Mütəxəssis: “Məhkəmələrdə çıxarılan hökmlərdə rəsmi dil çox bərbad hala salınır”
Son zamanlar insanlar hüquqi sənədlərin dilinin çətinliyindən, ağırlığından şikayətlənirlər. Bəzən isə elə hallar olur ki, məhkəmələrdə çıxarılan qərarlar belə savadlı insanlar üçün anlaşılmaz olur. Əgər Azərbaycan dili vahid bir dildirsə və hər birimiz də bu dildə danışırıqsa, o zaman niyə belə problemlərlə qarşılaşırıq? Bu problemin həlli yollarını necə tapmalıyıq?
Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna direktor əvəzi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli Modern.az-a Azərbaycan dilinin bütün sahələrdə düzgün işlənməsinə nəzarətin olmasının vacibliyini qeyd etdi:
“Hansı sahədə işlənməsindən asılı olmayaraq, çalışmaq lazımdır ki, dil səlis, aydın, düzgün, ifadəli olsun. Bu dildən istifadə edən adam da oxuduğunu başa düşsün və çətinlik çəkməsin. Bir də burda əsas məsələ savaddır. Savadı da ilk növbədə məktəbdə alırıq, daha sonra isə kitablar vasitəsilə təkmilləşdiririk. Həmçinin bura həm kitab, həm qəzet, həm jurnal, həm də digər mütaliə vasitələrini əlavə etmək olar. Biz auditoriyada qarşısında çıxış edəndə hiss edirik ki, dilimiz cilalanır, saflaşır. Amma hüquq sahələrinə gəlincə, deyə bilərəm ki, hüquqi dil anlayışı şərti deyilən şeydir. Hansı sahədə işlənməsindən asılı olmayaraq, dil vahiddir. Sadəcə, həmin sahədə işlənən bəzi terminlər və üslubi yayınmalar da nəzərə alınmalıdır. Həmçinin bəzi nəzərə alınmalı məqamlar da var. Onlardan ən birincisi də hazırlanan sənədlərin yalnız o sahənin insanları, sferası üçün nəzərdə tutulmamasını o quruma izah etmək lazımdır. Ən əsası da bütün sənədlər hər kəsin anlayacağı dildə yazılmalıdır“ .
F.Veysəlli bəzi insanların hüquqi sahənin xüsusi dili olması fikrinə öz etirazını bildirdi:
“Bəziləri deyir ki, bu hüquqi, ya da ayrı sahənin sənədidir və belə də yazılmalıdır. Qəti şəkildə bunlara inanmayın. Hüquqi və rəsmi dil anlayışları ümumiyyətlə dilimizdə yoxdur. Prezidentin sərəncamı ilə bağlı dilin işlənməsi haqqında xüsusi dövlət proqramını işləyib-hazırlayırıq. Bu proqram gələn ayın axırında təhvil verilməlidir. Həmin proqramda ayrı-ayrı qurumlar qarşısında konkret vəzifələr, tapşırıqlar qoyulacaq. Hər bir qurum ictimai funksiyasını yerinə yetirilməsindən asılı olmayaraq Azərbaycan dilinin keşiyində durmalı və onu qorumalıdır. Azərbaycan dilinin bütün sahələrdə düzgün işlənməsinə hər birimiz nəzarət etməliyik”.
Mütəxəssis qeyd edib ki, ola bilsin ki, bu proses birdən-birə hər problemi aradan götürə bilməsin. O, hər hansı bir irəliləyişin ola biləcəyini də vurğulamağı unutmayıb. F.Veysəlli prezidentin sərəncamını ictimaiyyətin, o cümlədən təşkilatların da yerinə yetirmək kimi bir borcu olduğunu söyləyib.
“Məhkəmələrdə çıxarılan hökmlərdə olan rəsmi dil çox bərbad haldadır. Onların üzərində çox işləmək lazımdır. Cümlələr anlaşılmır, sanki başqa dildən hərfi tərcümə olunur”.
Könül Səid