“Onu bundan sonra da dəstəkləməyə hazıram”
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununu təsdiqləyib. Uzun illərdir Moskvada mühacir həyatı yaşayan eks-prezident Ayaz Mütəllibovun Azərbayacan qayıdışına artıq problem qalmayıb. Mütəllibov özü də yaxın vaxtlarda Bakıya dönüb, burada yaşamağa hazırlaşdığını qeyd edib.
Modern.az eks-prezident Ayaz Mütəllibovun sadiq tərəfdarlarından hesab edilən, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovla müsahibəni təqdim edir.
- Hacı, keçmiş prezident Ayaz Mütəllibov bu yaxınlarda vətənə qayıdacağını açıqlayıb. Artıq bu istiqamətdə prezident də qanunu təsdiq etdi. Ayaz müəllimin Azərbaycana gəlişinə sevinirsinizmi?
- Ayaz müəllimi dəstəkləyən, yolunu gözləyən bütün tərəfdarları kimi, mən də bu qərarı çoxdan gözləyirdim. Çox sevindim. Ayaz Mütəllibovun vətənə qayıtması bizlər üçün böyük bayramdır. Ayaz müəllimin Azərbaycana gəlişinə indi yox, çoxdan icazə verilməli idi. Biz çoxdandır ki, bu günü gözləyirdik. Ayaz müəllim öz vətəninə gəlməli idi. Hardasa ona bir az əziyyət verdilər, vaxtı xeyli gecikdirdilər. Yenə sağ olsunlar ki, gec də olsa belə qərar qəbul etdilər.
- Ayaz Mütəllibovla əlaqə saxlayırsınızmı? Vətənə gəlişi münasibətilə onu təbrik etmisinizmi?
- Təəssüflər olsun ki, Ayaz müəllimlə son vaxtlar əlaqə saxlaya bilməmişəm. Münasibətlərimiz həmişəki kimidir. İnşallah, Bakıya gəlsin, təbrik edəcəm. Odur ki, Ayaz müəllimin Azərbaycana gəlişini səbirsizliklə gözləyirəm. Biz onun yolunu gözləyirik. İnşallah təki vətəninə gəlsin, qurban da kəsərik.
- Ayaz Mütəllibovla bundan sonrakı münasibətləriniz necə olacaq?
- Söz yox ki, bizim münasibətlərimiz bu zamana kimi necə olubsa, bundan sonra da davam edəcək. Başqa cür ola da bilməz. Ayaz müəllim Bakıya gələn kimi, inşallah onunla mütləq görüşəcəm. Ona deyiləcək çoxlu ürək sözüm var. Mənim yolum, mövqeyim aydındır. Bundan artıq nəsə danışmağa məncə, o qədər də ehtiyac yoxdur.
Anar RÜSTƏMOV