“Dananı bıçaq əvəzinə telekamera ilə kəsmək “savabı”
“Həsən bəy Zərdabi müsəlman uşaqlarını, kasıbları oxutdurmaq üçün xeyriyyə cəmiyyəti açır. Pul məsələsinə gələndə hamı qaçır. Həsən bəylə bərabər bir erməni də xeyriyyə cəmiyyəti açır və Şuşaya pul yığmağa gedir. Bir Mıkrtc adında erməni eşşəyi ilə su daşıyıb pul qazanır. 990 manat Nikolay pulunu gətirib qoyur həmin erməni ziyalının qabağına ki, mənim balam yoxdur. Bu pulla bütün erməni balalarını oxudun. Sonra Həsən bəy Zərdabi bu sözü deyir: “Qarabağda bir erməni Mıkrtcda olan milli qeyrət Qarabağ bəylərinin heç birində yoxdur”.
Elə indinin özündə də ölkəmizdə yüzlərlə imkanlı şəxs olsa da, xeyriyyəçiliklə məşğul olan insanların adları çox az-az hallarda hallanır. Bəs niyə ölkəmizdə Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov kimi xeyriyyəçi insanlar yetişmir?
Modern.az-ın əməkdaşı bu sualla millət vəkillərinə müraciət edib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, xeyriyyəçilər indi də var.
“Məsələn, “Azersun Holdinq” müəyyən adamlara köməklik edir. Bu holdinqin rəhbəri Abdulbari Gözəl müəyyən məsələlərdə xəstələrə, təhsil almaq istəyən insanlara, dolanışığı çətin olan işçilərə köməklik edir”.
Deputat bildirib ki, yaxın vaxtlarda A.Gözələ o da müraciət edəcək: “Çünki bir gənc ailənin övladı var və onun bir gözü görmür, amma sağalma ehtimalı var. Xahiş edəcəyik ki, bu ailəyə maddi yardım etsin”.
Çingiz Qənizadənin sözlərinə görə, Heydər Əliyev Fondu da hüquqi şəxs kimi insanlara yardım edir. Fond xəstələrə müalicə üçün imkan yaradır, xarici ölkələrə göndərir, təhsillə bağlı köməklik edir və s.
Deputat qeyd edib ki, hazırda Hacı Zeynalabdin Tağıyev kimi imkanlı insanlar çoxdur. “O vaxt bu işlə məşğul olan cəmisi üç, beş nəfər idisə, indi yüzlərlədir. Bu gün o insanların kömək etmək şansı daha çoxdur və xeyriyyəçi insanlar daha çox olmalıdır. Amma görünür ki, bu sahədə əliaçıqlıq etməyən çox imkanlı insanlarımız var. Düzdür, elə adamlar var ki, bir dananı kəsir, iyirmi adama paylayır. Bunu da kameralara çəkdirib, televiziyada göstərir. Mən bunun tərəfdarı deyiləm”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimli isə qeyd edib ki, xeyriyyəçiliklə məşğul olan insanlar yoxdur, xeyriyyəçi adı ilə alver edən korrupsionerlər var. “Bu pullardan da görüntü yaratmaq üçün istifadə edənlər var. “Bir bulaq açmaqla xeyriyyəçi olmaq mümkün deyil”.
Sevinc İltifatqızı