Bu yazını həmkarımız Azər Həsrətin “Etnik azlıq problemi? Bu lap ağ oldu!” məqaləsinə verilən şərhlərə cavab məcburiyyətini hiss etdiyim üçün yazdım. Qeyd edim ki, həbs olunan Hilal Məmmədovla bir neçə dəfə elə milli məsələlərlə bağlı sosial şəbəkələrdə qarşılıqlı yazışmalarımız olmuşdur. H.Məmmədov çox mədəni şəkildə öz fikirlərin yazmış, mən də ona eyni ədəblə cavab vermişdim. İndi isə bəzi dostlarımızın A.Həsrətin yuxarıda adını çəkdiyim məqaləsinə yazdığı şərhlərinə cavab vermək niyyətindəyəm.
Bildiyimiz kimi, vətəndaşlıq hüququ olan hər bir şəxsin, mənəviyyatca ona daha yaxın olan hər hansı milli və ya etnik qrupun üzvü olmağa subyektiv hüququ var. Azlıq, qrup hüququnun subyektidir. Belə bir təyinetmə üçün nə şəxsin mənşəyini bilmək, nə də heç bir vasitə lazım deyil. “Etnik azlıqların ictimai həyatda fəal iştirakı üzrə Lund tövsiyyəsi”ndə (1998) bəyan olunur ki, hər bir dövlətin ərazisində etnik və ya hər hansı təyinetmə ayrı-seçkiliyə səbəb ola bilməz.
Sovet hakimiyyəti illərində SSRİ-də iki istiqamətdə güclü iş aparılırdı. İlk baxışda bu istiqamətlər bir-birinə əks mövqe təsiri bağışlamasa da, əslində məzmun etibarilə bir-birinə daban-dabana zidd məna kəsb edirdi. Daha doğrusu, o vaxtlar SSRİ-də yaşayan bütün xalqların tədricən bir-biri ilə qaynayıb-qarışması nəticəsində zorla "sovet xalqı" adı altında yeni biliyin yaradılmasına ciddi-cəhd göstərilirdisə, digər tərəfdən, beynəlmiləlçilik bayrağını əsas tutaraq, "dostluq" və "bərabərlik" şüarlarını ucalda-ucalda ayrı-ayrı respublikalardakı (bu baxımdan Azərbaycan SSR xüsusi yer tuturdu) müxtəlif tayfaları etnik qrup, etnik azlıqları xalq, hətta bəzən bu və ya başqa etnik azlığı və yaxud azsaylı bir xalqı az qala millət kimi qələmə vermək cəhdləri olurdu. Çoxmillətlilik və beynəlmiləlçilik, özü də şişirdilmiş səviyyədə, sanki bu və ya başqa respublikanın zənginliyini, iqtisadi potensialını, öncüllüyünü göstərən əsas amil idi.
Bütün bunların nəticəsidir ki, ittifaq dağıldıqdan sonra müstəqillik yoluna qədəm qoymuş bəzi respublikalar bu sahədə bir sıra çətinliklərlə üz-üzə qalmışdır.
Azərbaycanda etnomühit bütün dövrlərdə sabit olub. Bu istər yuxarıların, istərsə də aşağıların biri-digərinə olan münasibətin birmənalı olaraq davam etməsinin göstəricisidir. Yəni topluma daxil olan həm türkə, həm də qeyri-türkə ictimai mühitdə yanaşma tərzi eyni olub, etniklə, qeyri-etnik arasında fərq qoyulmayıb. Bu nüans istər ölkə qanunvericiliyində, istərsə də Azərbaycanın qoşulduğu beynəlxalq Konvensiyalarda əsas prinsip kimi götürülüb. Baxmayaraq ki, sovet dövrü etnomühiti müstəqil Azərbaycana nisbətən daha sabit olub. Bütün xalqlara eyni - "sovet vətəndaşı" prizmasından baxan kommunist ideologiyası etnomühitin sabit durumuna mənfi təsir göstərən amillərdən yan keçib. Baxmayaraq ki, hər bir etnik azlıq ayrı-ayrılıqda təhlil olunub, onların inkişaf dinamikası nəzərdən qaçırılmayıb. Amma bütün bunlar barədə cəmiyyət heç vaxt məlumatlandırılmayıb. Elə bir şərait yaradılıb ki, milli azlıqları əhatə edən sosial təbəqə də öz növbəsində bu kimi məlumatları mənimsəməyə belə maraq göstərməsin. Bu proses Azərbaycanın müstəqillik qazanmasına qədər davam edib.
Müstəqil Azərbaycanın son 20 il ərzində ictimai-siyasi durum baxımından qarşılaşdığı ən narahat problemlər içərisində məhz milli məsələlər də var idi. Amma bu keçmişdə, təxminən müstəqilliyin ilk illərində idi. Hələ o zaman respublikamızda yaşayan xalqlarla bağlı yeni uydurulan, yeni qondarılan hər bir məsələyə milli don geyindirmək cəhdi ağır və sarsıntılı nəticələr vermişdir. Milli əlamətlərə görə siyasi partiya yaradanların, erməni-kürd separatçılarına züy tutanların, "sadval"çıların ideya silahdaşlarının, "Talış-Muğan Respublikası" xülyası ilə yaşayanların və bu qəbildən olan digərlərinin özlərinə aludəçilikləri, xam xəyallar aləminə qapanmaları ölkədə nəinki ictimai-siyasi tarazlığı pozdu, eyni zamanda, dədə-baba torpaqlarımıza göz dikən, onu işğal edən erməni təcavüzkarlarına qarşı mübarizəyə qalxmaq üçün yumruqlanmış gücümüzü parçaladı və xeyli zəiflətdi. Yalnız məqsədyönlü və ardıcıl siyasət nəticəsində son illər Azərbaycanda yaşayan bütün millət və xalqlar, etnik azlıqlar vahid amal uğrunda birləşməyə doğru müəyyən addımlar atmağa başladı.
SSRİ-nin dağılmasından sonra postsovet məkanında (MDB-də) bir çox respublikalarda "etnik təmizləmə" siyasəti həyata keçirilib. "Etnik təmizləmə"yə məruz qalan milli azlıqlar monoetnik dövlətlərə transformasiya olunublar. Bu sırada Ermənistan MDB məkanında daha "öndə" gedir. Lakin Cənubi Qafqazın ən inkişaf etmiş respublikası hesab olunan Azərbaycanda bu prosesin başlanmasına ümumiyyətlə cəhd olmayıb.
Etnik tərkibi müxtəlif Azərbaycanda milli münasibətlər faktorunun vacibliyi nəzərə alınmalıdır. Milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərinin həlli Kremlin barmaq silkələməsinə görə deyil, 1994-cü ildən sonra prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara müntəzəm şəkildə maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfessiyaların hamısının sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi. 1993-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrilib.
Mütəxəssislərin araşdırmalarına və proqnozlarına görə dünyanın geosiyasi durumunu nəzarət altında saxlamaq iddiasında olan dövlətlər mümkün etnik münaqişə ocaqlarından məqamında istifadə etmək üçün buna zəmin hazırlayırdılar. Şübhəsiz ki, Azərbaycan xüsusi maraq doğuran ölkələr sırasında heç də sonuncu yerdə durmurdu.
Azərbaycandakı azsaylı xalqların tərkibində son illər bir dəyişiklik də müşahidə olunmuşdur: bu da milli etnosların (ləzgi, talış, kürd, tat, və s.) yenidənqurma dövründə milli şüurun və özünüdərk hissinin oyanması ilə bağlıdır. Bu, 1979 və 1989-cu illər siyahıyaalınmasında özünü göstərmişdir. Azərbaycan həmin xalqlar üçün tarixi vətən olmuşdur. Bu etnoslar arasında elələri (buduq, xanalıq, udin) var ki, min illər ərzində Azərbaycanda yaşayaraq, adət və ənənələrini qoruyub saxlamış, dillərini və mədəniyyətlərini inkişaf etdirmişlər. Onlar öz etnopsixologiyasını, maddi-mənəvi mədəniyyətlərini, etnik ərazisinin müəyyən hissəsini mühafizə etmişlər.
Ölkəmizdə yaşayan talışlara gəlincə... Və yaxud da bəzi mətbu nəşrlərin Hilal Məmmədovun etnik kimlik nədəni ilə həbs olunması iddialarına cavab olaraq bildirmək yerinə düşər ki...
...Azərbaycan öz milli tərkibinə görə zəngindir. Ölkəmizdə əhalinin əsas hissəsinin təşkil edən azərbaycanlılarla yanaşı bir çox azsaylı xalq, milli azlıq və etnik qrupların nümayəndələri də yaşayır.
Talışlar Azərbaycan əlifbasından istifadə edirlər. Müxtəlif vaxtlarda talış dilində bır sıra kitablar, əlifba, dərsliklər və qəzet çap olunmuşdur. Talış dilinin ilk əlifbası latın qrafikası əsasında 1933-cü ildə Z.Əhmədzadə və M.Nasirli tərəfindən yazılmışdır. 30-cu illərin əvvəllərində ibtidai siniflərdə talış dilini tədris etmək cəhdi göstərildi və bir neçə dərslik yazıldı, Lənkəranda çıxan “Sıə Tolış” qəzetində Azərbaycan dilində məqalələrlə yanaşı, talış dilində yazılar da çap edildi. 1930-1937-ci illərin repressiyaları bütün bunlara son qoydu.
Azərbaycan müstəqillik qazandıqdan sonra talış dilində yenidən kitablar nəşr edilməyə başlandı. 1994-cü ildə N.X.Məmmədov və Ş.O.Ağayev tərəfindən talış dilində “Əlifba” dərsliklər nəşr olunurdu. Talış tərkibli bir sıra orta məktəblərin 1-ci siniflərdə talış dili həftədə iki saat tədris edilir. Azsaylı xalqların dillərinin tədrisinə kömək məqsədi ilə “Talış dilinin tədrisinə dair”, “Talışca-Azərbaycanca məktəbli lüğəti” nəşr olunub istifadəyə verilib.
1992-ci ildə “Tolışo sədo” qəzeti, sonrakı illərdə bir sıra şer kitabı, almanax nəşr edildi. Hazırda Azərbaycanda yaşayan azsaylı xalqların dillərindən biri kimi talış dili Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunda tədqiq edilir, onun öyrənilməsi dövlət planına salınıb.
1993-cü ildən Lənkəran Məktəbəqədər Pedaqoji və Astara Pedaqoji Texnikumlarında “İbtidai sinif müəllimi” ixtisasının tədris planında talış dili materiallarının öyrənilməsinə başlanılıb. Bu ixtisaslar üzrə tədris planları, fənn proqramları və digər tədris-normativ sənədlər hazırlanıb, təsdiq edilərək adı çəkilən tədris müəssisələrinin istifadəsinə verilib.
Lənkəran Dövlət Humanitar kollecində 2000 nəfər, Astara Pedaqoji Texnikumunda 1000-dən çox talış təhsil alır. Lənkəranın 63 ümumtəhsil məktəbinin aşağı siniflərində talış dili tədris olunur, dövlət tərəfindən şagirdlər üçün dərsliklərin hazırlanır və pulsuz paylanır.
Göründüyü kimi bu gün Azərbaycanda milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüququ ən yüksək səviyyədə qorunur. Düzdür, milli azlıqların dilinin, mədəniyyətinin, təhsilinin inkişafında müəyyən problemlər var. Lakin müstəqillik dövründə milli azlıqlar üçün görülən işlər mövcud olan problemləri də kölgədə qoyur. Milli çoxluğun da belə problemləri var. Azərbaycan gücləndikcə, şübhəsiz ki, bu məsələlər də öz həllini tapacaq.