfi təsir göstərəcək. O, qarşıdakı dövrdə də Ermənistanı dəstəkləməkdə və Ermənistanın işğalçılıq siyasətini himayə etməkdə davam edəcək. Bu isə Azərbaycanın bir başa milli təhlükəsizlik hədəflərinə toxunur. Rəsmi Bakı bu istiqamətdə konkret tədbirlə hazırlamalıdır. Rusiyaya bu şəkildə təsir göstərmək yollarını araşdırmalıdır.

Rusiyanın Ermənistanda yerləşən hərbi bazasını iki dəfə gücləndirməsi yaxın gələcəkdə Azərbaycanın işğal edilən torpaqlarını nə hərb yolu ilə, nə də sülh yolu ilə azad  etməsinə imkan verəcək”. 

Hərbi ekspert daha sonra vurğulayıb ki, Rusiya nəinki Ermənistandan, eləcə də Azərbaycanda yerləşən Qəbələ RLS-dən də çıxmaq istəmir.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?